Vasif SADIQLI: "Bakıda bu Qanunun icrasına nəzarət etməli olan müvafiq icra hakimiyyəti orqanı Bakı Şəhər İcra Hakimiyyətidir"

Arasında millət vəkili, akademik, 30 professor olmaqla 100-dən çox alim, eləcə də yazıçı, müəllim Bakının əcnəbi dillərin “işğalından” azad edilməsini istəyir. Bu məqsədlə onlar öncə Dövlət Dil Komissiyasının sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar Rzayevə, daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova müraciət ediblər. Müraciətdə radio və televiziya kanallarında, mətbu nəşrlərdə, sosial şəbəkələrdə, həmçinin reklam vasitələrində ədəbi dil normalarının kobud şəkildə pozulması, dilimizin fonetik, leksik və qrammatik normalarına lazımınca əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi hallarından narahatlıq ifadə olunur. Teleqraf.com müraciət təşəbbüskarlarından biri "Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi" İctimai Birliyinin sədri Vasif Sadıqlı ilə müsahibəni təqdim edir. - Vasif müəllim, məlum müraciətin əsas təşəbbüskarlardan birisiz. Sizcə, bu müraciətlərin müsbət nəticəsi olacaqmı? - Nəticə barədə bir söz deyə bilmərəm. Nəticə onların məsələyə konkret münasibətindən asılı olacaq. Qanunvericiliyə görə, vəziyyət bu həddə gəlib çıxmamalı idi. Onlar vəzifə borcunu yerinə yetirməlidirlər. Bizim yazıçı Anar müəllimə müraciətimizə fərqli yanaşanlar oldu ki, o, sadəcə yazıçıdır, nəyə görə ona müraciət olunub. Amma Anar müəllim həm də Dövlət Dil Komissiyasının sədr müavinidir. Dövlət başçısı, Birinci vitse-prezident birbaşa ədəbi dil məsələləri ilə məşğul olmamlıdır, onların daha vacib işləri var. Anar müəllim bu məsələyə münasibət bildirməli idi, təəssüf ki, bildirmədi. Biz həmçinin Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevaya da öz analoji müraciətimizi etmişik ki, öz imkanlarından istifadə etsin, Azərbaycanda “Dövlət dili haqqında” qanun kobud şəkildə pozulur. Hələ 2001-ci ildə Prezidentin verdiyi fərmanda deyilir ki, Azərbaycan dilinin reklam işində və xidmət sahələrində istifadəsində kobud pozuntular var. Orada deyilir ki, şəhər və qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr gənc nəslin Azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi, psixoloji təsir göstərir. Bu, 19 il əvvəlki Prezident fərmanıdır. Müvafiq strukturlara tapşırılıb ki, “Dövlət dili haqqında” qanuna əməl olunmasına nəzarət etsinlər. Qanunvericiliyə görə, buna nəzarət edən müvafiq struktur məhz Bakı Şəhər İcra Hakimiyyətidir. Biz onlardan qanuna əməl etməsini gözləyirik. - İcra başçısından əvvəl AYB sədri Anara da müraciət etmişdiniz. Sonra Anar "Ədəbiyyat qəzeti"ndə sizə cavab yazmışdı. Bu cavab sizi qane etdimi? - Hörmətli Anar müəllim məktuba cavab verməyib. Biz əslində, çox şey soruşmuşuq. Deyirik ki, Anar müəllim, Dövlət Dil Komissiyasının sonuncu iclası nə vaxt olub, orada hansı məsələlərə baxılıb? Bu sualı təsadüfi verməmişik. İki ildir axtarırıq, nə Dövlət Dil Komissiyasının əlaqə vasitələrini, nə ünvanını tapa bilirik, nə də hansısa iclası, tədbiri haqqında bir məlumata rast gəlmişik. Azərbaycan qanunvericiliyə əsasən, orfoqrafiya lüğətləri 5 ildən bir yenidən çap olunmalıdır. Amma ölkədə 2004-cü ildən sonra növbəti orfoqrafiya lüğəti 2012-ci ildə, yəni 8 il sonra çap olunub. 