(lirik poema) Səbrin, Allah səbridir, səbrinə qurban olum. “Qisas! Qisas!” – hayqıran Günahsız şəhidlərin Qəbrinə qurban olum. Bu gün aman günümüz, Sanki, yaman günümüz. Ağrı, əzab, kədər, qüssə Sıra-sıra düzülüb. Əlimiz, ayağımız, Arxamız, dayağımız, Hər bir yerdən üzülüb, Hər bir yerdən kəsilib. Çürük sap tək nəzilib. Para-para Azərbaycan, Parça-parça Azərbaycan. Xıncım-xıncım, tikə-tikə, Qıça-qıça Azərbaycan. Torpağımın altı yatır, üstü yatır, Yerdən duran cumub dartır, Şimal dartır, Cənub dartır. İlan dartır, bağa dartır, Daşnak dartır, Dığa dartır... Gülümüz vağam olub, Dərmədik vağam olub. Dünənki nökərimiz, bu günsə “ağam” olub. Xankəndidə, Şuşada, Kəlbəcərdə, Laçında, Ağdamda “darğam” olub. Ayaqqabımı yamayan, Ayaqlarımı yuyan, Eşşəyimin çulunu, Noxtasını daşıyan, Hambal dığa Daşnakyan Gülbahar bağlarımda Sarımsaq, soğan olub... O, dünənki altdığım Mənə qənim, yağıdır. Göylərə ucaltdığım Xan naxış sarayımı, Bəy naxış ulduzumu, Günəşimi, ayımı, Viran edib dağıdır, Çilik-çilik eyləyir. Qərinədən artıqdır Qızımız, gəlinimiz Daşnakstan adlanan Daşlıq xarabazarda Nökərçilik eyləyir... Moskvanın, Tehranın Əlini, ayağını, Yalağını yalayır. Vaşinqtonun, Parisin Qabağında diz çöküb Quyruğunu bulayır. Gecəsi, gündüzü yox, Daşnak ulduza hürür. Üstümüzə yüyürür Qotur, çolaq atında. Dövlətimiz, varımız, Namusumuz, arımız, Ayaqları altında. Azərbaycan adını Daşımağa haqqımız yox! Bu gün bizim bu torpaqda Yaşamağa haqqımız yox! Bu gün aman günümüzdü, Sanki yaman günümüzdü... Bəs harda qaldı bizim Çox əsrlik tariximiz, Çox zamanlıq tariximiz? Qəhrəmanlıq tariximiz? Bəs harda qaldı görən, Şah İsmayıl Xətainin Əlçatmayan xanədanı? Babəkimin, Cavad Xanın, Tarix girdablarında Günəş odlu qızıl qanı, Zaman-zaman calanmış. Nədir? Onda şan-şöhrətli tariximiz yalanmış!? Nədir onda İstiqlalın yollarında Şəhidlərin qızıl qanı, Alver, bazar, cəhl, şəhvət yollarına Elə-belə dağılmış?! Nədir? Onda Qəhrəmanlıq tariximiz, Əfsanəymiş, nağılmış?.. Bəsdir artıq! Şair, bəsdir, Burda saxla! Yaramızı çox oydun sən Küt bıçaqla. Keçmişimiz, tariximiz Qətiyyətdir! Əfsanə yox, bir nağıl yox, Həqiqətdir! Həqiqətdir! Bəsdir artıq, Qanı axan yaramızın közlərini Nidalarla, suallarla körüklədin! Bəsdir! Bəsdir! Dayaz, axar çaylar kimi Köpüklədin! Bunu sübut etmək üçün, Düşdüyümüz günümüzü Quru tabut etmək üçün, Bir oğul istəyir vətən, Yeriyəndə yer tərpənsin, Ayaqlarının altında! Əbədiyyət hökm eyləsin, Hər anında, hər günündə Qolundakı saatında! Bir oğul istəyir vətən, Bu torpağın Hər daşını, çınqılını duya bilsin! Hər otunu, hər gülünü, Qanqalını duya bilsin! Qəzəbi kinin üstünə qoya bilsin! İmanı dinin üstünə qoya bilsin! Nifrəti hirsin üstünə qoya bilsin! Murovu Kirsin üstünə qoya bilsin! “Hoy! Hoy!” - desin, “Hey, hey!” - desin! Hər sözündə, kəlməsində Bir can kimi bir olmalı, Quzey desin, Güney