“Jülyen” salatdır, bilirəm, amma mən onu demirdim ki…" Gəl sübut elə. Vasif müəllim salam, yazdığınız bu məqalə vasitəsilə sizinlə söhbət etdim sanki. Sizin yazınızda oxumadığım kitablardakı qəhrəmanların dərdinə şərik oldum. Qəhrəmanların, yaşadığı mühitdən doğulan əzablarının, indi bizdə davam etməsini seyr etdim. Düşüncənin elə bir məqamı gəlir ki, insanın söhbəti də, bir zamanlar yazdığımız inşa da, qəhrəmanların xaraktercə analiz edildiyi kimi səslənir. Ona görə bu məzmunlu söhbətə məqalə deyirlər. Yazdığınız məqaləni oxudum sanmayın, düşüncələrinizlə söhbət etdim. Söhbət demişkən, hər xırda detalln mənə nə şəkildə çatdığını, hər kəs kimi mən də özüm bilirəm axı. Yəni bir “layk” işarəsi qoyaramsa, siz hardan biləcəksiz ki, bu “layk”, “Jülyen salatı”nın laykıdır, yoxsa,.. Belə məqamda Kərbəlayi Sadiqin çox bəyəndiyim, əsil söhbət üslubunu xatırladım: birinci abzasdan anladığım,.. ikinci abzasdan anladığım,.. üçüncü abzasın dördüncü cümləsinə etirazım,... və sair. Bir az anlayanlar yığcam danışar, bir də əhatəli anlayanlar. Bəli, insan çox əhatəli anlama dairəsində anlayışlı olarkən də yığcam ifadə edir fikrini. Eynən heç nə anlamayanlar etdiyi həcmdə, yığcam. Hətta, “susma xassəli” heç nə anlamayanlar kimi, susmağı da öyrənir İnsan uşaq həddinə qədər bir qocaldıqca acizləşir, bir də bildikləri çoxaldığca. Bildiklərini çatdıra bilmədikcə yenidən gücsüzləşir, sanki. Daha qısa ifadə etmək istəyir fikrini. Düşündükcə zənginləşir, zənginləşdikcə yenidən, onu anlamayan insanlardan daha da uzaq düşür, yadlaşır, anlaşılmaz olur insan. Eynən qocalıqda olduğu kimi, hətta dinlənilməz olur. Mən də qəlb yanğınızı anladığımı ifadə etmək üçün bir cümlə işlətdim, “ürək yanarkən deyilmiş fikir qəlbin tüstüsüdür”. Fikrimi ya abzaslarla açıqlamalı idim, ya da bir cümlə ilə. Bir cümlədə dedim fikrimi, lakin fikrim yenə məqalənin yanında qaldı. Çünki bu məqalədə düşüncənizlə söhbət etdim, dərdləşdim, elə bil. Qeyd edim ki, eyni tipli elmlərlə məşğul olanlar bir-birinin “harda” olduğunu anlayır. Çünki eyni proqramla təhsil alır (müstəsnalar olmaqla). Mənim kimi “özü yeriyənlər” qarşısındakının harada olduğunu bilmədən artıq fikir, lüzumsuz təklif də işlədə bilər, düşünürəm. İndi isə Kərbəlayi Sadiq demişkən, 1-ci abzasda Üzeyir bəyin qəlb ağrılarını, 2-ci abzasın sonunda sizin göz yaşınızın bir damlasının səsini eşitdim: “axı mən başqa məqsədlə yazmışdım,...”. 1-ci abzasdakı birinci cümlədə səslənən suala, Üzeyir bəyin cavabını da eşitdim. Bu cavabda ifadə olunmuş “səbəb”in də, hələ insan dünyasının dərinliklərində öz səbəbləri var. Belə səbəbləri araşdırmada ikən nəticələri ifadə edən yazılarım meydana çıxıb. Deməli, sizin cümləyə hopub axan göz yaşının mənasının, “axı mən bu məqsədlə yazmamışdım,...” təəccübünə çevrilməsinə səbəb olan, səbəblərin səbəblərini insan dünyasında axtarmaqdayam. 