Mirzə Ənsərli,
AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı
Müdafiə Nazirliyinin Baş Qərargahının general-kvartmeyster idarəsinin əks-kəşfiyyat və kəşfiyyat bölməsi (1919-cu ilin yanvar-iyun ayları)
Bütün çətinliklərə baxmayaraq, Azərbaycan hökuməti Müdafiə Nazirliyinin nəzdində xüsusi xidmət orqanı funksiyasını həyata keçirən bir bölmə yaratdı. Həmin bölmə Müdafiə Nazirliyinin təsis edildiyi dövrdən, daha dəqiq desək Səməd bəy Mehmandarovun müdafiə naziri təyin edilməsindən bir qədər sonra yaradılmışdı.
Müdafiə Nazirliyinin Baş Qərargahının Baş idarəsinin şöbələrindən biri general-kvartmeyster adlanır. Bu şöbənin tərkibində isə dörd bölmə fəaliyyət göstərmişdir. 1. Əməliyyat-səfərbərlik, 2. Nizami-hesabat, 3. Kəşfiyyat və əks- kəşfiyyat, 4. Rabitə xidməti.
“Kəşfiyyat və əks-kəşfiyyat” bölməsinin ştatı 28 nəfərdən ibarət olmuşdur. Bu bölmənin rəisi kornet (AXC dövründə süvari hissələrində ilk zabit rütbəsi) Ağalarov olmuşdur. Əks-kəşfiyyatçıların gördükləri tədbirlər nəticəsində Denikinin Gəncə və Bakı şəhərlərində fəaliyyət göstərən casus şəbəkələri ifşa edilmişdir. Bu hadisədən sonra 1919-cu il fevralın 26-da Azərbaycan Parlamenti Denikinçi könüllülərin AXC-nin dövlət idarələrində və eyni zamanda Denikinin könüllülər ordusunda xidmət etmələrini qadağan etdi.
Konkret Ağalarovun bu bölmənin rəisi olması arxiv materiallarında aydın göstərilib (Azərbaycan Respublikası Dövlət Arxivi, fond 898, siyahı 1, 20).
Əks-kəşfiyyat bölməsinin əsas vəzifələrindən biri də bolşeviklərə qarşı mübarizədir. 1919-cu il aprelin 21-də hərbi nazir general-leytenant Səməd bəy Mehmandarov AXC-nin Nazirlər Şurasının sədri Nəsib bəy Usubbəyova (Nəsibbəyov) Bakı qarnizonu qoşunları arasında bolşeviklərin apardıqları təbliğata qarşı mübarizənin vacib bir iş olmasını bildirən raportla müraciət etmişdir.
AXC-nin Müdafiə Nazirliyinin nəzdində əks-kəşfiyyatla yanaşı kəşfiyyat fəaliyyəti də öz əksini tapmışdır. Arxiv sənədlərindən məlum olur ki, Nazirlər Şurasının qərarı ilə 1919-cu il aprelin 8-də polkovnik Məmməd bəy Əliyev AXC-nin Gürcüstan Demokratik Respublikasının paytaxtı Tiflis şəhərində yerləşən diplomatik nümayəndəliyin hərbi atteşesi təyin olunmuşdur. O eyni zamanda hərbi kəşfiyyatın da rəhbəri idi.
Əks–inqilabla Mübarizə Təşkilatı (ƏMT)
Ölkədə ictimai-siyasi vəziyyətin gərginliyini nəzərə alaraq 1919-cu il iyunun 9-da Dövlət Müdafiə Komitəsi (DMK) yaradıldı. Buraya Nazirlər Şurasının sədri, hərbi, xarici işlər, yollar və ədliyyə nazirləri daxil oldular. DMK iyunun 11-də Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan etdi. Müstəqil təhlükəsizlik orqanının yaranmasının vacib olduğunu nəzərdə tutan Azərbaycan Parlamenti 1919-cu il iyunun 11-də DMK yanında Əks-inqilabla Mübarizə Təşkilatının (ƏMT) yaradılması barədə qərar qəbul etdi.
