-Ben burada hazina arıyorum. Bir azdan bulacağım. O hazineni dedem buraya koymuş. Ayağımı saxlayıb baxıram. Beş-altı yaşlı qəşəng bir uşaqdır. Dostu ilə bağçanın həyətində, qumun üzərində oynayırlar. -Adın nədir? - deyə soruşuram. -Orxan. -Bəs dostunun adı nədir? -Hikmet, - deyir. -Sən nə üçün Türkiyə türkcəsi ilə danışırsan, Azərbaycan dilində niyə danışmırsan? -Ben Türkiyeyi de, türkce konuşmayı da seviyorum,- deyir. - Sən ananı sevirsənmi? -Evet, - deyir. -Bəs Hikmətin anasını necə, sevirsənmi? Təəccüblə üzümə baxır. Nə hə, nə də yox deyir. -Bax sənin anan sənin doğma dilin - Azərbaycan dilidir. Hikmətin anası isə Türkiyə türkcəsidir. Dostunun anasını sevirsənsə, sev, olar. Ancaq öz doğma ananı daha çox, lap çox sevməlisən, deyilmi? Əgər sən başqa dili doğma dilindən çox sevirsənsə, bu, o deməkdir ki, Hikmətin anasını öz anandan çox istəyirsən. Belə olarmı? Dostunun anası sənin anandan əzizdirmi? - deyə soruşuram… Gah dostuna, gah mənə baxır. Dinmir. Onun saf, uşaq gözlərindəki ifadəni tutmağa çalışır, sözlərimin necə təsir etdiyini bilmək istəyirəm. Bu kiçik vətəndaşımız böyüyüb azərbaycanlı olmalıdır axı. O, indidən başqa dilə belə meyl edirsə, ondan əsl azərbaycanlı olmağı gözləmək çətindir. On-on beş ilin söhbətidir. ANS televiziyasına dəvət almışdım. Hörmətli alimimiz Firudin Cəlilov, Yunis Oğuz, Əkrəm Əylili və BDU-nin bir qrup tələbəsi ilə dilin saflaşdırılıması və varvarizmlərə qarşı mübarizə formalarından danışrdıq. Orada Ə.Əylisli: -Heç kimi məcbur eləmək olmaz ki, başqa dildəki sözləri (varvarizmləri) danışığında işlətməsin. O sözlər işlənəcək. Bunun qarşısını almaq çətindir və mümkün də deyil. Bu fikrə qarşı orada bildirdik ki, ölünü də özbaşına qoymurlar ki, kəfəni yırtıb çıxmasın. Okean okeandır, o da hədsiz çirklənəndə özünü təmizləmə qüdrətini itirir. Ə.Əylisli, bəlkə də, millətin ümumi psixologiyasını nəzədə tutub belə deyirdi. Həqiqətən, bu, bizdə o qədər əcaib haldır ki, səbəbini tam açıqlamaq çətindir. Uzun əsrlər boyu fars-ərəb istilasından bizə külli miqdarda sözlər yadigar qaldı. Ruslardan da məlum səbəblərə görə rus sözləri. Bəs indi bu ingilisə nə gəldi ki, okeanın o tayından bəri bağrımıza basıb onların dilini əzizləyir, özümüzün gül kimi, hamıdan gözəl, saf, bəlağətli, incə, dünya gözəli sözlərimiz qalıb bir kənarda? Bəlkə, idarə və müəssisələrdə ingils dilini bilənləri işə götürmkdə ütünlük verildiyi üçün belədir? Doğma dili danışanı hələ heç kim nə öldürüb, nə də tənə edib və yaxud da suçlayıb. Axı insan nə qədər satqın və nankor olar ki, öz dilini yadlara satsın? Bu, doğma ananı satmaq qədər nankorluqdur, şərəfsizlikdir: - Sən gələn yollara qurban olum. Anan başına dönsün, bala. Ürəyim sənə qurban, yaxşısanmı? Allah səni dost-düşmən qarşısında xəcalətli eləməsin. Ev-eşiyimin yaraşığı balam… Bayy, qadan alım, əziyyət çəkmə sən… Sənə gələn qada-bala canıma gəlsin, bala… Səni verən Allaha qurban olum… Anan çiynində getsin qəbiristanlığa, balam… Bu sözləri hansı dilə çevirib bir azərbaycanlıya deyə bilərsən? Heç bir başqa dildə deyilən söz sənin qəlbinin ən incə tellərini bu qədər titrədə bilməz. Soyuqdur, küləkdir, ay oğul balam. Vaxtında çayın iç, ye yeməyini. Məndən uzaqdasan, bilməm, necəsən Üşüsən, əyninə gey ürəyimi. Ürəyimizə, qəlbimizə yaxın, doğma olanın qədrini bilməliyik. Onu qorumalıyıq, yadı yox. Ağzında yad deyirsən. Dodaq da dodağa dəymir. Orta məktəbdə bizim bir ənənəmiz vardı. “Təmiz danışanlar hərəkatı” adlandırmışdq. Şagirdlər bir-birinin danışığında varvarizm tutsaydılar, dərhal yerindəcə islah edir, qarşı tərəfi o sözün doğma dildə qarışığını deməyə məcbur edirdilər. Hər kəsin ayrıca varvarizm dəftəri vardı. Rast gəldikcə dilimzdə kütləvi şəkildə işlənən rus və ingilis sözlərinin siyahısını çıxarırdılar. Bu ənənəni canlandırıb bütün orta məktəblərdə tətbiq etməklə dilə sevgi və məhəbbbəti alovlandırmaq, varvarizmlərdən qorumaq olar. Bu mövzunu da televiziya verilişlərinin birinə çıxarmışdıq. İndi Bakı şəhərinin ingilis sözləri tərəfindən işğalına qarşı geniş bir hərəkatın yüksək səviyyədə başlaması böyük ümidlər doğurur. Hörmətli Vasif Sadıqlının başçılığı ilə FADMM qrupunun üzvləri gecə-güdüz bilmədən çalışır, yüksək instansiyalara məktublar ünvanlayır, imza kampaniyasını genişləndirirlər. İmzalara baxanda aydın olur ki, bu məsələ ölkənin ən nüfuzlu və tanınmış alimlərini, ziyalılarını, yazıçı və şairlərini, sıravi vətəndaşlarını narahat edir, düşündürür. Bütün xalqın narazı olduğu bir nöqsanlı işi hansı üzlə davam etdirəcəklər o müəssisə rəhbərləri? Bu işdə kəskin mühafizəkar mövqe tutmağın vaxtı çoxdan çatıb. Ümid edirik ki, nəticə gözlədiyimiz kimi olacaq. Doğma paytaxtımıza gəzməyə çıxanda gözümiz öz sözlərimizə sataşsın, gözümüz, könlümüz sevinsin. İnşallah. 20 iyun 2020.
© 2020 - Created by İLK XEBER.