3-cü abzasdakı Julyen “anası ölmüşü” də anladım. Siz ondan bəhs edərkən, onu hətta “salatla” qarışıq salmışdılar. Bəlkə də, qarışıq salmamışdılar, sadəcə, Jülyenin mənəvi əzablarına biganə qalaraq, Julyenin salat formasını müzakirə etməyə üstünlük vermişdilər. Bu halla müqayisədə rus yazıçılarının onu,“ artıq adam”larla müqayisə etməklə bəyənməməsi, əskik, cılız, pis mənada çevik sayması şükürlü idi. Bəs necə olur ki, insanlar bir-birini eşidə bilmir? Mən qeyri-ixtiyari, bu halların baş vermə səbəbini araşdırmaqdayam. Həm yazıram, həm özümü dərk etməyə cəhd edirəm. Hansı yazının ədəbiyyat, hansının fəlsəfə, hansının psixologiya olmasını anlamağa cəhd edirəm. 4-cü abzasdakı uca mənanı dərk etdim: ”Məgər (qaçarsansa) vətəni ayaqqabılarının altında özünlə apara bilərsən?” 5-ci abzasın birinci cümləsində Jülyenin, “salatdan fərqli” cəhətini bir daha anladım. Mühitə gülən tip olaraq “Kefli İsgəndəri” xatırladım. Amma demirəm ona oxşatdım, çünki kitabı oxumamışam. Səhv etsəm, onu salata bənzətməkdən betər olacaq, deyə düşündüm. Hər halda, Kefli İsgəndər əqli cəhətdən 0-cı mərtəbədə olanlara gülürdüsə, Jülyen mənəvi cəhətdən son dərəcə varlı Dantonlara gülürdü. Yəni “insan dərinliyi dərk edə bilməyəcək” qəmi ilə Dantona gülür, adaptasiya olmağa cəhd edirdi. Qeyd edim ki, xəstə cəmiyyətlərin “julik”lərə hərisliyi, vampirizm kimi bir şeydir. Öz obrazının eynisini sevə bilir insan. Həm də ona görə vampirizm ki, həyat və hadisələri başqa nöqteyi-nəzərcə analiz edənlərin üslubu ilə düşünsək, “julik”lər öz hərəkətindən doğulan mühitin acı olaraq, zəifləmiş tərəfin “enerjisini sümürür”. Elə bu abzasdakı səbəblərin də, öz səbəbləri və onların izahı var. 6-cı abzasdan deyim. Turgenev yazır: “Tufan böyük ağacları kökündən qoparır, qaratikan komaları isə əyilmiş kökündən yenə qalxır”. Bu cümlə təbiətlə insanın cüzi nəzərə çarpan eynixassəliyini, saniyənin onda biri hesabı ilə şüuraltı müqayisə etmək nəticəsində doğulan ifadə tipi, fikrin çatdırılma tərzidir (təbii ki, ədəbiyyatda belə yazıların öz adı da var, yeri də). Səbəblər, səbəblərin səbəbləri və onların da səbəblərinin hara qədər uzandığını, adlandırmağa qüdrətim çatmasa da, yazılarımda qismən adlandıra bilmişəm. Bir budağın üstü ilə gedirkən dində irfan adlandırılan elmin üzərinə çıxır yolum, onların öz nitq üslubu var. Digər budağın üstü ilə gedirkən həmin həqiqətin fəlsəfə adlandırılan üzünü gördüm və s. Amma hər şeyin kökünü, bir həqiqətə bağlı olan gördüm. Turgenevin yazdığı üslubdakı nitq insanın əqlən yönələrkən rast gəldiyi həqiqətin ifadə üslubudur. Nə Turgenevin deyil, nə Şərqin, nə Qərbin. Həqiqətin o rəngini, o