“Müsavat” partiyasından Məmmədbağır Şeyxzamanlı sədr, “Hümmət” təşkilatından olan Mirfəttah Müsəfi isə müavin vəzifəsinə təyin olundular. Təşkilat ilk yarananda 19 nəfər əməkdaşı olmuşdur (3-ü baş agent, 16-sı isə agent). Bir qədər sonra onların sayı 27 nəfərə çatdı. 1920-ci illərin əvvəllərində isə 100-dən çox əməkdaşı olmuşdur. ƏMT-in kadr tərkibi müxtəlif partiya və millətlərin nümayəndələrindən ibarət idi. Şəxsi heyətin üçdə ikisi “Müsavat” partiyasından, üçdə biri isə sosialist “Hümmət” partiyasından olmalı idi. Təşkilatın sədri müsavatçı, müavini isə “Hümmət” partiyasından olmalı idi.
Məmmədbağır bəy Şeyxzamanov avqustun 20-də öz ərizəsinə əsasən tutduğu vəzifəsindən azad oldu və fəaliyyətini AXC parlamentinin aqrar komissiyasında davam etdirdi. Onun yerinə Nazirlər Şurasının sədri Nəsib bəy Usubbəyovun təqdimatı ilə Məmmədbağır bəyin qardaşı Nağı bəy Şeyxzamanov təyin olundu.
Məlum olduğu kimi ƏMT-yə xidmətə qəbul əvvəlcə partiya prinsipinə görə aparılırdısa, sonradan namizədlərin şəxsi keyfiyyətlərinə və AXC-nin vəzifə sahiblərinin təqdimatlarına əsasən qəbul edilirdi.
Azərbaycan bolşevikləri 17 nəfər kommunisti bu təşkilata daxil etməyə nail olmuşdular. Onların əksəriyyəti “Hümmət” partiyasının üzvləri idi. Onlardan Qasım İsmayılovun, Mirfəttah Müsəvinin, Müzəffər Nərimanovun adlarını çəkə bilərik. Sonralar SSRİ-nin daxili işlər naziri olmuş Lavrenti Beriyanın da təşkilata “Hümmət”in tapşırığı ilə işə qəbul edildiyi məlum olmuşdur. Onlar əldə etdikləri məlumatları mütəmadi olaraq mənsub olduqları partiyanın rəhbərlərinə çatdırırdılar.
Təşkilatın yaranmasının əsas səbəblərindən biri general Denikinin və Daşnak Ermənistanının casuslarının gənc respublikanın əleyhinə apardıqları fəaliyyətə qarşı sistemli mübarizə aparmaq olmuşdur. AXC-nin əleyhinə təbliğat aparan bolşeviklərlə mübarizə də buraya daxildir. Sovet Rusiyası general Denikini darmadağın etdikdən sonra artıq AXC-yə qarşı təhlükənin biri aradan qalxsa da, onun yerini qorxunc bir təhlükə-kommunist təhlükəsi tutdu.
ƏMT bundan sonra bütün gücünü bolşeviklərin və daşnak ermənilərin pozuculuq fəaliyyətinə qarşı yönəltdi.
Təşkilatın müsavatçı üzvləri daima kommunist olan əməkdaşları nəzarət altında saxlayırdılar. Əməliyyat zamanı hər bir bolşevikə bir müsavatçı üzv təhkim olunurdu. ƏMT-də hümmətçi bolşevikləri tək, müsavatçıları isə cüt rəqəmlə sıralanırdılar.
M.Müsəvi 1919-cu il sentyabrın 5-də qətlə yetirildi və onun yerinə noyabrın 15-də AXC hökumətində yüksək vəzifə tutan Aslan Səfikürdskinin qardaşı Mahmud bəy Səfikürdski təyin edildi.
Bakıda ƏMT-nin 8 rayon bölməsi təşkil edilir. Bu bölmələrə ƏMT-nin mərkəzi aparatının əməkdaşları rəhbərlik edirdilər.
Təşkilatın “Müsavat” partiyasından olan əməkdaşları:
1. Məmmədbağır bəy Şeyxzamanov, 2. Nağı bəy Şeyxzamanov, 3. Mahmud bəy Səfikürdski, 4. Məmmədtağı Dadaşov (Balaxanı - Sabunçu şəhər rayon bölməsinin rəisi), 5. Qəmbər Tahirov, 6. Seyfulla Əzimov( zadə), 7. Xeyrulla Əzimov (zadə), 8. Heydərbaba Həsənov, 9. Qulam Əliyev, 10. Hüseynqulu Hüseynov, 11. Süleyman Qafarzadə, 12. Seyid Həsənov, 13. Mirzəağa Nəsirov, 14. Məmməd Hacıyev, 15. Məmmədəli Hacıyev, 16. Əliağa Mahmudov, 17. Məmmədibrahim Rzayev, 18. Dəmirov, 19. Miraslan Ağalarov, 20. Rza Fəttahov, 21. Ağaəli Sadıqov, 22. Ağaəli Zeynalabdinzadə.
