Artıq neçə ildir ki, dövlət tərəfindən, mənzilə təlabat duyan jurnalistlərə dəstək verilir. Bu məqsədlə tikilən iki binada qələm adamlarına mənzillər paylanılıb. Növbəti - üçüncü binanın inşaası da tamamlanıb, daxili təmir işləri davam etdirilir. Əksər KİV nümayəndələri səbrsizliklə yeni binada mənzillərin verilməsinin qaydalarının və şərtlərinin açıqlanmasını gözləyirlər. Bir sıra jurnalistlər isə üçüncü binada mənzil sahibi olmaq üçün müraciət etməyə hazırlaşsalar da, ciddi narahatlıq keçirirlər.
Dominant.az-a müraciət edən həmin jurnalistərin dediklərinə görə, narahatlıqları məhz şərtlərlə bağlıdır.
“Hazırda bizi narahat edən iki ciddi məsələ var. Birinci məsələ odur ki, şərtlərə əsasən, jurnalist sonuncu iş yerində mütləq 3 il çalışmalıdır: ən azı son 3 ildə fasiləsiz fəaliyyət göstərən kütləvi informasiya vasitəsi (televiziya və radio yayımçıları, qəzet, jurnal, informasiya agentliyi, internet xəbər portalı və saytı) komissiya tərəfindən müəyyənləşdirilmiş şərtlərə uyğun olaraq Bakı şəhərində fəaliyyət göstərən əməkdaşlarının namizədliyini irəli sürə bilər. Ancaq hər kəsə məlumdur ki, KİV nümayəndələri son dövrlərdə bir sıra müəyyən səbəblərə görə tez-tez iş yerlərini dəyişməyə məcbur olurlar. Məsələn, bəzən hansısa sayt bağlanır və yaxud telekanala təyin edilən yeni rəhbərlik ixtisar sistemini həyata keçirir. Buna görə də jurnalistlər başqa KİV-də fəaliyyətlərini davam etdirməyə məcbur qalırlar. Belə olan halda da, jurnalistlər binasında ev ala bilmək üçün lazım olan “son iş yerində 3 il işləmək” tələbi arzumuzu, necə deyərlər, gözümüzdə qoyur. Bəzən uzun illərin jurnalisti məhz həmin tələbə görə mənzil almaq hüququndan məhrum edilir”.
“İkinci narahatlıq isə mətbuat xidmətlərinin rəhbərləri və mətbuat xidmətlərində çalışan jurnalistlərlə bağlıdır. Bəzən bu fəaliyyət növündə çalışanlara mənzil verilmir. Halbuki, mətbuat xidmətində çalışanların əksəriyyəti də jurnalistdir və uzun illər bu istiqamətdə fəaliyyət göstəriblər. Maraqlıdır, hansı əsaslandırmaya görə, mətbuat xidməti rəhbərlərinə və işçilərinə mənzil verilməsində problem yaranır?”, - deyə jurnalistlər vurğulayıblar.
Hər iki məsələyə görə narahatlıq keçirən jurnalistlər Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun yeni icraçı direktoru Əhməd İsmayılova müraciət ediblər: ““Son iş yerində 3 il işləmək” tələbi KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərlinin dövründən qalıb. Eləcə də, mətbuat xidmətlərinə mənzillərin verilməsi problemi də sabiqlərin dövrünə təsadüf edir. Ancaq bir müddət öncə bu əcaib tələbləri, qadağaları irəli sürənlər yarıtmaz fəaliyyətlərinə görə tutduqları postdan uzaqlaşdırıldılar. Vüqar Səfərlinin postuna Əhməd İsmayılov təyin olundu. İnanırıq ki, yenilər köhnələrin vaxtından qalmış bütün xoşagəlməz məsələlərin aradan qaldırılmasına nail olacaq. Ona görə də, biz KİVDF-nin yeni rəhbərliyinə müraciət edirik ki, narahatlıq keçirən jurnalistlərin xahişi nəzərə alınsın və həmin qadağalar aradan qaldırılsın. Öncədən təşəkkürümüzü bildiririk!”.