çalarını, onun baxdığı baxış bucağından kim baxarsa, görər, fikrini o nitqlə söyləyər; özünü, həm sözünü bənzətməyə mübtəla olanlar müstəsna olmaqla; yazmaq naminə yazanlar, müstəsna olmaqla (bir də, bəlkə, doğrudan da) ayrı-ayrı millətlərin, siz dediyiniz tərzdə kökündən cücərən üslubunun ola bilməsi ehtimalı müstəsna olmaqla (yəni mənim xəbərsiz olduqlarım). Böyük peyğəmbərlərdən başlamış hələlik kiçik əqli mərtəbədə olub, bəlkə, dərkin o həddinə haçansa çata biləcək adama qədər hər kəs öz görə bildiyi həcmdən əlavə həm də vara bildiyi dərinlikdə (bilgi qatlarında) analiz edər, təsvir edə biləcəyi həddə nitqini qurar. Çünki insanın şüurən hansı dərinliyə vara biləcəyindən asılıdır nitq üslubu. Bir mətləbdən kənar məsəllə fikrimi ifadə edim: Pərvanə xanımın, eyni dərinlikdə bəhs etməsi sayəsində,“bu abzası elə bildim mən yazmışam”, - deyə zarafat etdiyi kimi. İnsan səbəblərin səbəblərini arayaraq dərinliyə vardıqca var olan bilgilərin həcmi bir nöqtəyə qədər kiçilir. Elə həmin məqamda insan nitqində böyük mənalar yığcamlaşıb bir neçə cümləyə sığa bilir, eynən kəlamlar kimi. Lakin belə çümlələr əqli səviyyənin birinci vərəqində olanlar üçün məna kəsb etməyən çümləyə də çevrilə bilir; əqli inkişaf yoluna tuşlanan eyni səviyyəli adamlar üçün yol göstərən nurlu çırağa da çevrilə bilir. Əlbəttə, birində məna daha dəyərli, birində məna nisbətən dayaz olur bu kəlmələrin. Bəzən isə mənası daha dərin olanlar anlaşılmadıqca, digər insanların nəzərində sübutunu tapmadıqca onların nəzərində mənasızlıq daşıyıcısına çevrilər. Eynən mənası əlçatmaz olan müqəddəs kəlamlar kimi. Odur ki, səviyyənin iki məqamını yaşayan iki nəfər bir-birini anlaqsız məxluq kimi görə bilir. Səviyyə, yəni hər şeyin hansı dərinliyinə köklənməklə düşünəcəyindən asılı olaraq o dərinliyə köklənməklə yaşayış tərzinə, davranışlara tələbatı, o dərinliyə köklənməklə danışıq qabiliyyəti deməkdir insanın. Bir də eyni zaman həcmində müxtəlif adamların fərqli baxışlarla seyrana çıxması, səviyyələrdə gəzişməsi var. Təbii ki, maddi və mənəvi səviyyələr müxtəlif məna daşıyıcısıdır. Əqli səviyyə isə biri həyati elmin, biri də mənəvi elmin səviyyəcə artması olaraq iki fərqli aləm kimi anlaşılır. Yuxarıda qeyd etdim ki, mənəvi bilgilər çoxaldıqca, daha yüksək-dərin qatlarda təyin edilir. Daha yüksək qatlarda təyin edildikcə, məna və ifadə edilmə etibarilə, yığcamlaşır, yığcamlaşır,... ən yığcam formada ən uca mənanı kəsb edir, sevgini. Var olan insanların və var olan kainatın varlığını təmin edəcək, azad ruhun bəxş etdiyi yeganə hiss, öz ifadəsini bir sözün həcminə sığışdırır. Ən uca qatın sahibi olan Allahın, ən uca kəlamını dərk edən insan şüuru, ən uca bilgini ifadə edir. Bu, sevgidir.
© 2020 - Created by İLK XEBER.