“Hümmət” partiyasından olanlar:
1. Qasım İsmayılov, 2. Lavrenti Beriya, 3. Mirfəttah Musəvi, 4. Əli Bayramov, 5. Müzəffər Nərimanov, 6. Kazım Rzayev, 7. Həsən Əliyev.
Təşkilatda türk və başqa müsəlman xalqlarından başqa ruslar, gürcülər və başqa qeyri-müsəlmanlar da xidmət edirdilər. Erməniləri təşkilata daxil etmirdilər.
1. F.Lisenko, 2. A.Kabrov, 3. K.Stepenkin, 4. İ.Strokov, 5. A.Oresyev, 6. Fatkovski, 7. Artyom Arunov, 8 Anaida Fatalova, 9. Liza Fatalova, 10. Mixail Katanov, 11. Vasili Qrest, 12. Taisiya Şepelova, 13. Aleksandr Şepelyov, 14. T.Krımov, 15. Aleksandr Şengeliya 16. Zurab Qoqoberidze, 17. Aleksandr Kodaxidze, 18. Lavrenti Beriya, 19. Aleksandr Qoqoberidze.
Bu adı çəkilənlərin əksəriyyəti bolşevik idilər.
Ümumiyyətlə, ƏMT-nin fəaliyyət göstərdiyi dövrdə (11 iyun 1910 - 6 mart 1920-ci il) yüzdən çox əməkdaş olub. Tədqiqatçı M.Cəfərov əməkdaşların 7-nin, Cəlal Qasımov isə 89-nun adlarını qeyd etmişdir. Tədqiqatçı Elşad Qoca isə arxiv materiallarına əsasən “Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları (1918-1920)” əsərində təşkilatı 119 nəfər əməkdaşının adını vermişdir.
Siyahılardan göründüyü kimi Təşkilatda qadınlar da çalışmışdılar. 1. Vera Kuzmina-Şahtaxtinskaya (eyni zamanda makinaçı vəzifəsini də yerinə yetirirdi), 2. Taisiya Şepelyova, 3. Məryəm Mahmudova, 4. Anaida Fatalova, 5. Zərifə xanım Axmatyeva, 6. Liza Fatalova.
1919-cu il avqustun 20-də AXC parlamenti “Azərbaycan Respublikası əks-kəşfiyyat xidməti vəzifələrinin hüquq və vəzifələri haqqında” əsasnaməni təsdiq etdi. 22 maddədən ibarət olan bu əsasnaməni Bakı rayonunun general-qubernatoru general-mayor Tlexas imzalamışlar.
Əsasnamə aşağıdakı maddələrdən ibarətdir:
1. Düşmən casuslarının və onların təşkilatlarının aşkar olunması, həmçinin, öz fəaliyyətləri ilə Azərbaycana və onunla müttəfiq olan dövlətlərə qarşı düşmən və digər hərəkətlər etməkdə düşmənə yardım edən və ya şərait yaradan şəxslərin aşkar olunması üçün.
2. Aşağıdakı cinayətkar əməllərin təşkilinə cəhd edən şəxslərin aşkar edilməsi üçün:
a) AR dövlət hakimiyyətinə qarşı qiyamda,
b) Respublikaya qarşı dövləti xəyanətdə,
c) Azərbaycan Parlamentinin Sədri və Hökumət Sədri, məmurları və vəzifəli şəxslərin həyat və azadlıqlarına qəsd olunması,
ç) hərbi postlara və qarovullara hücumlar edilməsi,
d) hakimiyyətə silahlı müqavimət,
e) dəmiryolu, körpüləri və bu tipli digər qurğuların, teleqraf və telefonun, həmçinin, dövlət əhəmiyyəti kəsb edən su və digər qurğuların zədələnməsi,
ə) dövlət anbarlarının yandırılması və partladılması,
Əks-kəşfiyyat xidməti vəzifəliləri qara niyyətli şəxslər tərəfindən hərbi qulluqçuların hərbi xidməti borcun pozulmasına gətirib çıxaran təlim və əsərlərin yayılmasının qarşısı alınması üçün tədbir görürlər.
