Mayis Səfərli, Yurddaş Partiyasının sədri Neqativlərinə və müəyyən yan təsirlərinə baxmayaraq, həyatımızda sosial şəbəkələrin rolu getdikcə artır. Hakimiyyət strukturlarından asılı olmaması, interaktivliyi, yəni, qarşılıqlı əlaqələr qurmaq imkanı, sərbəst platformaları müasir insanın həyatının tərkib hissəsinə çevrilir. Bəzən bu şəbəkələr ictimai rəy, dövlət idarəçiliyi üçün faydalı informasiya resursları təqdim edir... Koronavirusa yoluxmaların artma səbəbindən hökumət həftəsonu qapanma tədbirlərinə qərar verdi. Bu addım həm tibbi, həm də hüquqi baxımdan düzgündür, onu müzakirə predmetinə çevirmək, əsla,doğru olmaz. Doğru olan budur ki, müvafiq dövlət orqanları qapanma saatlarından öncə mağaza və marketlərdə nələrin baş verə biləcəyini, hansı ajiotajın yaşana biləcəyini qabaqcadan nəzərə almaması və uyğun tədbirləri həyata keçirməməsidir. Sosial şəbəkələrdə bununla əlaqədar yetərincə videogörüntülər vardır. Ticarət salonlarında əsl insan tıxacı yaranıb, məsafə gözləyən yoxdur, insanlar bir-birlərinə qarışıb,aralarında maskasızlar da az deyil, çörək üstündə az qala əlbəyaxa döyüş gedir... Yeri gəlmişkən, hər birimiz alış - verişə gedərkən şahidi oluruq ki, kassirlər, satıcılar heç də həmişə hər əməliyyatdan sonra əllərini dezinfeksiya etmir, əlcəklərini dəyişmirlər. Bütün bunlar yoluxma üçün ən münbit zəmindir. Mağazanın girişində növbə rejimi təşkil etmək, alıcıları sanitar -gigiyena qaydalarına riayət etmək şərtilə içəriyə məhdud sayda buraxmaq olmazdımı? Prosesə çox sayda polis işçisinin, daxili qoşunlar hərbçilərinin cəlb edildiyini nəzərə alsaq, bunu tənzimləmək iki vur iki qədər asandır. Polis demişkən,koronavirusla mübarizədə bu şərəfli peşə sahibləri də,həkimlərimiz kimi ön cəbhədədirlər. Həyatımızı, sağlamlığımızı qorumağa xidmət edən qanunların, qaydaların yerinə yetirilməsini təmin edən daxili işlər orqanlarına da böyük təşəkkürlər düşür. Var olsunlar ! Lakin sosial şəbəkələrdə ayrı - ayrı polis əməkdaşlarının mövcud tələbləri pozan bəzi vətəndaşlara qarşı sərgilədiyi kobud hərəkətlər, sərt davranışlar cəmiyyətdə narazılıqlar yaradır. Bu səpgidə də sosial şəbəkələrdə paylaşılmış görüntülər az deyil. Qadağanı pozub deyə insanla sərt davranmaq olmaz. Adamların hamısı normal düşüncə, zəka, ağıl sahibi olsaydılar, ideal cəmiyyətdə yaşayardıq - polisə gərək də olmazdı. Başqa bir vacib məsələ də nə vətəndaşların gözündən, nə də onların qacetlərinin kamerasından yayınmır. Yerli hakimiyyət orqanları xərc çəkir, şəhərlərdə, qəsəbələrdə dezinfeksiya işləri aparırlar. Söz yox ki, bu, epidemiyanın qarşısını alan vacib fəaliyyətdir. Amma avtomobil yollarının hərəkət zolaqlarına bol-bol dezinfeksiya vasitələrinin sərf edilməsi heç də başa düşülən deyil. Səkilərin, keçidlərin, binaların girişlərinin, həyətlərin, uşaq meydançalarının, oradakı yelləncəklərin və digər qurğuların daha tez - tez təmizlənməsi məqsədəuyğun olardı. Biz gerçəkdən də bütün bəşəriyyəti lərzəyə salan təhlükəli bir bəla ilə üz-üzəyik. Ona qalib gəlmək hər birimizdən həm də məsuliyyət tələb edir. Bunu koronavirusla mübarizədə böyük işlər görmüş dövlətimizin başçısı Ilham Əliyev də bütün son çıxışlarında dönə - dönə vurğulayıb.
© 2020 - Created by İLK XEBER.