“Şərq Tərəfdaşlığı” sammiti Ermənistan rəhbərinin növbəti fiaskosu ilə yadda qaldı; “bataqlıq effekti” yaşayan erməni baş nazir “tərpəndikcə”, danışdıqca özü ilə bərabər işğalçı ölkəni də dərinə aparır...
İyunun 18-də Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrinin video-konfrans formatında sammiti keçirilib. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev də iştirak və çıxış edib. Dövlət başçısı bu çıxışda 30 ildir həll olunmamış qalan Qarabağ konflikti ilə bağlı Azərbaycanın beynəlxalq hüquqa söykənən prinsipial mövqeyini növbəti dəfə bəyan edib, rəsmi İrəvanın problemin ədalətli həllini əngəlləyən təxribatçı və destruktiv siyasətini faş edib, bir daha Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirib.
İlham Əliyev bu xüsusda deyib:
“Azərbaycan ”Şərq Tərəfdaşlığı"nın fəal tərəfdaş ölkəsidir. Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Bizim Avropa İttifaqının bir çox üzv ölkəsi ilə sıx əməkdaşlığımız mövcuddur. Azərbaycan təşkilatın 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Biz Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların yekun mərhələsindəyik. Mətnin 90 faizi artıq razılaşdırılıb. İki il bundan əvvəl Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq Prioritetləri” sənədi paraflanıb ki, burada hər iki tərəfin müstəqillik, suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə sadiqliyi vurğulanır. Ermənistan və Azərbaycan arasında olan münaqişə eyni prinsiplər əsasında həll edilməlidir. Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin işğalını davam etdirir. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu 30 ilə yaxındır ki, Ermənistanın işğalı altındadır. Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş bütün ərazilərindən qeyd-şərtsiz və tam çıxarılmasını tələb edir. Ermənistan bu qətnamələrə, habelə ATƏT, Qoşulmama Hərəkatı, NATO, Avropa Parlamenti və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş müvafiq sənədlərə əməl etmək əvəzinə, işğal olunmuş ərazilərdə qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirir. Danışıqların mahiyyət və formatını məhv etməyə çalışan Ermənistanın baş nazirinin dediyinin əksi olaraq, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ Azərbaycandır və bütün dünya bunu belə tanıyır. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır".
*****
Azərbaycan prezidentinin real faktlara söykənən çıxışı zamanı Ermənistanın baş naziri Nikol Paşinyan replika atıb: “Üzr istəyirəm, müdaxilə etməliyəm. Bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsi qərar verib ki, Azərbaycan öz ərazisində ermənilərə qarşı irqçı siyasət həyata keçirib. Ermənini yatarkən balta ilə qətlə yetirmiş və Avropa İttifaqına üzv dövlətin məhkəməsi tərəfindən ömürlük həbs cəzasına məhkum edilmiş Azərbaycan vətəndaşı həmin ölkədən ekstradisiya ediləndən sonra cənab Əliyev tərəfindən əfv olunub. Bu şəxs Azərbaycanda hər kəs tərəfindən qəhrəman kimi vəsf edilir. Dağlıq Qarabağ erməniləri balta ilə qətlə yetirilməmək üçün özünümüdafiə hüququna malikdir. Mən üzr istəyirəm, ancaq hesab edirəm ki, ”Şərq Tərəfdaşlığı" platforması zorakılığa təhrik etmək üçün deyildir. Burada tərəfdaşlıq təşviq edilməlidir. Mən Azərbaycan prezidentini təklif etdiyim konstruktiv məcraya və formula qayıtmağı dəvət edirəm ki, bu formula əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqları üçün məqbul olmalıdır".