2. Əks-kəşfiyyat xidməti vəzifəliləri aşağıdakı şəxslərin müəyyən olunması üçün tədbir görürlər:
a) Mövcud dövlət quruluşu və qaydalarının devrilməsinə qarşı yönəlmiş hökumətə zidd təşviqatın əhali arasında şifahi və ya mətbuat vasitəsi ilə yayan şəxslər.
b) Hökumətin fəaliyyəti və sərəncamları haqqında, hərbi hissələrin əməliyyatlarına və milli fəlakətlərə dair yalan şayiə və məlumatları yayanlar.
c) Əhalinin ayrı-ayrı sinifləri arasında milli düşmənçilik yaradaraq məlumat və şayiələrin yayılması.
5) Əks-kəşfiyyat xidmətinin vəzifəliləri əlaqədar hakimiyyət dairələrinin xüsusi icazəsi olmadan təşkil edilmiş, siyasi xarakter daşıyan hər cür toplantı və iclasların aşkarlanması üçün tədbirlər görürlər.
6) Əks-kəşfiyyat xidməti vəzifəliləri hər növdən olan odlu silah, patronlar, döyüş sursatı və partladıcı maddələrin anbar və digər saxlama yerlərinin aşkar olunmasına cəhd edirlər.
- Əks-kəşfiyyat bölmələri rəisləri öz rəislərinin və onların köməkçilərinin tapşırığına əsasən, hazırkı Əsasnamənin yuxarıdakı maddələrində qeyd edilən hərəkətlərdə şübhəli bilinən şəxslər üçün axtarış və götürülməni həyata keçirir, həmçinin qeyd olunan şəxsləri ilkin həbs etmək hüququna malikdirlər.
- Əks-kəşfiyyat bölmələrinin rəisləri, rəislərin tapşırığına əsasən onların köməkçiləri də hazırkı Əsasnamənin əvvəlki maddələrindəgöstərilmiş hərəkətlərdə şübhəli bilinmiş şəxsləri, həm də ifadələri işin təfərrüatının aydınlaşması üçün yardımçı ola biləcək şəxslərin dindirilməsini həyata keçirə bilərlər.
Qeyd: həmin qaydalara əlahiddə əks-kəşfiyyat məntəqələrinin rəisləri də əməl edirlər və əgər onlar əks-kəşfiyyat bölmə rəisinin köməkçisidirlərsə.
- Üzə çıxarma, axtarış və ya həbs etmək üçün əsaslar ayrıca qərarda şərh oluna bilər.
- Üzə çıxarma, axtarış aparılması və ya həbsetmə zamanı yerli polis və ya əlaqədar orqanların vəzifəliləri dəvət edilirlər.
- Həbs olunanlar saxlanılmaq üçün əlaqədar əks-kəşfiyyat bölməsinə verilir, bu zaman həbsolunma haqqında qərarın surəti məhkumluq yerinə, prokurora, dairə məhkəməsinə və Bakı rayonunun general-qubernatoruna göndərilir.
- Əks-kəşfiyyat bölməsinin rəisi və ya onun köməkçisinin həbs etdiyi şəxslər istintaqın gedişi zamanı qeyd olunanların göstərişi ilə bir aydan çox həbsdə qala bilməzlər. Zərurət yarandıqda, qeyd edilən müddət hərbi general-qubernatorun göstərişi ilə üç aya qədər uzadıla bilər.
- Sorğu, üzə çıxarma, axtarış, yığım və maddi sübutların olunması həyata keçirildikdə, həmçinin, onların baxışı aparıldıqda ilkin istintaqın aparılması üçün müəyyənləşdirilmiş qaydalara riayət olunmalıdır.
- Hazırkı Əsasnamənin 1-7-ci maddələrində qeyd olunan hərəkətləri etməkdə şübhəli bilinən şəxslərin tutulması haqqında şifahi və ya yazılı tələblər əks-kəşfiyyat xidmətinin bütün vəzifəliləri tərəfindən təxirə salınmadan belə hazırda irəli sürülə bilər. Şübhəli bilinən hazırki Əsasnamənin 1-7-ci maddələrindən birini xarakterizə edən hərəkəti törədərkən və onu törətdikdən dərhal sonra yaxalanıbsa, şahidlər şübhəli bilinən göstərdikdə, bu Əsasnamədə göstərilən cinayətkar hərəkətin sübutu olan əşyalar şübhəli bilinənə məxsusdursa və ya tapılmışdırsa, şübhəli bilinənin daimi yaşayış yeri olmadıqda o qaçmağa cəhd etdikdə və ya qaçış zamanı və ya qaçışdan sonra ələ keçibsə, şübhəli bilinənin gizlənməsi və ya öz cinayətlərini gizlətmək istəməsi haqqında əsaslı məlumatlar varsa.
