(Milli xarakter, yaxud milli mentalitet?) Mentalitet sözündən xoşum gəlmir. Bu söz doğma deyil bizə, yadellidir. Əvəzinə özümüzün gözəl sözümüz var: milli xasiyyət (xarakter), yaxud, azərbaycanlılıq. Bu ifadəni həm də ona görə sevmirəm ki, hansısa səhvlərin, düz yerdə etdiyimiz əyrinin üstünü malalamaq, haqq qazandırmaq üçün çıxarırıq "mentalitet" sözünü ortaya. Harada uduzuruq, adını qoyuruq mentalitet. Rüşvət alırıq-veririk, özümüzə haqq qazandırırıq ki, günah bizdə deyil, mentalitet günahkardır. Tikanlı məftillərdən çəkilmiş çərçivəyə döndərmişik bu mentaliteti. Yaxşılı-pisli nəyimiz var, doldurmuşuq o çərçivəyə. Və hələ də o çərçivəni doldurmaqda davam edirik. Əsrlərdən keçib gəlmiş gözəl və doğma adət-ənənələrimizlə yanaşı bu günün tələbinə tam əks olan və bəzən də bizə yad olmalı olan xüsusiyyətləri doğma mentalitet amilləri tək qəbul edirik. Ən qədim tarixi, kökü olan xalqdır bizim xalq. Öz gözəl adətləri ilə, ənənələri ilə, milli xarakteri ilə! Xalqımızın bu milli xasiyyəti müsəlmançılığa keçməzdən min illər qabaq formalaşıb. Tariximizin, keçmişimizin və gələcəyimizin keşiyində həmin milli xasiyyətimiz durub. Bizim xalq bu milli xasiyyətin təzahürü olan dövlətçilik və müstəqillik atributlarını öz əlində cəmlədiyi qədim vaxtlarda sərbəst dövlətçiliyi olan xalqları barmaqla saymaq olardı. Lakin buna baxmayaraq, 20-ci əsrin 90-ndan başlayaraq bu günəcən davam edən ictimai-siyasi böhranlar xalqın mentalitetində, milli mənəvi dəyər anlamında təəssüf doğuracaq dərəcədə izlər buraxdı. 20 Yanvar hadisələri xalqın özünüdərk hisslərini gücləndirsə də, sonrakı illərdə mənəvi dəyər anlamı cılızlaşaraq başa düşülməyi çətin olan fenomenə çevrildi. Sanki, Vətənin tacı sayılmalı olan Qarabağı uduzan xalq Qarabağın qarğışına tuş oldu. Bu Qarabağ rüsvayçılığının ağır yükü etnik dəyəri böhranlı bir vəziyyətə gətirib çıxartdı. Bizim emosional aləmimizdə, davranışımızda, təfəkkürümüzdə sürətli dəyişikliklər baş verirdi. Tarixdən bu günə gəlib çıxmış gözəl keyfiyyətlərə məxsus etnik xüsusiyyətlərimiz özünü ən çox mənfi mənada göstərməyə başladı. Sadəlik, kənar şəxsə hörmət, təmənnasız xeyirxahlıq, səmimilik, ədalət kimi dəyərlər yalançılıq, yaltaqlıq, "əl-əl yuyar" kimi prinsiplərin cilovuna düşdü. Nisbi bərabərçiliyə öyrənmiş və sadə, şəffaf mənəviyyata məxsus xalq sonu görünməyən, məqsədi bilinməyən total məkrliyin caynağına düşdü. Sanki, heç tariximiz olmayıb, yeni formalaşan xalqıq biz. Qədimliyimizə, azadlıqsevər olduğumuza şübhə ilə yanaşanlara dünyanın məşhur kitabxanalarında - arxivlərində saxlanılan Azərbaycan oğuzlarının "Kitabi-Dədə Qorqud" dastanını oxumağı məsləhət edirəm. Azərbaycanımızın ərəblər tərəfindən qanlı-qadalı işğalından, qılıncdan keçirildiyi dövrdən əvvəl yazılmağa başlamış bu dastanda xalqımızın yadellilərə qarşı qəhrəmanlıq mübarizəsi, ellərin-obaların birləşməsi, xalqda vahid dövlətçilik ideyasının gücü tərənnüm olunur. "Kitabi-Dədə Qorqud" təkcə unikal bədii ədəbiyyat nişanəsi yox, həm də min illiklərə üz tutmuş gözəl adət-ənənələrimizi özündə toplayıb saxlayan çox gözəl tarixi abidədir. Əgər mənim ixtiyarım, gücüm yetsəydi, inanın ki, bütün imkanlı şəxslərə, hərbçilərə, vəzifəlilərə, ziyalılara bu dastanı oxudardım və imtahan edərdim. Bəlkə onda, Oğuz