Azərbaycan prezidenti isə bu replikadan sonra yenidən söz alaraq deyib: “Çıxışımda dediklərim beynəlxalq təşkilatların qətnamələrinə əsaslanan tarixi həqiqətdir. Birincisi, bu, hər kəsə bəlli olan bir faktdır ki, Ermənistan Azərbaycanın ərazisini işğal edib. İkincisi isə Ermənistanın baş nazirinə irqçilik haqqında danışmağı məsləhət görməzdim, çünki erməni terrorçuları dünyaca məşhurdurlar. Parisin Orli hava limanında terror hadisəsi törədən Karapetyan soyadlı şəxs sonradan Ermənistana ekstradisiya edilib və Ermənistan prezidenti tərəfindən əfv olunub. Məhz buna görə belə məsələlər ətrafında müzakirə gedəndə ona sakit oturmağı tövsiyə edərdim. Burada çıxışımı yekunlaşdırıram”.
*****
Məlumat üçün bildirək ki, dövlət başçısının haqqında danışdığı terror hadisəsi 1983-cü il iyulun 15-də Parisin Orli hava limanında baş verib. O zaman ASALA terror təşkilatının üzvü Varujan Karapetyanın başçılığı altında həyata keçirilən, “Türk Hava Yolları”nın kassası qarşısında törədilən qanlı terror aktında həlak olan 8 nəfərdən 2-si Türkiyə, 4-ü Fransa, 1-i ABŞ, 1-i isə İsveç vətəndaşı olub. Terror zamanı 55 nəfər yaralanıb. Karapetyan istintaqa ifadəsində hadisəni törətdiyini boynuna alaraq əslində əsas məqsədin bombanı təyyarənin içində partlatmaq olduğunu deyib. Törətdiyi cinayətə görə Fransa məhkəməsi onu ömürlük həbs etsə də, 2001-ci ildə Karapetyan Ermənistana ekstradisiya olunur. Burada qəhrəman kimi qarşılanan terrorçu Ermənistanın ovaxtkı baş naziri Andranik Marqaryan tərəfindən qəbul edilir, mənzil və işlə təmin olunur. Bu, sözsüz ki, Ermənistanda terrorçuluğun dövlət səviyyəsində dəstəkləndiyini göstərən çoxsaylı faktlardan yalnız biridir.
Hələ harasıdır, son illər işğalçı ölkədə Qaregin Njde kimi insanlıq əleyhinə cinayət törətmiş faşist əlaltıları, Vermaxtla əməkdaşlıq eləmiş ermənilər də qəhrəmanlaşdırılıb. Yada salaq: Njdeyə İrəvanın mərkəzində 6 metrlik abidə eks-prezident Serj Sərkisyanın hakimiyyəti dövründə qoyulub. Üstəlik, Sərkisyanın rəhbəri olduğu Respublikaçılar Partiyasının bayrağındakı simvol bütünlüklü faşist svastikasının oxşarıdır. Bu barədə “Yeni Müsavat” olaraq, zaman-zaman yazmışıq. Ən maraqlısı odur ki, Sərkisyan rejimi Nikol Paşinyanın başçılığı ilə kütləvi etirazlar nəticəsində devrilsə də, Paşinyan Sərkisyana qarşı nifrət püskürsə də, nədənsə Sərkisyan kimi o da Njdeyə sevgi bəsləyir. Hətta beynəlxalq tribunalarda etdiyi çıxışlarda o, dəfələrlə bu faşist təfəkkürlü qulduru müdafiə eləməyə, “Sonuncu türk kar, kor, lal da olsa, öldürülməlidir” deyən Türk düşmənini və irqçini erməni milli qəhrəmanı kimi təmizə çıxarmağa çalışıb. Ancaq yenə məhz ilk növbədə Azərbaycan prezidentinin tutarlı, darmadağın xarakterli kontur-çıxışı və əks-arqumentləri ilə üzləşərək, uğursuz duruma düşüb, özünü rüsvay edib.