- Tutulma haqqında tələb (15-ci maddə) polis vəzifəliləri və ya onlara uyğun olan orqanlara müraciət edilməlidir. Onlar olmadıqda tutulma bilavasitə əks-kəşfiyyat bölməsi və ya xidməti vəzifəlilər tərəfindən həyata keçirilə bilər.
- Əvvəlki maddə üzrə saxlanılmış şəxslər saxlandıqda 24 saat ərzində məntəqədə olan əks-kəşfiyyat bölməsinin rəisi və ya onun köməkçisinin yanına gətirilməli, əgər saxlanılma göstərilən vəzifəli şəxslərin daimi yerlərindən aralı baş veribsə, 24 saatlıq müddət tutulanın həmin şəxslərin yanına gətirilməsi üçün yerli şəraitə uyğun olan müddətə qədər uzadıla bilər.
- Məntəqədə olan əks-kəşfiyyat bölməsinin rəisi və ya onun köməkçisi, tutulanın onlara gətirilməsindən 24 saat gec olmayaraq, sonuncunu sorğu-sual etməli və onun həbsdən azad olunması və ya saxlanması üçün qərar qəbul etməlidirlər.
- Digər əks-kəşfıyyat bölməsinin ərazisində zərurət yarandıqda kimdənsə xahiş etmək və ya üzə çıxarma, axtarış aparmaq və ya həbs etmək üçün bu hərəkətlərin icrası həmin rayonunun əks-kəşfıyyat bölməsinə həvalə olunur.
- İstintaqın gedişi zamanı hazırki Əsasnamənin 1 -7-ci maddələrində qeyd olunan hərəkətlər müəyyən olunduqda əks-kəşfiyyat bölməsinin rəisi dərhal məhkəmə hakimiyyəti və hərbi general-qubernatoru məlumatlandırır.
- Məhkəmə hakimiyyətinə məlumat vermək üçün əsas tapılmayan bitmiş təhqiqat (maddə 20) hərbi general-qubernatora təqdim olunur, Məhkəmə icrasının cinayət Nizamnaməsinin 253-cü maddəsi tətbiq olunmaqla yerli dairə prokurorluğuna göndərilir. Lakin təhqiqatın bu qaydada istiqamətlənməsi hərbi general-qubernatora eyni zamanda şübhəli bilinən şəxs haqqında hərbi vəziyyət elan olunmuş ərazilərə uyğun qaydalara əsasən uyğun tədbirlər görülür.
- Əks-kəşfıyyat bölməsinin rəisinin hərəkətlərinə onun tərəfındən aparılmış təhqiqata görə hərbi general-qubernatora şikayət oluna bilər, bu halda axtarış aparılmaya və ya həbsə məruz qalmış şəxsə belə hərəkətlər edildikdən dərhal sonra elan olunmalıdır.
- Ümumi və cinayət polisinin vəzifəliləri hazırki Əsasnamənin 1-7-ci maddələrində göstərilmiş hərəkətlərin əlamətlərinin hər cürə təhqiqata başlanmaları haqqında əks-kəşfiyyat rəisini məlumatlandırır, ona da gələcək təhqiqatın aparılması üçün polisdən bütün yazışmanı tələb etmək hüququ verilir ki, bu haqda da general-qubernatora təqdimat edilir və yerli prokuror nəzarətinə məlumat verilir.
Bakı rayonunun general-qubernatoru general-mayor Tlexas
Hərbi nazir general-leytenant Səməd bəy Mehmandarov 1919-cu il sentyabrın 13-də Dövlət Müdafiə Komitəsinin sədrinə 4091 saylı raport göndərir. Raport elə həmin gündə də geniş müzakirə edilir. Nəticədə, Bakı Möhkəmləndirilimiş Rayonunun (BMR) rəisi vəzifəsi təsis edilir və bu vəzifə Bakı hərbi general-qubernatoru vəzifəsi ilə birləşdirilir. Bakı şəhər rəisliyi BMR-in rəisinə, onu isə hərbi nazirə tabe etmək qərara alındı.