3 il ərzində çap olunmamasına cavabdeh birbaşa Dövlət Dil Komissiyasıdır və orada 18 illə yaxındır müavin işləyən Anar müəllimdir. Bu, Dövlət Dil Komissiyasının yarıtmaz işini göstərən sübutlardan biridir. 2012-ci ildə çap olunan orfoqrafiya lüğəti ciddi nöqsanlara görə ləğv edildi və satışdan yığışdırılması haqqında Prezident Administrasiyasının qərarı oldu. 2013-cü ildə yenisi çap olundu, yenə də həmin orfoqrafiya lüğəti Nazirlər Kabineti tərəfindən təsdiq olunmadı. Çünki ora 40 minə yaxın qondarma söz daxil edilmişdi. Artıq 16 ildir Azərbaycanda orfoqrafiya lüğəti çap olunmur. Bu, birbaşa Dövlət Dil Komissiyasının işi ilə əlaqədardır. Çünki həmin orfoqrafiya lüğətinin üzərində əvvəlcə Dövlət Dil Komissiyasının, sonra isə Dilçilik İnstitutunun adı yazılır. - Ziyalıların görmək istədikləri nədir? - Dil təzahürünün iştirak etdiyi hər bir şey Yazıçılar Birliyini və yazıçıları maraqlandırmalıdır. Anar müəllim də bu strukturun başçısıdır. Görmək istəyərdik ki, "Ədəbiyyat qəzeti"ndə orfoqrafiyaya yanlış müdaxilələrin olmasından yazsınlar. Amma heç vaxt münasibət bildirilməyib. Hətta 2018-ci ildə qoşa “y” samiti ilə bağlı geniş müzakirələr oldu, 60-dan çox ziyalı Prezidentə müraciət etdi. Ümumiyyətlə, Yazıçılar Birliyi də, yazıçılar da susdu. Bu cür müdaxilə olacaqmı, yüzlərlə söz dəyişiləcəkmi və ya dəyişilməyəcəkmi, sanki onlara üçün fərqi yoxdur. Biz Yazıçılar Birliyinin sədri, eyni zamanda Dövlət Dil Komissiyasının sədr müavini kimi Anar müəllimdən umurduq. Bu bizim haqqımız idi. Umduq və küsdük... - Sizin Anar müəllimə məktubunuzda ironik çalar var. Bir şəxsə rəsmi müraciətdə nədən ironiya, ikibaşlı atmaca olsun? - Burada iki məktub var. Biri şəxsi köşə yazımdır. Bəli, burada ironik münasibət var. Köşə yazısı mənim hüququmdur, gözümün qarşısında Azərbaycan dilini məhv edirlər. Televiziyaların, dublyajların dilinə baxsınlar, Bakı küçələrinə çıxsınlar. Xəbərləri yoxdurmu?! Ötən il ticarət küçəsində monitorinq keçirdik, 82 obyektdən 65-də Azərbaycan dilindən istifadə olunmurdu. Bu, Azərbaycanın mədəniyyətinə də, “Dövlət dili haqqında” qanununa da hörmətsizlikdir. Hörmətli Anar müəllim burada “qeyri-etik” sözü işlədir. Nədir burda qeyri-etik olan? Akademik Kamal Abdulla "Ədəbiyyat qəzeti"ndə Füzulinin yaradıcılığına sanki yeni bir baxış kimi yazı yazmışdı. Akademiki maraqlandıran bu idi: “Görəsən Füzuli də cavan vaxtı başqalarının arvadına baxanda ağzının suyunu axıdıbmı?” Mən sadəcə ifadəni verib deyirəm ki, bu, yazıçı üçün yaraşmayan bir şeydir. Anar müəllim də deyir ki, bu, qeyri-etikdir. Bunu "Ədəbiyyat qəzeti"ndə yazan adam üçün niyə qeyri-etik olmur? Bir akademiki, Xalq yazıçısını bumu düşündürməlidir? Xalq şairi Nəriman Həsənzadə Azərbaycan dilinin ədəbi vəziyyəti barədə bir kəlmə demir, amma “Formula-1” yarışları Azərbaycan dövlətçilyinin təntənəsidir deyir. Mən bunu demişəm və burada heç bir qeyri-etiklik yoxdur. İrad bildirmişəm ki, nəyə görə lüğətlər üzrə işlərə nəzarət edən müvafiq icra hakimiyyəti orqanının, yəni Nazirlər Kabinetinin sədr müavini hörmətli Elçin Əfəndiyev bu məsələyə münasibət bildirməyib? Bütün iradlarım haqlıdır, özümü haqsız hesab etmirəm. 