Azpost.info bildirir ki, bu barədə ABŞ-ın 42-ci prezidenti Bill Klintonun Prezident Kitabxanasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üzərindən məxfilik götürülmüş bir sıra sənədlərdəki yazışmalardan bəlli olub.
ABŞ Prezidenti Klintonun şəxsi nümayəndəsi Preselin Rusiya Sərhəd Qoşunları komandanı, general Andrey Nikolayevlə olan danışıqları ilə bağlı hazırladığı məxfi məruzədə Cənubi Qafqazdakı vəziyyət, Gürcüstan və Azərbaycandakı ərazi münaqişələrinə dair müzakirələr əks olunub.
Bu danışıqlarda Rusiya tərəfi ABŞ nümayəndələrinə münaqişə bölgəsinə Rusiya sülhməramlılarının yerləşdirilməsi, həmçinin Azərbaycan-İran sərhədinin birgə mühafizəsinin təşkilinə dair konkret təkliflərini çatdırıb.
Məktubda bu təkliflər hər bənd üzrə qeyd olunur və izahı verilir.
Presel Klintona yazır ki, Rusiya Sərhəd Qoşunları komandanı A.Nikolayev Dağlıq Qarabağdakı situasiyanı təsvir edərək hansı addımların vacib olduğunu açıqlayıb:
“Nikolayev bildirdi ki, Gürcüstan prezidenti Şverdnadze könülsüz də olsa MDB-nin sülhməramlı kontingentinin Abxaziyaya yeridilməsinə razı olub. Azərbaycan rəhbəri Heydər Əliyev Rusiya sülhməramlılarının Dağlıq Qarabağa daxil olması təklifini ümumiyyətlə yaxına buraxmır və bunu istəmir. Heydər Əliyev ATƏT-ə ümid edir və Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə nümayəndəsi Kazimirovun təqdim etdiyi planı imzalamaq istəmir”.
Prezident Klintonun nümayəndəsi Presel A. Nikolayevin
“ATƏT özünün kontingentini nə vaxt Qarabağa göndərəcək?” sualına təsdiqləyici cavab verib. Deyib ki, bu həftə ərzində ATƏT 36 müşahidəçisini göndərəcək.
Nikolayev qeyd edib ki, ATƏT sülhməramlı müşahidəçilərdən danışır, amma Dağlıq Qarabağda ABŞ-ın Somalidə etdiyi kimi eləmək lazımdır. İlk növbədə sülh yaradılmalıdır. Bundan sonra beynəlxalq müşahidəçilər göndərilə bilər:
“Nikolayev dedi ki, bunu təmin etmək üçün sülhməramlılar ilk olaraq Dağlıq Qarabağa göndərilməldir. Amma Azərbaycan rusların sülhməramı kontingentinin əleyhinədir. ATƏT isə Dağlıq Qarabağ tipli regional münaqişələrə müdaxilə etməyə hazır deyil. Ona görə, Rusiya Dağlıq Qarabağda fəaliyyət göstərəcək”.
Bununla yanaşı A.Nikolayev bildirib ki, Rusiya Dağlıq Qarabağda qarşıdurmanın tərəfdarı deyil.
Preselin Nikolayevə verdiyi
“Rusiya Dağlıq Qarabağda liderliyi qəbul edə bilərmi?” sualının cavabında rus generalı bildirib ki, yalnız Rusiyanın vasitəsi ilə sabitliyi təmin etmək mümkün ola bilər. ATƏT müşahidəçiləri isə hüdud xətlərində daimi monitorinq apara bilərlər:
“Nikolayev dedi ki, 36 ATƏT müşahidəçisi bütün bu işi görə bilməz. Sülh şəraiti təmin olunan kimi ATƏT müəyyən müşahidəçi qrupunu göndərə bilər”.
Daha sonra tərəflər SSRİ-nin İranla keçmiş sərhədlərini müzakirə ediblər. Nikolayev bildirib ki, Rusiya üçün Azərbaycan-İran sərhəddinin bağlanması mühüm məsələdir:
“General Nikolayev bildirdi ki, Moskva sərhəddən islam fundamentalizmi, narkotiklərin, terrorizmin yayılmasından narahtdır”.
“Nikolayevin sözlərinə görə, Rusiya Azərbaycana təklif edib ki, sərhədi birgə mühafizə etsinlər. Amma Azərbaycan bundan imtina edib. Nikolayev dedi ki, Rusiya analoji təklifi Türkmənistana da edib. Söhbət Azərbaycanın rəhbərliyi altında olacaq ümumi sərhəd komandasının qurulmasından gedir” –deyə məxfi yazışmada vurğulanır.
Danışıq zamanı Rusiyalı komandan bəyan edib ki, əgər Azərbaycan buna razı olmayıbsa bu zaman Rusiyanın Azərbaycanla Dağıstandan keçən sərhəddini möhkəmlətməkdən başqa seçimi qalmır. General xüsusi vurğulayıb ki, bu yolla Rusiyaya ticarət üçün gedən azərbaycanlılar həmin sərhəddin bağlanmasını istəmirlər.
Preselin verdiyi
“nə üçün Rusiya Azərbaycana bizim Ukrayna və Moldovaya təklif etdiyimiz qaydada informasiya mübadiləsi və birgə təlim təklif etmir?” sualına Nikolayev bildirib ki, hətta 5-10 ildən sonra da Azərbaycanın öz sərhəddini qorumaq üçün gücü olmayacaq.
Persel SSRİ vaxtı bu sərhədi qorumaq üçün nə qədər əsgərin ayrıldığını soruşub. Nikolayev deyib ki, sovet vaxtı sərhəd 4 bölmədə 1500 nəfər olmaqLa 6000 sərhədçi qoruyurdu. İndi isə orada 3-5 əsgər durur. Persel soruşub ki, Rusiya bu sayı necə artıracaq. Nikolayev deyib ki, bu Azərbaycanın istək və tələbindən asılı olacaq.
Daha sonra danışqların məzmunu konkret bəndlər üzrə toplanır və bəndlər üzrə Prezident Bill Klintona məruzə olunub.
Göründüyü kimi, 1994-cü ildə yenicə müstəqil olmuş Azərbaycan ciddi xarici təhdidlər qarşısında qalıb. Prezident Heydər Əliyevin birmənalı mövqeyi Rusiyanın Dağlıq Qarabağa sülhməramlı qoşunlarının yeritməsinə imkan verməyib.