1919-cu il sentyabrın 18-də DMK-nin verdiyi 418 saylı əmrlə hərbi nazirin təqdimatına əsasən Hərbi Nazirliyin Artilleriya idarəsinin rəisi general-mayor Tlexas BMR rəisi, 419 saylı əmr ilə polkovnik İrza bəy Hacıbəylinski isə BMR-nin qərargah rəisi vəzifəsinə təyin edilir.
1919-cu il oktyabrın 18-də general-leytenant Səməd bəy Mehmandarov hərbi əks-kəşfiyyatın təsisi ilə bağlı DMK-ə məruzə təqdim edir. “DMK cari il 13 sentyabr tarixli qərarının surətindən görünür ki, bu komitənin üzvü, yollar nazirinin təklifi ilə qoşunlarda bolşevik təşviqatı ilə mübarizə aparmaq üçün ƏMT-ni ləğv etməklə hərbi əks-kəşfiyyat təşkilatı təsis etmək lazımdır. Həmin təklif ilə əlaqədar aşağıdakı bəzi məsələləri qeyd etməyi vacib bilirəm:
- Hərbi əks-kəşfiyyatın əsas vəzifəsi bir dövlətin çərçivəsində casusluqla mübarizə olduğundan, ümumdövlət vəzifə olan bolşevizm ilə mübarizə isə təkcə idarənin işi deyildir.
- Əks-kəşfiyyatın Daxili İşlər Nazirliyində cəmləşdirilməsini təklif edərdim. Nazirlik özünün mövcud polis aparatını gücləndirərək təkcə hərbi deyil, həm ümumilikdə dövlət səviyyəsində casusluqla, həm də əhali və qoşunlar arasında bolşeviklərin siyasi təşviqatına qarşı mübarizə apara bilər.
ƏMT əvəzinə DİN-in yanında mərkəzi cinayət-axtarışı şöbəsi yaratmaq lazımdır ki, o da öz agenturasını dövlətin mühüm məntəqələrinə yerləşdirə bilsin. Həmçinin bu orqanın üzərinə axtarışla bağlı ümumi vəzifələrlə yanaşı casuslara, bolşeviklərin, ermənilərin və könüllülərin təşviqatlarına qarşı mübarizə vəzifələri qoyulsun.
Səməd bəy Mehmandarovun bu məruzəsi əsasında xeyli dəyişikliklər edilmişdir. Lakin ƏMT ləğv olunmamış, o BMR-in rəisinə tabe edilmişdir
1919-cu il oktyabrın 26-da DMK yaranmış vəziyyəti müzakirə edərək bolşeviklərlə mübarizəni gücləndirmək üçün BMR-nin səlahiyyətlərini genişləndirmişdir. BMR rəisinə bütün yerli orqanlar, o cümlədən keşikçi və axtarış polisləri, həm də ƏMT tabe edilmişdilər.
ƏMT-in rəisi Nağı bəy və müavini Mahmudbəy təşkilatın şəxsi heyətinə qarşı daim diqqət göstərirdilər. Təşkilatın adına ləkə gətirənlərin günahları araşdırılır və sübuta yetiriləndən sonra vəzifələrindən kənarlaşdırılırdılar.
ƏMT Xarici İşlər Nazirliyi (XİN) ilə daima əlaqə saxlayır və informasiya mübadiləsi edirdilər.
1919-cu il noyabrın 1-də Bakı hərbi general-qubernatoru general-mayor Murad Girey Tlexas Bakıda və onun rayonlarında yığıncaq, mitinq və tətillərin keçirilməsinin qadağan edilməsi barədə əmr vermişdir. Əmri pozanlar inzibati qaydada cəzalandırılırdılar.
Nazirlər Şurasında daxili işlər nazirinin çıxışından sonra mövcud şəraitə uyğun olaraq ƏMT-nin ləğv edilməsi qərara alınır. 1920-ci il martın 7-də təşkilatın ləğvi ilə əlaqədar qərar qəbul edilir.
Bundan sonra ƏMT-nin vəzifəsini, yəni əks-kəşfiyyat işini Bakı general-qubernatorluğunun tərkibində yaradılmış informasiya şöbəsi həyata keçirməyə başlayır. Şöbəyə Ələkbər xan Şahsuvarov rəhbərlik etmişdir. Kəşfiyyat işi isə Azərbaycan Ordusunun Baş Qərargahının general-kvartirmeyster idarəsinin kəşfiyyat-əməliyyat bölməsi tərəfindən yerinə yetirilmişdir.
Bölməyə polkovnik İrza bəy Hacıbəylinski rəhbərlik etmişdir.