2018-ci ildə müraciət etmişdim, orada heç bir ironiyadan söhbət getmirdi. XVII əsirdən sonra Fransada orfoqrafiya dəyişikliyi olmayıb. Azərbaycanda gecə yatıb səhər durursan ki, sözü dəyişiblər. XXI əsirdə “əskinas” sözünün yazılışı 3 dəfə dəyişilib, onlarla belə söz göstərmək olar. Yeni sözlər Azərbaycan dilinə daxil olanda qrafik adaptasiya keçməlidir, daha sonra orfoqrafiya lüğətinə daxil olunmalıdır. Amma bununla məşğul olmurlar. Azərbaycanda oturaqlaşmış köhnə sözləri dəyişməklə iş görüntüsü yaradırlar. Hesab edirəm ki, Dövlət Dil Komissiyası bunlara icazə verməməlidir. İşçilərimizdən biri bir nüansa diqqət çəkmişdi. Sovet dövründə Bakıda xarici ölkələrdən bəhs edən filmlər çəkilirdi. Onlar filmi çəkəndə küçələrdəki lövhələri götürürdülər. Çünki onda lövhələrin əksəriyyəti Azərbaycan dilində idi. Xarici ölkələrə aid lövhələr qoyub filmi çəkirdilər. Amma indi gəlib Azərbaycanda xarici ölkə həyatından film çəkmək istəsələr lövhələri dəyişmək lazım olmayacaq, onsuz da hamısı xarici dillərdədir. Əgər indi Azərbaycana aid film çəksələr, gərək o lövhələri götürüb əvəzinə azərbaycanca lövhələr qoysunlar. - Dilimizin əsas problem küçələrdəki pozuntularla bağlıdırmı? Daha hansı nöqsanlar var? - Yox, çoxdur. Biz ən çox qabarıq olandan başlamışıq. “Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzi” İctimai Birliyi 3 aya yaxın müddətdə müxtəlif saytlarda 40-a yaxın məqalə dərc etdirib, burada televiziyalar, sosial şəbəkələr əhatə olunub. Bundan əlavə, mahnıların dili araşdırılıb, ayrı-ayrı dərsliklərin və bədii əsərlərin dili üzrə araşdırma materiallar hazırlanıb. Dil təzahürünün iştirak etdiyi bir çox sahələrdə nöqsanlar var. Növbəti addımlardan biri də Milli Teleradio Şurasına müraciət etməkdir. Çünki televiziyaların ədəbi dilin normalarının pozulmasında “xidmət”ləri çoxdur. Dəfələrlə vurğulamışıq ki, birbaşa və dolayısı “xidmət” var. Birbaşa “xidmət” ondan ibarətdir ki, aparıcıların və diktorların dilində çox ciddi orfoepiya nöqsanları var. Varvarizmlər, dialektizmlərdən istifadə olunur. Digər bir məsələ isə, televiziya verilişlərini keyfiyyəti ilə bağlıdır. Bayağılıq çox yüksək səviyyədə olanda vətəndaşlar ona baxmağa dözə bilmirlər, çünki onların ədəbi dilinə qarşı işgəncə var, düzgün istifadə olunmur. Bu zaman yerli tamaşaçı başqa xalqların televiziyasına baxmağa başlayır. Nəhayət, Azərbaycan mədəniyyətindən də uzaqlaşır, digər dillərin də leksik, sintaktik təsiri altına düşürlər. Yəni yaxşı tamaşaçıları uzaqlaşdırmaqla bayağılığa şərait yaratmış olurlar. Bu verilişlərə uşaqlar da baxır və öyrənirlər. Bu da onların orfoqrafik yaddaşına da, danışığına da keçir. Elə bilirlər ki, bu, normaldır. Kumir