Koronavirus pandemiyası və bununla yanaşı tətbiq olunan xüsusi karantin rejimi iqtisadiyyata da mənfi təsir göstərdi. Biznes müəssisələri bağlandı, insanlar işindən və gəlirlərindən məhrum oldu. Hökumət yaranan problemlərin aradan qaldırılması üçün biznesə, fərdi sahibkarlara və vətəndaşlara yardım üçün vəsait ayırdı. Lakin sonradan karantin rejimi yumşaldıldı, iş yerləri bərpa olundu. Son günlər isə şənbə və bazar günləri ilə bağlı sərt karantin rejiminin tətbiq edilməsi təkrar olaraq yenicə nəfəs almağa çalışan özəl sektora zərbə vurdu. Çünki əksər sahələrdə biznes üçün ən gəlirli dövr məhz şənbə və bazar günləri sayılır.
Bəs görəsən, bundan sonrakı dövrdə hökumət vətəndaşlara və özəl sektora hansı dəstək mexanizmləri həyata keçirəcək?
“Yeni Müsavat”a mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov vurğuladı ki, pandemiya dövründə sağlamlıq qədər iqtisadi məsələlər də əhəmiyyət kəsb edir: “Karantin və sosial təcrid tədbirlərinin tətbiq olunduğu dövrlərdə, aprel və may aylarında vətəndaşlara birdəfəlik maliyyə yardımları həyata keçirildi, eyni zamanda biznesə, kiçik və orta sahibkarlara, fərdi sahibkarlara yardım edildi. Nəzərə alsaq ki, muzdlu işçisi olan sahibkarlara 215 milyon manat vəsait ayrılmışdı, fərdi sahibkarlar üçün isə 80 milyon manat vəsait ayrılması rəsmiləşdi. Nəticə etibarilə sahibkarlar aprel ayından etibarən müraciət edib, həmin vəsaitlərdən faydalandılar. Əslində digər ölkələrin təcrübəsi də göstərir ki, pandemiya dövründə iki məsələ çox aktual olur. Birincisi, vətəndaşların sağlamlığının qorunması, digər məsələ isə mərhələli şəkildə iqtisadiyyatın yenidən açılımı və sahibkarların dəstəklənməsi”.
Deputatın sözlərinə görə, Azərbaycanda pandemiyanın birinci dövründə vətəndaşların və biznesin birbaşa dəstəklənməsi həyata keçirilib, ikinci dövrdə isə sahibkarlara daha çox təşviqedici dəstək nümayiş etdirməyə başlanıb: “Burada söhbət ondan gedir ki, vergi güzəştləri parlament tərəfindən təsdiq olundu, dövlət başçısı tərəfindən təsdiq olundu, artıq sahibkarlar, əsasən də pandemiyanın təsir etdiyi sektorlarda çalışan sahibkarlar vergi güzəştlərindən istifadə etmək imkanlarına malikdirlər. Nəzərə alsaq ki, burada əmlak və torpaq vergisi sıfırlanıb, kirayədən vergi iki dəfə azaldılıb, eyni zamanda iri sahibkarlara vergi güzəştləri ilə yanaşı, sadələşdirilmiş vergi subyektləri üzrə də vergi güzəştləri tətbiq olundu, artıq bunlar aktivdir və sahibkarlar bu güzəştlərdən istifadə edə bilirlər”.
V.Bayramov vurğuladı ki, qadağaların biznesə vurduğu ziyanın qarşılığında, hökumət vergi xərclərini azaltmaq və güzəştli kreditlərlə özəl sektora dəstək olacaq: “Ona görə də həftəsonu karantin qaydalarının tətbiq edilməsi fonunda hökumət tərəfindən təşfiqedici paket tətbiq olunduğu üçün bu sahibkarların xərcinin xeyli dərəcədə azalmasına gətirib çıxaracaq. Bununla yanaşı, yarım milyard manatlıq güzəştli kredit portfelinin 60 faizi dövlət zəmanəti ilə veriləcək, təxminən 1 milyard manatlıq kreditlə bağlı da subsidiya mexanizmi tətbiq olunub. Bu da kredit faizlərinin 10 faizinin subsidiya edilməsi anlamına gəlir. O baxımdan təşviqedici mexanizmlər çox əhəmiyyət kəsb edir. Pandemiyadan əziyyət çəkən sektorlar üçün vergi güzəştləri ilin sonuna qədərdir. İlin sonuna qədər sahibkarların xərclərinin, vergi dərəcələrinin aşağı salınması ilə azaldılması əsas hədəf olaraq qalacaq. O baxımdan həm kiçik və orta müəssisələr, həm də fərdi sahibkarlar artıq həmin güzəştlərdən faydalana bilirlər. Bu da onların xərclərinin əhəmiyyətli hissəsinin azaldılması üçün imkan yaradacaq”.
Qeyd edək ki, bizneslə bağlı uzunmüddətli güzəşt və təşviq tədbirləri həyata keçirilsə də, vətəndaşlara verilən birdəfəlik ödəmələr iyunda verilməyəcək. İyun ayında 190 manatlıq birdəfəlik ödəmənin verilməsi nəzərdə tutulmur. Yalnız ötən dövrdəki proseslə bağlı şikayət ərizələrinə baxılır.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov deyib. O bildirib ki, karantin rejiminin yumşaldılması, əmək bazarının canlanması insanlara yenidən öz iş yerlərinə dönməyə imkan verir: “İnsanlar artıq öz gəlirlərini formalaşdırır və qazanclarını əldə edirlər. Vətəndaşlar göndərilən imtina cavablarından haqlı və haqsız narazılıqlarını bildirə bilərlər. Ərizələrə baxılma müddəti var, 1 ay müddətində cavab verilir. Biz bunu daha operativ həyata keçiririk”.
F.Talıbov həmçinin qeyd edib ki, may ayında 3 mindən çox vətəndaş əmək müqaviləsi bağlayıb: “Əmək müqaviləsi bağlayarkən həmin şəxslərin işsiz statusu ləğv edilir və 190 manatı almır. Vətəndaş 190 manat almaqdansa, daha çox işləmək marağındadır”.
“Yeni Müsavat”