İnformasiya şöbəsi
Yuxarıda da qeyd etdiyimiz kimi, ƏMT-nin ləğvindən, yəni martın 6-dan sonra əks-kəşfiyyat işi ilə Bakı general-qubernatorluğunun tərkibində yaradılmış informasiya şöbəsi məşğul olmuşdur. Bu şöbə öz işini müstəqil aparıb və yalnız daxili işlər nazirinə və Nazirlər Şurasının sədrinə tabe olmuşdur.
Tədqiqatçı Elşad Qoca uzun axtarışlardan sonra bu şöbənin rəhbərliyinin və əməkdaşlarının fəaliyyətləri haqqında materiallar əldə etməyə nail olur. O Milli Təhlükəsizlik Nazirliyinin (indi Daxili Təhlükəsizlik Xidməti) arxivində saxlanılan Ələkbər xan Şahsuvarovun “keçmiş inform büronun rəisi Şahsuvarovun işi” adlı 27 saylı istintaq işini tapır. İstintaq materiallarından aydın olur ki, informasiya şöbəsi ƏMT buraxıldıqdan sonra faktiki olaraq əks-kəşfiyyat işi ilə məşğul olmuşdur. Bunu Ələkbər xan Şahsuvarovun XI Ordunun xüsusi şöbəsinin müstəntiqləri tərəfindən aparılmış dindirmə protokollarından görmək olar:
Sual: “Əks-kəşfiyyatın informasiya şöbəsi ilə nə əlaqəsi vardı?”
Cavab: “Əks-kəşfiyyat öz işini müstəqil aparır, yalnız daxili işlər nazirinə və Nazirlər Şurasının sədrinə tabe idi. Sonra həbs edilənlərin, Çikalonun və başqalarının incidilməsi ilə əlaqədar olaraq əks-kəşfiyyat buraxıldı. Onun texniki funksiyaları: təhqiqat, müşahidə, axtarış və həbs Bakı general - qubernatorunun göstərişi ilə informasiya şöbəsinə verildi”.
Sual: “Şöbəsində kimlər və hansı vəzifələrdə xidmət edirdi?”
Cavab: “Həsən bəy Fətəlibəyov mənim köməkçim, Bakı şəhərində axtarış bölməsinin keçmiş rəisi, polkovnik Cəlil bəy xüsusi tapşırıqlar üzrə məmur, baş agentlər Sergeyev (zabit), Dikebandze (zabit), Vəliyev, agentlər Xeybər Zoratali oğlu, Məmməd Hüseyn, Hacı Məmmədov, Eliava (zabit), Çikovani (zabit), Arif Bryukov, Mirzə Baba Sadix...”
Elşad Qoca Aleksandr Kreysin, Nikolay Çikovaninin istintaq işlərini və Sergeyevin izahatını araşdıraraq informasiya şöbəsinin əməkdaşlarının soyadlarını dəqiqləşdirir və 13 nəfər olduğu qənaətinə gəlir.
İnformasiya şöbəsinin rəisi Ələkbər xan Şahsuvarov bolşevik təhlükəsinə qarşı yorulmadan mübarizə aparmışdır. Onların bir çox təhlükəli fəaliyyətlərinin üstünü açmışdır.
Mühafizə dəstəsi
1918-1920-ci illərdə AXC-də fəaliyyət göstərmiş xüsusi xidmət və təhlükəsizlik orqanları arasında parlamentin mühafizə dəstəsinin də xüsusi yeri olmuşdur. 1919-cu il fevralın 18-də AXC parlamentinin 15-ci iclasında “Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında” qanun qəbul edilmişdir. Mühafizə dəstəsinin məqsədi AXC parlamentinin, onun rəhbərlərinin və digər dövlət əhəmiyyətli obyektlərin mühafizəsi olmuşdur.
Parlamentdə qəbul olunmuş qanunda aşağıdakı maddələr öz əksini tapmışdır:
- Parlamentin 200 nəfərlik mühafizə dəstəsi təsis edilsin, 2. Mühafizə dəstəsi parlamentin Rəyasət Heyətinə tabe edilsin, 3. Mühafizə dəstəsi parlamentin Rəyasət Heyəti tərəfindən formalaşdırılsın, 4. Parlamentin mühafizə dəstəsinin saxlanılması üçün dövlət xəzinəsindən 2.200000 rubl məbləğində vəsait ayrılsın.