*****
Paşinyanın “Qarabağ münaqişəsinin həlli Dağlıq Qarabağ, Ermənistan və Azərbaycan xalqları üçün məqbul olmalıdır” kimi tez-tez təkrarladığı ucuz və absurd tezisə gəlincə, bunun cavabı da dəfələrlə verilib. Aydındır ki, Erməni baş nazir “Dağlıq Qarabağ xalqı” adlı uydurma ifadəni ortaya atmaqla ən əvvəl işğal altındakı ərazidə yaradılan oyuncaq rejimi münaqişənin müstəqil tərəfi kimi danışıqlara qoşmaq və bununla da Ermənistan üzərindən işğalçı yarlığını götürmək niyyəti güdür. Lakin nəinki Azərbaycan, elə beynəlxalq birlik də belə səyləri heç vaxt ciddiyə almayıb və almayacaq; “Dağlıq Qarabağ xalqı” anlayışını qəbul etməyib və etməyəcək. Buna daha bir tutarlı sübut kimi bu ilin mart-aprelində işğal altındakı Dağlıq Qarabağda “prezident seçkisi” adı altında təşkil edilən şouya verilən beynəlxalq reaksiyanı göstərmək olar. ATƏT-in Minsk Qrupunun həmsədrləri (ABŞ, Rusiya, Fransa), Avropa Parlamenti (Avropa Birliyi), Qoşulmamaq Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, NATO, TürkPA dövlətləri, ayrı-ayrı ölkələr, o cümlədən qonşu Türkiyə, İran, Gürcüstan, Pakistan, Ukrayna və başqaları üzdəniraq “seçkiləri” birmənalı şəkildə pisləyərək, konfliktin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə ediblər. Bu, sözün əsl mənasında İrəvana vurulan “şillələr” idi.
Nəhayət, son olaraq, ötən həftə Avropa Parlamentində Dağlıq Qarabağla bağlı mühüm bir ilkə - birgə sənədə imza atıldı. Qurumun Azərbaycan üzrə məruzəçisi, Ermənistan üzrə məruzəçisi, həmçinin Azərbaycan, Gürcüstan və Ermənistan üzrə Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Ermənistan və işğal altındakı Dağlıq Qarabağı birləşdirəcək yeni magistral yolun tikintisi ilə bağlı birgə etiraz bəyanatı yayaraq, Qarabağ konfliktinin ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinə çağırış etdilər, işğalçı ölkənin bu addımı beynəlxalq hüquqa zidd əməl kimi qiymətləndirərək, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonun işğalını pislədilər.
*****
Bunu da qeyd eləmək yerinə düşər ki, əgər N.Paşinyan sammitdəki çıxışında koronavirusla mübarizə üçün təcili ehtiyacların ödənilməsi və pandemiyanın Ermənistana təsirinin azaldılması məqsədilə Avropa İttifaqından 92 milyon avro həcmində yardım aldıqlarını bildirdisə, İlham Əliyev çıxışında dedi ki, ölkəmiz pandemiya ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar könüllü yardım ayırıb. Eyni zamanda, 29 dövlətə humanitar yardım göstərib və bu yöndə humanitar fəaliyyət davam edir.
Bu, hərbi sfera və silahlanma daxil olmaqla, Azərbaycanla Ermənistan arasında bütün sahələrdə, o cümlədən sosial-iqtisadi sahədə dərin uçurumun mövcudluğunu əyani nümayiş etdirən sanballı faktlardır. Təsadüfi deyil ki, ÜST Azərbaycanı koronavirusla mübarizədə nümunə ölkə adlandırır, Azərbaycanın digər ölkələrə yardımını təqdir edir, Ermənistan isə virusla mübarizə üçün sadəcə, pul dilənir.
Sadalananlar bir daha Paşinyanın beynəlxalq səviyyəli bir tədbirdə Azərbaycan prezidentinin tarixi həqiqətlərə əsaslanan tutarlı faktları qarşısında növbəti dəfə mat vəziyyətə düşdüyünü və özünü biabır etdiyini təsdiqləyir. Odur ki, belə məsələlərdə düşmən ölkənin rəsmiləri gerçəkdən də, susub sakitcə öz yerlərində otursalar yaxşıdır. Çünki danışdıqca “bataqlıq effekti” üzrə daha dərinə gedir, özlərini bir az da rüsvay edirlər - işğalçı ölkələri ilə birgə...
Analitik xidmət,