Bu şikayət ərizəsini imzalayan vətəndaşlar Samir Nuriyevin kobud rəftarına, təhqirinə, qanunsuz əməllərinə məruz qaldıqlarına görə qərara gəliblər ki, mətbuat vasitəsi ilə Prezidentə, Mehriban xanım Əliyevaya, Sahil Babayevə və Ombudsmana müraciət etsinlər: "Xahiş edirik şikayət ərizəmizi yerində bizim iştirakımızla araşdırıb vətəndaşlarla etkadan kənar kobud rəftar edən, insanları açıq-aşkar çəkinmədən təhqqir edən Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevin barəsində ciddi tədbirlər görəsiniz".
Şikayət ərizəsinə imza atan 70 yaşlı Mehdiyev Bayram Qüdrət oğlu yazır: "Qoca insanam. El-oba arasında nüfuz və hörmətim var. Oğlum Asif 2018-ci il tarixdən işsiz kimi Ucar rayon Məşğulluq Mərkəzində qeydiyyata alınıb. Ata olaraq narahat olub oğlum Asifin işi ilə maraqlanmaq üçün Mərkəzə getdim. Müdir Samir Nuriyev mənə dəhlizdə kobuscasına dedi ki, nəyə gəlmisən. Ona oğlum Asif Mehdiyevin işsiz kimi burada qeydiyyatda olmasını bildirib nə vaxt işlə təmin olunacağını soruşduqda ucadan qışqıraraq "İş yoxdur buranı tərk et" cavabını verib kobud hərəkətlər etdi. Mən ondan övladım yaşda olmasını bildirib kobudluq etməməyi xahiş etdikdə o daha da coşub qışqıra-qışqıra dedi ki, "mən sənin övladın ola bilmərəm, rədd ol buradan çıx get, düdüyün biri düdük" deyərək məni nalayiq şəkildə təhqqir etdi. Mənim 70 yaşım var indiyə qədər belə ədəbsiz, nalayiq hərəkət edən, insanları alçaldan vəzifəli şəxslə rastlaşmamışdım. Samir Nuriyevin mənə qarşı etdiyi etikadan kənar nalayiq hərəkətlər mənə çox pis təsir etdi, əsəb sarsıntısı keçirdim. Bu adam həm tərbiyəsiz, həm qanacaqsız həm də insanlığa yaramayan bir neqativ ünsürdür.
Sonradan mənə dedilər ki, Samir Nuriyevin xasiyyəti belədir insanlarla belə etikadan kənar kobud şəkildə davranır hətta əlbəyaxa dava da edir. O bu vəzifəyə təyin edildiyi qısa müddət ərzində insanlara arasında ciddi narazılıqlar yaradıb".
Şikayətçi Şirinov Raqif Ayaz oğlu yazır: "Himayəmdə iki azyaşlı uşağım var. Həyat yoldaşım və mən işsizik. İşlə təmin olunmaq üçün uzun müddətdir ki, Ucar rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdayam. İşlə maraqlanmaq üçün Məşğulluq Mərkəzində getmişdim. Həmin vaxt mərkəzin müdiri Samir Nuriyev mənimlə kobud rəftar etdi, acılayıb dedi ki, işin yoxdur, ailəni dolandıra bilmirsənsə get özünü öldür. Mən bundan çox məyus oldum hətta gözümə qaranlıq gətirdi ki, ali təhsilli idarə rəhbəri görün, mənə nə təklif edir. Bunu təsdiq edən şahidlər var və araşdırma aparılan zaman adlarını göstərəcəm. Samir Nuriyev demək olar ki, hər gün vətəndaşlarla belə kobud rəftar edir acılayıb təhqir edir. Belə tərbiyəsiz insanın dövlət qulluğunda işləməsi yolverilməzdir. Onu da qeyd edim ki, bu barədə şikayət ərizələri ilə müraciətlər etdikdən sonra işlə təmin olunmuşam. Ancaq xahişim budur: belə yaramaz tərbiyəsiz insanın qanunu qaydada cəzalandırlmasıdır".