kimi hesab etdikləri adamlar (əsasən də müğənnilər) efirdən “papa”, “mama”, “uje” kimi sözlər deyir, uşaqlar da elə bilir ki, belə danışmaq lazımdır. Televiziyalar bu sahədə nəzarət olunmadığı çox qabarıq şəkildə görünür və bu, cəmiyyəti də narahat edir. - Dilin qorunmaması hansı təhlükələrə yol açır? - Bu, sadəcə dil məsələsi deyil, bu, Azərbaycan üçün həm də bir mədəni təhdiddir. Dil ekspansiyasının arxasında həmişə bir mədəni ekspansiya marağı da olur. Bu ekspansiya isə nəticədə vətəndaşın öz dövləti ilə identifləşmə mexanizmlərini zəiflədir, natamamlıq kompleksi yaradır. Hətta çox maraqlıdır ki, Bakının küçələrində ticarət və ictimai iaşə obyektlərinin qarşısına vurulan lövhələrdə xarici brendlərə məxsus olanlar son dərəcə yüksək keyfiyyətli və zövqlüdür. Amma Azərbaycana məxsus olanlar isə çox aşağı keyfiyyətli və ədəbi dilin normalarının son dərəcə pozulması ilə yadda qalır. Bəzən dövlət strukturlarının adlarında belə, ədəbi dilin normaları pozulur. "28 May" metrosu ərazisində monitorinq keçirəndə orada eyni sözün üç cür yazılışına rast gəldik. Dəmiryol Vağzalı - bitişik, Dəmir Yolu Xəstəxanası - ayrı, Dəmir Yol Muzeyi - ayrı yazılıb. Biz bu qurumlarla əlaqə yaratmaq istədik. Dəmir Yolu Xəstəxanasından bildirildi ki, MMC kimi Vergilər Nazirliyindən o cür qeydiyyata alınıblar. Belə bəlli olur ki, Dəmir Yol Muzeyi də Mədəniyyət Nazirliyində ayrı yazılmış formada qeydiyyata alınıb. Əslində "dəmiryol" bitişik yazılır, sonunda “u” hərifi olmur. Orfoqrafik anarxiya var, biz əslində, buna etiraz edirik. Cəmiyyətdə məyusluq yaranır ki, onun dilinin qayda-qanunu yoxdurmu?! Buna nəzarət edən strukturların dilə bu qədər biganəliyi insanın dövlətinə, hökumətinə qarşı olan etimadını da zəiflədir. - Müraciətə imza atmaqdan imtina edənlər olubmu? - Ümid etdiyimiz adamlardan bir neçəsi imtina etdi, gözləmədiyimiz nüfuzlu şəxslərdən dəstək gördük. Biz imza sayını 500-ə çatdırmaq istəyirdik. Artıq 900-ə yaxın imza toplamışıq. Bunların sırasında 30-dan artıq professor, xarici ölkələrdə yaşayan ziyalılar, rəssamlar, teatrın bədii rəhbəri, bir akademik, millət vəkili, rejissorlar, yazıçılar, Yazıçılar Birliyinin üzvləri var. Gözlədiyimizdən qat-qat artıq maraq doğurdu. Hər kəsə təşəkkür edirəm. - Daha kimlərə müraciət nəzərdə tutulur? - Dildən düzgünü istifadə olunmasına nəzarət funksiyası olan hər kəsə müraciət edəcəyik. Biz Milli Məclisə müraciət etmişik. Qanunvericiliyə sasən, Bakı küçələrinin ədəbi dil mənzərəsinə nəzarət etməyə məsul müvafiq icra hakimiyyəti orqanı Bakı Şəhər İcra Hakimiyyətidir. Eləcə də məhz buna görə BŞİH başçısı Dövlət Dil Komissiyasının üzvü olmalıdır. Dil Komissiyasının qərarı açıqlanmadığına görə bilmirik ki, Hacıbala Abutalıbov vəzifədən azad olunandan sonra Dövlət Dil Komissiyasının tərkibinə yenidən baxılıbmı. Növbəti addım kimi Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdir Fərəh Əliyevaya müraciət etməyi düşünürük. Güman edirik ki, növbəti bir instansiyanın aşılmasına ehtiyac qalmayacaq.
Müəllif: Yeganə Oqtayqızı