İrəvanda Paşinyanın yüzlərlə əleyhdarı saxlanıldı

Ermənistanda müxalif parlament fraksiyası "Çiçəklənən Ermənistan"ın lideri, biznesmen Qagik Tsarukyanın dindirildiyi Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiya keçirib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, dindirilmə təxminən 9 saat çəkib. Polis Qaqik Tsarukyana dəstək olaraq keçirilən aksiyanın 252 iştirakçısını saxlayıb. Onların saxlanılmasına səbəb fövqəladə vəziyyət rejimi zamanı qaydaları pozaraq kütləvi aksiya keçirmələri göstərilir. Bildirilir ki, Q.Tsarukyan dindirildikdən sonra jurnalistlərə ona qarşı siyasi təqibin aparıldığını deyib. Xatırladaq ki, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidməti Q.Tsarukyanın biznesində qeyri-qanuni hallarının aşkarlandığını bildirmişdi. İyunun əvvəlində isə müxalif parlament fraksiyasının lideri baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökumətin ölkədəki problemlərin öhdəsindən gəlmədiyini və istefaya getməli olduğunu demişdi. Öz növbəsində ölkə parlamentinin vitse-spikeri, hakim "Vətəndaş razılaşması" Partiyasının Şura üzvü Alen Simonyan iddia edib ki, Tsarukyanın təqibi siyasi deyil. **19:10 (14.06.2020) Ermənistan Milli Təhlükəsizlik Xidməti “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqiq Tsarukyana qarşı daha iki cinayət işi açıldığı barədə məlumat yayıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti partiya rəhbərliyi və partiya üzvlərinin 2017-ci ildə parlament seçkiləri zamanı xeyriyyəçilik adı altında seçicilərə 100 milyon dram rüşvət verdiyini açıqlayıb. İstintaq çərçivəsində partiyanın 40-a yaxın ofisində axtarış aparılıb, kompüterlər və digər elektron məlumat daşıyıcıları götürülüb. Ermənistan Dövlət Təhlükəsizlik Xidməti Q. Tsarukyanı Kotaysk əyalətinin Arinc şəhərində 7,5 hektar torpaq sahəsini qanunsuz əldə etməkdə də ittiham edib. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsi əvvəlcə bir şirkətin adına keçirilib, sonra isə özəlləşdirilib, üzərində təyinatına uyğun olmayan tikinti işləri aparılıb. Beləliklə də torpağın təyinatına uyğun istifadə edilməməsi nəticəsində 342 milyon dram ( 685 min dollar) ziyan vurulub. Qeyd edək ki, bundan əvvəl səhər saatlarında Ermənistan Milli Təhlükəsizlik Xidməti “Çiçəklənən Ermənistan” Partiyasının sədri Qaqiq Tsarukyana məxsus “Onira klab” şirkətində 60 milyon dollar (29 milyard darm) dəyərində qanun pozuntusu aşkarlandığı barədə məlumat yaymışdı. İyunun əvvəlində hökuməti istefaya çağıran Q. Tsarukyana deyib ki, villasında aparılan axtarışlar siyasi xarakter daşıyır: “Bu, əlbəttə, siyasi təqibdir. Mən bəyan etmişdim ki, hökumət vəziyyətlə bacara bilmir. Hazırda pandemiya ölkədə tüğyan edir, 3 ay sonra aclıq başlayacaq”. Partiya sədri ifadə vermək üçün Milli Təhlükəsizlik Xidmətinə çağırılıb və indiyə qədər Ermənistan Milli Təhlükəsizlik Xidmətindədir. Q. Tsarukyanın tərəfdarları Milli Təhlükəsizlik Xidməti yanında aksiya keçirirlər. Partiya sədrinin 100-dən çox tərəfdarı saxlanılıb. Onlar koronavirus pandemiyası ilə əlaqədar ölkədə elan edilən fövqəladə vəziyyət rejimini pozmaqda günahlandırılırlar. ***16:47 Ermənistanda xüsusi xidmət orqanları “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyanın evini mühasirəyə alıb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, partiyanın ofislərində isə yoxlamalar başlayıb. Buna cavab olaraq çoxlu sayda insan Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyasına başlayıb. Məlumata görə, “Çiçəklənən Ermənistan” Partiyasının lideri Gagik Tsarukyanın tərəfdarları olan etirazçılar baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər. Əraziyə polis qüvvələri yeridilib. Polis etirazçıların qarşısını kəsib və onları binaya daxil olmağa imkan vermir. Etirazçılar “Tsarukyan!”, “Nikol, get!”, “Tsarukyan baş nazirdir!” şüarları səsləndirirlər. Polis vətəndaşlara güc tətbiq edir. Polis KİV mənsublarına qarşı da təzyiqlər göstərir. Jurnalistlər aksiya iştirakçılarının toplaşdığı əraziyə buraxılmır. “Çiçəklənən Ermənistan” Partiyasından olan deputatlara qarşı da eyni münasibət sərgilənir. Deputat Arman Abovyan bunun sırf siyasi təqib olduğunu bildirib. Onun sözlərinə görə, Milli Təhlükəsizlik Xidməti Tsarukyanın evində axtarış aparır. Deputat deyib ki, onlarda olan məlumata görə, axtarış 2017-ci il seçkilərində Martunidən namizədliyini irəli sürmüş bir nəfərdə olan sənədlə bağlıdır. Ermənistan xüsusi təyinatlılarının güc tətbiq etdiyi insanlar arasında hüquq-müdafiəçisi Ruben Məlikyan da olub.