Digər şikayətçi SəfiyevHaqverdi Səfi oğlu 3-cü qrup gözdən əlildir və 230 manat təqaüd alır. Himayəsində böyüyünün 8, ortancılının 7 yaşı və kiçiyinin 9 ayı olmaqla 3 uşağı var. "İki uşağım məktəbli olsa da imkansızlıqdan dərsə getməyiblər. Çünki ailəmizdə heç kəs işləmir. Ancaq 3-cü qrup əliliyə görə aldığım 230 manatın ümidinə qalmışıq. Aclıq, yoxsulluq və səfalət içində yaşayırıq. Buna isə yaşamaq demək olmaz. Həmçinin sağ gözüm kordur. Kənddə yaşasaq da iri və xırdabuynuzlu heyvanlarımız yoxdur. Tövləmiz və torpaq sahimz var. Ancaq maddi imkanımız yoxdur ki, iri və ya xırdabuynuzlu heyvan alıb saxlayıb gəlir əldə edib normal dolanaq. Buna görə mən özünüməşğulluq proqramında iştirak edib aktivlə təmin olunmaq üçün Məşğulluq Mərkəzinə müraciət etdim. Müdir Samir Nuriyev mənə qarşı kobudluq göstərdi, etik normalara uyğun olmayan rəftar etdi. Bu adam vətəndaşlarla çox kobud nifrət və qəzəblə rəftar edir. Buna görə mən bir daha ora getmədim. Çünki Samir Nuriyevin etikadan kənar tərbiyəsiz hərəkətləri mənə çox pis təsir göstərdi"-deyə şikayətçi qeyd edir.
Kərimbəyli Emin Mustafa oğlu isə yazır ki, özü və həyat yoldaşı işsizdir. İşlə təmin olunmaq üçün uzun müddətdir ki, Ucar rayon Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdadır Onun yazdığına görə, işlə maraqlanmaq üçün atası Kərimov Mustafa Oktay oğlu Məşğulluq Mərkəzində gedən zaman mərkəzin müdiri Samir Nuriyev onunla kobud rəftar edib "rədd ol, buradan çıx get" deyib: "Mən bunu eşidib çox pis oldum. Çünki Samir Nuriyevə bu haqqı kim verib ki, 55 yaşlı kişiyə "rədd ol, buradan çıx get" deyir. Mən eşitmişəm ki, o insanlarla çox pis rəftar edir, vətəndaşları təhqqir edir, pozğun hərəkətlərə yol verir. Belə tərbiyəsiz insanın dövlət qulluğunda işləməsi yolverilməzdir".
Şikayətçi İsmayılov Fikrət Qüdrət oğlu da yazır ki, ailəsi 4 azyaşlı uşaq olmaqla 6 nəfərdən ibarətdir. Özü "DOST" İş Mərkəzi MMC-nin xətti ilə ictimai işlərdə fəhlə işləyir və ayda 250 manat maaş alır. Ancaq 6 nəfərlik ailənin başqa gəliri yoxdur. "Buna görə acınacaqlı vəziyyətdə yaşayırıq. Elə olur ki, quru çörək almağa maddi imkanımız olmur. Aldığım maaş 6 nəfərlik ailənin 10 gün normal yaşamağına güclə çatır. Həyat yoldaşım işlə təmin olunmaq üçün Ucar rayon Məşğulluq Mərkəzində bir ildən çoxdur ki, qeydiyyatdadır. Həyat yoldaşımın işlə nə vaxt təmin olunması üçün 12 may 2020-ci il tarixdə Mərkəzdə oldum. Həmin vaxt idarənin müdiri Samir Nuriyev heç bir əsas olmadan mənimlə kobud rəftar edib, alçaldıb idarədən qovdu. Mənə dedi ki,"Prezident İlham Əliyevin göstərişi var bir ailədən bir nəfər işləyə bilər, buna görə sənin həyat yoldaşın işlə təmin oluna bilməz, sən kanal, zibil təmizləyənə oxşamırsan, üstün təmizdir, başına molla papağı qoymusan, get mollalığını et". Mən Samir Nuriyevdən kobudluq etməməyi xahiş etsəm də o daha da coşub mənə qışqıra-qışqıra dedi ki, "sənin kimilər acından ölməlidirlər, rədd ol çıx buradan get". Mərkəz müdirinin etdiyi nalayiq hərəkətlər mənə çox pis təsir etdi, əsəb sarsıntısı keçirmişəm. Bu şəxs vəzifəyə yaramayan tərbiyıəsizdir"-F.İsmayılov qeyd edib.