bəylərinin Vətən uğrunda ölümə asanca gedə bilməklərini oxuyanda, bu günkü Qarabağ dərdinin ləyaqətə təsirinin nə qədər olduğunu düşünərdilər. Milli xasiyyət (xarakter) sosial-fəlsəfi anlayışdır. Əxlaqi bacarığımızın, adətlərimizin, dini etiqad dərəcəmizin, Vətənə münasibətimizin, ictimai şəraitdə (suallarda) özümüzü necə aparmağımızın daxil olduğu bir toplumdur. Milli xarakter öz növbəsində iki istiqamətdən ibarətdir: milli ideologiya, milli-siyasi şüur. Çox vaxt milli xarakteri təşkil edən bu "ikiliyi" elə "milli mentalitet" tək qəbul edirlər. Mən bu fikri yanlış sayıram. Milli ideologiya nə olan şeydir? Müstəqilliyimizdən 30 il keçməsinə baxmayaraq, hələ də bu anlayış bizdə çətin başa düşülən, var-yoxluğu, mahiyyəti tam dərk edilməyən bir varlıq sayılır. Milli ideologiya hər xalqa məxsus olan ictimai istəkdir: dünya xalqları (dövlətləri) sırasında özünə münasib yeri tutmaq, təbiətin və Yaradanın verdiyi imkanlardan gözəl yaşayış naminə istifadə etmək deməkdir, vahid arzudur. Eyni zamanda, milli ideologiya hər bir vətəndaş üçün yaşadığı cəmiyyətdə hansı yeri tutmağa çalışmaq yolunda göstəricidir. Dövlətin xalqa münasibətini, xalqınsa dövlətə, Vətənə, onun müdafiəsinə, rifahi naminə çalışmasına olan həvəs-istəyini qidalandıran, nizamlandıran amildir. Bu fenomen hər xalqın öz gözəl gələcəyi uğrunda yaxşı mənada seçdiyi mübarizə yoludur. Milli ideologiyanın əsas daşıyıcısı xalqdır və xalqın ifadəçisi olan Dövlətdir. Bu fenomenin güclülüyünə Dövlət cavabdehdir. Milli ideologiya o vaxt zəfər çala bilər ki, Xalqın və Dövlətin marağı üst-üstə düşsün. Bu gün Azərbaycanda milli ideologiyaya, onun hər bir vətəndaşa aşılanmasına, onun təbliğinə qarşı çox soyuq münasibətərə yol verilir. Əfsuslar olsun ki, milli ideologiyaya göstərilən bu laqeydliyin nəticəsində xalqla xalqın ifadəçisi olmalı dövlət arasında sanki, nəhəng boşluq yaranıb. Milli ideologiyamızın zəif və çətin qəbul edilməsinin bir səbəbini mən Azərbaycanda vətəndaş cəmiyyətinin tam formalaşa bilməməsində görürəm. Güclü vətəndaş cəmiyyətinin və milli ideologiyanın olduğu yerdə hər bir vətəndaş vətən qarşısında, onun bütövlüyü, ingişafı qarşısında öz üstünə düşdüyü məsuliyyəti gözəl hiss edir. Vətəndaşlıq hüququnun başa düşüldüyü yerdə, şah olduğu yerdə fərdi cavabdehlik yüksəkdə olur. Bizdə isə, vəziyyət tam fərqlidir. Başqa səbəb də tapmaq olar. Gələcək naminə atılacaq addımların bünövrəsində Tariximiz və tariximizə hörmət dayanmalıdır. Milli ideologiya həmin bu bünövrəyə əsaslanmalıdır. Tarix müqəddəsdir, hansı səhifələrdən ibarət olmasından asılı olmayaraq. Əfsuslar, bu günlərdə tariximizin çox səhifələri, o cümlədən, milli ideologiyamızın başlanğıc təkan qüvvəsi ola biləcək səhifələr unudulur. Elə səhifələr ki, mili siyasi şüurun, milli kimliyimizin oyanmasında əvəzsiz rol oynamışlar. Bir xalq daxilində, bir xalqın həyatında yol etmiş tarixi "mənim tarixim" və "mənim olmayan tarix" prinsipi ilə bölmək olmaz. Bu gün böyük təbliğat imkanları olan radio-televiziya, digər kütləvi informasiya vasitələri xalqımıza xas olan gözəl adətlərin, mənəvi dəyərlərimizin, milli ideyanın təbliği yolunda bütün bacarıqlarından istifadə etmirlər. Xüsusən də, bəzi televizia kanallarına baxanda belə qərara gəlmək olar ki, bu