Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) açıqladığı yeni qaydalara əsasən, qəzet redaksiyalarına maliyyə yardımı göstərilməsi üçün müsabiqə elan olunan günədək son 1 il ərzində müntəzəm nəşr olunan, 2000 nüsxəlik birdəfəlik tirajı və 1500 nüsxəlik abunə və satışı olan qəzetlər müsabiqədə iştirak edə bilərlər.
Bu barədə Modern.az-a KİVDF-nin mətbuat katibi İlkin Nadirov məlumat verib. O qeyd edib ki, qəzetlərin birdəfəlik tirajı və yayımına (abunə və satışına) dair tələblər avqust ayı ərzində 50 (əlli) faizədək azaldıla bilər:
“Müsabiqədə iştirak edərək qalib elan edilən gündəlik (həftədə azı beş dəfə) çap olunan qəzetlərin hər birinə aylıq 20 000 (iyirmi min) manat, günaşırı (həftədə azı üç dəfə) çap olunan qəzetlərin hər birinə aylıq 10 000 (on min) manat, həftəlik (həftədə azı bir dəfə) çap olunan qəzetlərin hər birinə isə 5 000 (beş min) manat məbləğində maliyyə yardımının göstərilməsi nəzərdə tutulub.
Təsdiq edilmiş qaydalara əsasən, həftədə azı beş dəfə çap olunan qəzetlər tərəfindən 3, həftədə azı üç dəfə çap olunan qəzetlər tərəfindən 2, həftədə azı bir dəfə çap olunan qəzetlər tərəfindən 1 sahə üzrə layihələrin icrası həyata keçirilməlidir.
Bu, redaksiyaların yaradıcılıq imkanlarından daha geniş istifadə edilməsinə şərait yaradacaqdır”.