Parlamentin mühafizə dəstəsinin rəisi vəzifəsinə polkovnik-leytenant N.Əliyev təyin edilmişdir. O, əvvəllər 1-ci tatar alayında rotmistr vəzifəsində xidmət etmişdi. Mühafizə dəstəsinin imkanlarından xüsusi və vacib əməliyyatların yerinə yetirilməsində də istifadə olunmuşdur. Onlar erməni üsyançılarına qarşı Qarabağda gedən döyüşlərdə də qəhrəmanlıq göstərmişdilər. Dəstənin üzvlərindən şəhid olanlar və yaralananlar da olmuşdur.
Biblioqrafiya
1.Arxiv materialları
Azərbaycan Respublikası Dövlət Arxivi
- Fond 895 – Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti.
- Fond 896 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti.
- Fond 2898 – Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyinin Baş Qərargahının Baş İdarəsi.
- Fond 1051 – Bakı Möhkəmləndirilmiş rayonunun general-qubernatorluğu.
- Fond 1052 – Azərbaycan Xalq Cümhuriyyəti Müsavat əks-kəşfiyyatı.
- Kitablar və məqalələr
- a) Azərbaycan türkcəsində
- «Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinin keçirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // «Azərbaycan» qəzeti. 07 fevral, 1998-ci il.
- «Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş əsərlərin nəşr edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // «Azərbaycan» qəzeti. 24 fevral, 1998-ci il.
- «Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş ümumrespublika mərasiminin keçirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin Sərəncamı // «Azərbaycan» qəzeti. 26 may, 1998-ci il.
- Məmməd Əmin Rəsulzadə. Azərbaycan Xalq Cümhuriyyəti, 1990.
- Fətəli xan Xoyski. Həyat və fəaliyyəti. Bakı, 1998.
- Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament, 1-2-ci hissələr, Bakı, 1998.
- Hüseyn Baykara. Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992.
- Mirzə Bala Məmmədzadə. Azərbaycan milli hərəkatı. Bakı, 1992.
- Nəsib Nəsibzadə. Azərbaycan Demokratik Respublikası, Bakı, 1990.
- Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920). Bakı, 1993.
- Mövsüm Əliyev. Azərbaycan əks-kəşfiyyat necə yaranıb? «Xalq qəzeti», № 27, 1992, 8 fevral.
- Ataxan Paşayev. «Azərbaycanın ilk təhlükəsizlik orqanının yaranması zərurəti haqqında», «Sərhəd» qəzeti, 1996-cı il aprel-may.
- Şəmistan Nəzirli. Cümhuriyyət generalları. Bakı, 1995.
- Şəmistan Nəzirli. Tam artilleriya generalı Səməd bəy Mehmandarov. Bakı, 1997.
- Mehman Süleymanov. Azərbaycan ordusu (1918-1920). Bakı, 1998.
- Cəlal Qasımov. Əksinqilab ilə mübarizə təşkilatı və siyasi repressiya. Bakı, 1997.
- Cəlal Qasımov. Cümhuriyyətin təhlükəsizlik orqanları (1918-1920). Bakı, 2018.
- Həsən Qasımov. Şimal sərhədləri və Bakı rayonunun müdafiəsi tarixindən. Bakı, 1999.
- Elşad Qoca. Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanları (1918-1920), Bakı, «Şuşa», 2000.
- Elşad Qoca. Cəllad etirafı, Bakı, 1999.
- Elşad Qoca. Sibir dərsi. Bakı, 2000.
- Nazim Mustafa. Azərbaycan Xalq Cümhuriyyəti işığında (1918-1920). Araşdırmalar, məqalələr. Bakı, «Ulu», 2018.
- Nağı Şeyxzamanlının xatirələri, Bakı, 1997.
- b) Türkiyə türkcəsində
- Prof. Dr. Ümit Özdağ. İstihbarat teorisi. Ankara, 2017.
- Tuncay Özkan. MİT-in gizli tarihi. İstanbul, 2010.
- c) Rus dilində
- Адрес-календарь Азербайджанской Республики. Баку, 1920.
- Борьба за победу Советской власти в Азербайджане. 1918-1920 гг. Документы и материалы. Баку, 1967.
- Воронцов С.А. Спецслужбы России. Ростов на Дону, 2006.
- Хлобыстав О.М. Госбезопасность России от Александра I до Путина. Изд. 2-е, переработанное и дополненное. – Москва, «Ин-фолио», 2007 – 640 с.