kanallarda kimsə çalışır ki, xalqın yaddaşını yuyub tarixdən bu günə gəlib çıxan yaxşı nə varsa yox etsinlər. Elə görünür ki, fərdi vətəndaşından tutmuş, infomasiya (xüsusən, TV-lər) vasitələrinə kimi, institutlar parakəndə maraq daxilində yaşayırlar, hərə öz marağı daxilində mübarizə aparır. Buna görədir ki, ümumi mənafe, milli maraqlar toplusu olan milli ideologiya, qalır anlaşılmaz vəziyyətdə. MİLLİ SİYASİ ŞÜUR - bu bölməni ikicə sözlə də adlandırmaq olar, MİLLİ ŞÜUR. Amma, bu fenomenin siyasi baxımdan dəyəri əvəz olunmazdır. Həyat tərzi, psixaloji vəziyyət, milli qürur kimi istiqamətlərdən ibarət olan ŞÜUR anlamı o dərəcədə geniş əhatəlidir ki, istər-istəməz siyasiləşir, syasi tənqidə, təhlilə məruz qalır. Etnik mənsubluq, el-oba qayğısı, böyük-kiçiklik, ədəb-ərkan - bütün bunlar milli siyasi şüurumuzun qızıldan yoğrulmuş parçalarıdır. Milli siyasi şüurun bütün anları məsuliyyətə çağırışdır, vicdana üz tutmaqdır. Hüququn varlığı və dərk edilməsi, fikir azadlığı kimi amillər də milli siyasi şüurun beyinlərdə varlığından asılıdır. Milli siyasi şüurun daşıyıcısı vətəndaşdır. Söhbət təkcə ziyalı-savadlı təbəqədən getmir. Hər bir şəxs doğulub yaşadığı torpaq qarşısında şüurlu olmaq borcundadır. Və burada, milli siyasi şüurun ən vacib mərhələsi çıxır ortaya. Vətən qeyrəti. Bu anlayış Vətəni sevmək, onu qorumaq, Vətənə, Anaya olan qədər münasibət bəsləmək deməkdir. Bəs bizdə bu məsələdə işlər nə yerdədir? 20% torpaqlarımız əsarət altında olduğu bir vaxtda biz milli şüurdan, milli qürurdan danışmağa nə qədər haqqlıyıq? Milli siyasi şüuru - milli qüruru, Vətən qeyrəti yüksəklikdə olan vətəndaş hər qarış torpağı göz bəbəyi tək sevməlidir, vətən torpağının azadlığı yolunda qurban verməyə hazır olmalıdır. Vətən torpağı bağçalarda bitmir, əvəz olunmur. Vətən torpağı tarixlərdən keçib gələn, babalarımızın bizə etibar etdiyi vahid ərazidir. Nə qədər itirə-itirə gəlmişik son illərdə! Və kimlərə uduzmuşuq! Onu qeyd etmək istəyirəm ki, milli şüurumuzun ən parlaq biruzə verdiyi dövrlər - Çar Rusiyası dövründən bu yana - 20-ci əsrin ikinci on illiyi və 1990-cı ildən sonraya aiddir. Qalan dövrlərdə, Çar Rusiyasının türk anlayışına düşmənçiliyi, sovet sisteminin sərt beynəlmiləlçiliyi milli şüurumuzu tam iflic vəziyyətə salmışdır, etnik (türkçülük) mənsubluğumuzu, azərbaycanlılığımızı (vətəndaşlıq anlayışımızı) şüurumuzdan az qala silməyə çalışmışlar. Bu işdə molla-fars rejimi də əlindən gələni etmişdir. Bi iki rejimə köməkçi isə erməni faktoru olmuşdur. Bu gün isə antiazərbaycan, antitürk qüvvələr erməni faktoruna Vətənimizdə yaşayan digər azərbaycanlıları - etnik qrupları qoşmağa çalışırlar. Real baxışlarla baxmaq lazımdır bu günə. Düşmən tərəfindən atılan daşların dalınca qaçanları ifşa etmək lazımdır. Bu el, bu oba, bu Vətən bizimdir, bölünməzdir! Biz bir yerdə güclüyük, heç kim bizi məğlub edə bilməz ağzıbirlik, doğruçuluq olsa! Milli şüur - etnik mənsubluğundan asılı olmayaraq, azərbaycanlılıq şüuru - idarə etməlidir bizi. Və sonda: bizim bu gün özümüzə kənarda dayanıb "seyr etmək" kimi seçdiyimiz yoldan əlavə ikinci bir yolumuz da var: Vətən qeyrəti yolunda, Vətən uğurunda, Qarabağ uğrunda ölümə getmək yolu! Dədə Qorqudun, Oğuz igidlərinin seçdiyi yol!
© 2020 - Created by İLK XEBER.