"Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir". "Report"un məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da üç modul tipli xəstəxananın açılışı zamanı deyib. Dövlət başçısı bildirib ki, indi bütün ölkələrdə yumşaldıcı addımlar atılır, o cümlədən Azərbaycanda: "Buna baxmayaraq, mən onu da demişdim ki, əgər görsək xəstələrin sayı kəskin artır, yenə də məhdudlaşdıracağıq. Bu məhdudlaşdırıcı addımların səbəbi də bəllidir. Bəzi insanlar məsuliyyətsizlik göstərirlər. Ancaq bütövlükdə deyə bilərəm ki, Azərbaycan cəmiyyəti çox böyük məsuliyyət, nizam-intizam göstərir. Şənbə-bazar günlərində xüsusi karantin rejimi bunu göstərdi, qayda pozuntuları çox cüzi sayda olmuşdur. Bu, onu göstərir ki, vətəndaşlar məsuliyyəti dərk edirlər. Ancaq hər bir vətəndaş bunu dərk etməlidir. Çünki bir məsuliyyətsiz vətəndaş yüz nəfəri yoluxdura bilir, onların və özünün həyatını risk altına ata bilir". Prezident İlham Əliyev vurğulayıb ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq: "Həkimlərin ümumi rəyinə görə, peyvənd icad olunana qədər insanlar bu xəstəlikdən əziyyət çəkəcəklər. Ona görə biz də hazır olmalıyıq ki, yeni davranış qaydaları çərçivəsində yaşayaq. İndi bunun başqa yolu yoxdur. Bir daha demək istəyirəm ki, bu davranış qaydaları insanlara o qədər də əziyyət vermir. Sadəcə dediyim qaydalara əməl etmək və daha məsuliyyətli olmaq lazımdır".
© 2020 - Created by İLK XEBER.