desin! BİR oğul istəyir Vətən, Hər bir sözü, hər kəlməsi, Mənə çatsın, sənə çatsın, Ona çatsın, buna çatsın! Mənə yetsin, sənə yetsin, Ona yetsin, buna yetsin! Elə oğul istəyir vətən, Hər cümləsi belə bitsin: “Özündə qüvvətin, özündə qüvvən! Özünə arxalan, özünə güvən!” Dərk et, bu niyyəti, Bu həqiqəti: Qohuma, yadlara göz dikmək olmaz! Vaxtdır! Ayağa qalx! Gecikmək olmaz!” Bir oğul istəyir vətən, Əyninə vulkanları, Tufanları geyinsin! Ən qanlı tarixləri, Zamanları geyinsin! Bir oğul istəyir vətən, Dişiylə, dırnağıyla Bəndləri, bərələri, Kor düyünləri qırsın! Çox ucadan hayqırsın! Onun həqiqət səsi qitə-qitə yayılsın. Qocalıqdan kar olmuş, Qulaqları tutulmuş Qoca dünya ayılsın. Həqiqətin uğrunda, Ədalətin uğrunda, Təpər, qeyrət oyansın. Yeyib-içməkdən sonra Dərin yuxuya getmiş Millətimiz oyansın. Bir oğul istəyir vətən, Nərəsi, hayqırtısı Komandan kürsüsündə Koroğlu nərəsi tək Dağlar, dərələr ötsün. Eşidən düşmənləri, Qara yerin altına, Torpaq altına dürtsün! Daşnaklara, dığalara gor oxusun! On milyonluq Azərbaycan, Yer üzündə əlli milyon. O tay, bu tay Azərbaycan, Bir ağızdan xor oxusun: “Daha sözlər qurtarıb, Ucuz sözlər qurtarıb! Baha sözlər qurtarıb. İndi söz silahındır! İndi söz Allahındır!” De, vardırmı belə oğul, De, vardırmı, Azərbaycan? Mən bu sualları verdiyim zaman, Bir səs gəldi, qeybdən! Bir səs gəldi uzaqdan: “Vardır, vardır, belə oğul! Öz xalqına həm hökmdar, həm o, qul! Vardır, vardır belə oğul!.. Bu səs necə doğma idi, Bu səs necə təmiz idi! Bu səs necə mehribandı, Bu səs necə əziz idi! Bu səs zirvələrdən uca, Dəryalardan dərindi! Bu səs Ulu Öndərindi! Həmişəki tək Bu səs bütöv, bu səs tamdı! Davam etdi: “Vardır, vardır belə oğul, O, İlhamdı! İşğalçıya o, qənimdi, O, qisasdı, intiqamdı! Mən o kəsə, mən o şəxsə, Özümdən çox inanıram! Qarabağı düşünəndə, Mən İlhamı anıram. İlham mənim Həyatımın davamıdı! Azərbaycan tarixində başladığım Büsatımın davamıdı! Vardır, vardır belə oğul, Öz xalqına həm hökmdar, həm o qul! Vardır, vardır, vardır, vardır! İnanıram! Tək bircə o, xilaskardır! Yalnız İham Hər addımı atacaqdır, Hər bir riskə, Hər əmələ gedəcəkdir. Qarabağı, Kəlbəcəri, Qubadlını, Zəngilanı, Cəbrayılı, Ancaq İlham, yalnız İlham Azad, xilas edəcəkdir. Yalnız İlham torpaqları, Xilas, azad eyləyəcək! Qara, qurşun Buludların altındakı Dərələri, dağları, Xilas, azad eyləyəcək! Hər qarışı, hər addımı, O, adbaad eyləyəcək. Xarabazar, viran qalmış Obaları, elləri İlham abad eyləyəcək!... Mən onunla, tək onunla, İlham ilə ata kimi, Mən ucaldım, mən yüksəldim. Mən İlhamı xalqım üçün, yurdum üçün. Öz yerimə qoyub gəldim! Bu eşq ilə, bu inamla, Hər an, hər gün mən yanıram. Mən İlhama inanıram! Özümdən çox inanıram! Bu səs ötən tarixlərin səsi idi, Bu səs gələn əsrlərin səsi idi! ULU Öndər dərsi idi... Bakı, 22 may 2020 il.
© 2020 - Created by İLK XEBER.