“Yaltaqdan söhbət gedirsə qürurun buna nə aidiyyatı var? Mövzu qürurdursa niyə yaltaq şərh edilir?” Özünüzü çətinə salmayın, oxuyun yaltaqlıqla qürurun “vəhdətindən” agah olacaqsınız. Qaranlıq məqamlara öz-özünə aydınlıq gələcək. Əminəm ki, oxuduqca deyəcəksiniz ki, “hə, filankəs də belədir”. Bəlkə də, siz məndən də çox qürurlu yaltaq tanıyırsınız. Qürurunu sevimli pişiyi kimi əzizləyən, nazı ilə oynayan bir nəfər tanıyırdım. Hamıdan özünə zorla hörmət tələb edirdi. Hər kəslə oturub- durmur, hər evin kandarına ayaq basmırdı. Özünü mötəbər hesab edirdi. Hər kəsin qarşısında əyilməzdi. Sadə təbəqənin arasında böyük nüfuza malik idi. Hamı onun şəxsiyyətinə həsəd aparırdı. Hər şeyi vardı- vəzifəsi, pulu, həm də ad-sanı. Ona həsəd aparan sadə insanlar bilmirdi ki, bu adam yaltaqlana-yaltaqlana qürurlu olub. Özündən vəzifəcə böyük adamların qarşısında kiçildiyini görməmişdilər. Belə şeylər gizlində baş verirdi. Bu “sözgötürməz adam” özündən böyüklərin necə ağır kəlmələrini qəbul etdiyini, onların qarşısında necə ikiqat olduğunu heç kim ağlına gətirmirdi. Qohum-qonşu onun “karlı” dostlarına həsədlə baxıb köks ötürəndə bilmirdilər ki, bu “mötəbər” adam o mötəbər dostlarla əlaqə yaradanacan qürurunu mis məftil kimi nə qədər sağa-sola əyib. Bu məqamlardan xəbərsiz olan adamların bildikləri yalnız bu adamın həmin dostların səbəbinə övladlarını “oxutmağı, vəzifəyə qoymağı” idi. Bu “səviyyəyə” çatanacan onun neçə nəfərin qapısının ağzında səhərəcən qaldığından, neçə nəfərə rüşvət verdiyindən heç kimin xəbəri yox idi. Tək bir nəfər bilirdi onun iç üzünü. Sirrini bildiyi üçün bu adamı da onun görməyə gözü yox idi. Həmişə ondan qaçırdı. Gecə- gündüz onun bu məsələləri camaata danışa biləcəyi qorxusu ilə yaşayırdı. Yaltaqlığına, saxtakarlığına baxmayaraq övladları atalarını çox sevirdi. Bu xüsusiyyətlər ailədə müqəddəs hisslər sırasında idi. Hər şeyi bu iyrənc xüsusiyyətin səbəbinə əldə etmişdilər. Özlərindən “yuxarıların” heyifini də həmişə özlərindən “aşağılardan” çıxıblar. Yoxsul mənəviyyatını ucuz şöhrəti ilə ört- basdır edən ata övladlarına toy edəndə də ətrafındakıların ona daha çox həsəd aparması üçün az-çox şöhrəti olan adamları dəvət etmişdi. Onunçün bu böyük xoşbəxtlik idi. Yaltaqlıqla bərabər qüruru necə qorumalı olmağın yollarını övladlarına da öyrətmişdi. Öləndə rahat öldü. Balaları həyatda öz yerlərini tapacaqlar.
© 2020 - Created by İLK XEBER.