Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “Azərbaycan Resupblikasının 2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. “Report” xəbər verir ki, qanun layihəsi barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verib. 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 23 mlrd 168 mln manat proqnoza qarşı 24 mlrd 218,1 mln manat təşkil edib, 104,5 faiz icra edilib. Proqnozla müqayisədə 1 mlrd 050,1 mln manat və ya 4,5 faiz, 2018-ci illə müqayisədə isə 1 mlrd 709,2 mln manat və ya 7,6 faiz çox icra təmin olunub. Büdcənin gəlirlərinin 7 mlrd 672,3 mln manatı və 31,7 faizi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, 4 mlrd 408,6 mln manatı və ya 18,2 faizi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 11 mlrd 364,3 mln manatı və ya 46,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 772,9 mln manatı və ya 3,2 faizi digər gəlirlərin (578,9 mln manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 182,6 mln manatı sair daxilolmalardan, 11,4 mln manatı dövlət əmlakının, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin altındakı torpaqların icarəyə verilməsindən daxilolmalardan) payına düşür. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan 2019-cu ildə dövlət büdcəsinin gəlirləri 12 mlrd 853,8 mln manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1 mlrd 303,9 mln manat və ya 11,3 faiz çoxdur. 2019-cu il dövlət büdcəsinin xərcləri isə 25 mlrd 190 mln manat proqnoza qarşı 24 mlrd 425,9 mln manat və ya 97 faiz icra edilib. 2018-ci ilə nisbətən bu göstərici 1 mlrd 694,3 mln manat və ya 7,5 faiz çoxdur. 2019-cu il dövlət büdcəsi xərclərinin 13 mlrd 528,9 mln manatı və ya 55,4 faizi cari xərclərə (2018-ci illə müqayisədə 1 mldr 974,5 mln manat və ya 17,1 faiz çox), 9 mlrd 372,2 mln manatı və ya 38,4 faizi əsaslı xərclərə (2018-ci illə müqayisədə 430,6 mln manat və ya 4,8 faiz çox), 1 mlrd 524,8 mln manatı və ya 6,2 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib. 2019-cu ildə elm xərclərinə dövlət büdcəsi xərclərinin 0,5 faizi həcmində və ya 122,3 mln manat vəsait yönəldilib ki, bu 2018-ci illə müqayisədə 4,5 mln manat və 3,8 faiz çoxdur. Təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 10,2 faizi həcmində və ya 2 mlrd 489,8 mln manat vəsait yönəlib ki, bu 2018-ci illə müqayisədə 272,9 mln manat və ya 12,3 faiz çoxdur. Səhiyyə xərclərinə dövlət büdcəsi xərclərinin 3,9 faizi həcmində və ya 948,2 mln manat vəsait yönəldilib, bu da 2018-ci illə müqayisədə 71,9 mln manat və ya 8,2 faiz çoxdur. Hesabat ilində sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 9,8 faizi həcmində və ya 2 mlrd 401 mln manat vəsait yönəldilib ki, bu da 2018-ci illə müqayisədə 60,1 mln manat və ya 2,6 faiz çoxdur. Sosial müdafiə və sosial təminat xərcləri üzrə istifadə olunmuş vəsaitin 2 mlrd 243,1 mln manatı və ya 98,3 faizi sosial müdafiə (2018-ci illə müqayisədə 123,5 mln manat və ya 5,8 faiz çox), 38 mln manatı və ya 1,7 faizi sosial təminat (2018-ci illə müqayisədə 6,8 mln manat və ya 21,9 faiz çox) xərclərinə yönəldilib. Müzakirələrdən sonra qanun layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
© 2020 - Created by İLK XEBER.