Digər bir şikayətçi Zakirov Təvəkkül Müğdət oğlu da Samir Nuriyevin əməllərindən narazılıq edir: "Mənə qarşı etdiyi qanunsuzluğa görə ailəm aclıq içində yaşamağa məhkum olub. 2019-cu il tarixdə özünüməşğulluq proqramına qoşulmaq üçün qeydiyyata alındım, 17 günlük təlimdə iştirak etdim. Həmin təlimdə iştirak edən 16 nəfərin hamısı aktivlərlə (iri və xırda buynuzlu heyvanlarla) təmin edildilər. Ancaq mənə qanunsuz olaraq aktivlər verilmədi. Hansı ki, mən təlimdə yüksək bal topladım, həyətyanı sahəmə baxış keçirilib, otlaq sahəm və tövləm var. Samir Nuriyev insanlarla kobud rəftar edir, qanunsuzluğa, süründürməçiliyə yol verir. Onun bu qanunsuz hərəkətlərinə görə mənim 4 nəfərlik ailə üzvülərim aclıq içində yaşamağa məhkum edilib. Hansı qanuna əsasən mənimlə birlikdə təlimdə iştirak etmiş 16 nəfərə aktiv verildiyi halda mən bu hüquqdan məhrum edilmişəm?"
Səfərov Elman Ağalı oğlu ailəsində heç kəsin işləmədiyini yazır. Dediyinə görə, işlə təmin olunmaq Ucar rayon Məşğulluq Mərkəzində işsiz kimi 5 ildir ki, qeydiyyatdadır. İşlə maraqlanmaq üçün bir il əvvəl Məşğulluq Mərkəzinə gedəndə ona bildiriblər ki, avtomobillərin yuyucu sexində boş iş yeri var orada işləyə bilərsən: "Mən onlara izah etdim ki, 55 yaşım var böyrəklərimdə xəstəlik olduğu üçün avtomobillərin yuyucu sexində işləyə bilmərəm, çünki səhhətim buna yol verməyəcək. Mənə münasib iş verin ki, işləyib ailəmi dolandıra bilim. Mənim sözümə əhəmiyyət verilmədi. Məndən sonra iş axtaran kimi qeydiyyata alınmış şəxslər isə işlə təmin olundular. Bir ay əvvəl yenə Məşğulluq Mərkəzinə iş axtarmağa gedən zaman yenə mənə avtomobillərin yuyucu sexində işləməyi təklif etdilər. Mən həmin vaxt başa düşdüm ki, Mərkəzin rəhbərliyi məni ələ salır. Rəhbərliyin insanlarla aqressiv davranmasını, etik qaydalara riayət etməsini insanlardan eşitmişdim və əyani şahidi oldum. Samir Nuriyev özünü hegomon kimi aparıb insanları alçaldıcı sözlərlə təhqqir edir, aqressiv danışr".
"Mən Həsənov Sarvan İbrahim oğlu özünüməşğulluğa görə qeydiyyatda idim. Ucar rayon Məşğulluq Mərkəzinin əməkdaşları gəlib tövləmə baxış keçirdilər. Həmin vaxt qonşuluğumda yaşayan qardaşım Sərxanın heyvanları mənim həyətyanı sahəmdə otlayırdı. Mən onlara bunu izah etdikdə bəhanə gətirib mənə həmin proqramdan qanunsuz olaraq çıxardılar. Mən onlara izah etdim ki, kənd icra nümayəndəsindən arayış alın soruşun ki, mənim iri və xırda buynuzlu heyvanım yoxdur. Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyev üstümə qışqırıb dedi ki, "bizi ələ salmısan sən kimsən, ağıllı ol heyvana oxşayan". Bu insanın dövlət işində işləməsi yol verilməzdir. Qeyd edim ki, rayonda elə vətəndaşa özünüməşğulluq proqramı ilə iri və xırda buynuzlu heyvanlar verilib ki, onlar işləyirlər, heyvan saxlayırlar var. Buna dair faktlarım var"-bu da növbəti şikayətçinin yazdıqlarıdır.REDAKSİYADAN: Yuxarıda yazılanlarla bağlı əməkdaşımız Ucar rayon Məşğulluq Mərkəzinin müdiri Samir Nuriyevlə telefonla (0202130159) əlaqə saxlayıb. Mərkəz müdiri haqqında deyilənləri yalan adlandıraraq təkzib edib. "Mənə şər-böhtan atırlar, işgüzar nüfuzuma xələləl gətirirlər. Onlarla məhkəmədə görüşəcəyik"-deyə Mərkəz rəhbəri əməkdaşımıza bildirib.