Azərbaycanda koronavirus epidemiyasına yoluxma pik həddə çatıb. Xüsusi karantin rejiminin ən sərt vaxtlarında, mart-aprel aylarında infeksiyaya yoluxma statistikası ürəkaçan idi. Bu gedişlə ümid edilirdi ki, ölkə pandemiyadan az itki ilə çıxmağa müvəffəq ola bilər.
Səhiyyə Nazirliyinin baş infeksionisti, Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü Cəlal İsayev “Yeni Müsavat”a bildirib ki, yoluxma və ölüm halları artır, xəstəlik stabil olaraq yüksək rəqəmlərdə qalır. Baş infeksionist hesab edir ki, diqqətli təhlillər apardıqdan sonra karantin rejiminin sərtləşdirilməsi, yoxsa daha da yumşaldılmasına baxıla bilər: “Bu səlahiyyət Nazirlər Kabinetindədir və bizim indidən fikir söyləməyimiz yanlış istiqamətlərə apara bilər. Sadəcə, insanlar xəstəliyə məsuliyyətsiz, laqeyd yanaşırlar. Çoxu fikirləşir ki, xəstəlik mənə heç nə edə bilməz. Amma bu virus hava-damcı ilə keçir deyə yoluxma sürətlə artır. Ona görə maska taxmaq vacibdir. Maska yoluxmanın 70 faiz qarşısını ala bilir”.
C.İsayev Çindəki hərbi vəziyyətin eynilə bizdə tətbiq olunması təklifi ilə razılaşmır: “Çində ikinci dalğa var. Amma onlar təcrübəlidir və vəziyyətdən çıxacaqlar. Hərbi vəziyyət isə bizim üçün deyil. Çinin milyard yarım əhalisi var, nəzarət üçün lazımdır. Azərbaycanda belə bir vəziyyət elan olunmasına ehtiyac görmürəm. Sadəcə, sosial məsafə gözlənməsi, maska taxılması ən yaxşı mübarizə metodlarıdır. Ümid edirəm ki, yoluxma sayı ilə bağlı hər gün verilən məlumatlar insanları ayıldacaq, daha məsuliyyətli olmağa vadar edəcək”.
C.İsayevin sözlərinə görə, maska taxmağa məcbur etməklə, cərimələməklə nəticə əldə olunmur: “İnsanlar özləri gedişatı görməlidirlər və qaydalara könüllü əməl etməlidirlər. Çünki xəstəni də, ölünü də görürük. İndi gözləyirik ki, gərək əzizlərimiz yoluxsun, onda əməl edək?”
Baş infeksionistin fikrincə, insanların rayonlara buraxılmasını təşkil etmək, Bakıdakı sıxlığı azaltmaq lazımdır: “Bu haqda düşünmək lazımdır. Hesab edirəm ki, Bakıda əhali azalsa, ictimai nəqliyyatda sıxlıq olmasa yoluxmanın da getdikcə azaldığını görəcəyik. Bu, subyektiv fikrimdir”.
C.İsayev qeyd etdi ki, bu vəziyyət sentyabra qədər davam edə bilər: “Mənim əvvəlki proqnozum belə idi ki, hava istiləşər, insanlar sosial təcrid qaydalarına əməl edər və yayda yoluxma azalar. Amma gördünüz ki, koronavirus əvvəlcədən planlaşdırmanı sevmir”.