Mayis Səfərli,
Yurddaş Partiyasının sədri
Bu bir gerçəklikdir ki, ildən iıə günümüz-güzəranimiz yaxşılaşır. Yeməyə çörəyimiz, içməyə suyumuz, geyimimiz-keçimimiz... Beşindən geriyiksə, onundan irəlidəyik. Lakin lap billur saraylarda yaşasaq belə, hər gün dünyanın ən ləziz yeməklərini yesək belə, ən bahalı paltarlarını geyinsək belə bir millət olaraq qəlbimiz yaralı, könlümüz kədərlidir. Torpaqlarının əhəmiyyətli bir hissəsi erməni tapdağı altında qalmış, bir milyondan çox övladının elindən-obasından didərgin salınmış, on minlərlə şəhid vermiş,soyqırımlara məruz qalmış, hələ də düşmən əsirliyində inildəyən yüzlərlə qız-gəlininin olduğu bir millətin əhvalı necə ola bilər ki?..
Fəqət bu belə davam etməyəcəkdir. Bir gün qəhrəman Azərbaycan əsgəri murdar düşmənin təpəsinə şığıyacaq, onu əzəcək, məhv edəcək. Hər an əmr gözləyən ordumuzun hansı gücə, igidliklərə qadir olduğunu hər kəs yaxşı bilir. Bunu bizdən də yaxşı düşmən tərəf 2016-cı il aprel döyüşlərində, 2018-ci il Naxçıvan əməliyyatında öz üzərində gördü. O, kiçik savaşlarda əsgərimizin düşmənə vurduğu böyük yaralar hələ də sağalmamışdır. İllərdir ki, erməni liderləri, generalları röyalarında bizim savaşçılarımızı görür, diksinib qışqırırlar...
Son illərdə sülh danışıqlarında qeyri-konstruktiv mövqe nümayiş etdirən, sərsəm bəyanatları ilə hisslərimizlə oynayan erməni liderləri,deyəsən, gerçəkdən boş başlarının Azərbaycan əsgəri tərəfindən qoparılmasını istəyirlər. Ermənistan bütün həyasızlıqları, beynəlxalq qanunlara zidd hərəkətləri, danışıqlarda qeyri pozitiv davranışları ilə bizə başqa yol qoymur.
İyunun 3-də Prezident Ilham Əliyev Qarabağa-cəbhə bölgəsi Tərtər və Ağcabədiyə səfəri zamanı bu məsələyə növbəti dəfə münasibətini açıqladı. Dövlət başçısı birmənalı şəkildə bildirdi ki, münaqişənin həllinin yeganə yolu - ölkəmizin ərazi bütövlüyünün bərpasıdır. Yəni, hansısa güzəştlərdən danışmaq qeyri mümkündür. Vətən tortağınin bir qarışı, kiçik bir daşı mübahisə predmeti ola bilməz. İlham Əliyevin bəyanatında diqqəti cəlb edən tezislərdən birinə xüsusi diqqət yetirməyi vacib sayıram: "Biz güc toplamalıyıq, daha da güclü olmalıyıq və olacağıq. Eyni zamanda,geosiyasi vəziyyət elə olmalıdır ki, bizim bütün addımlarımız uğurla nəticələnsin".
Lakin bu o demək deyil ki, biz əlimizi-qolumuzu yanımıza salıb,oturub vəziyyətin xeyrimizə dəyişməsinə ümid etməliyik. Burada məşhur bir misal yada düşür: "Dəniz qırağında oturub onun sakitləşməsini gözləmək ", Bəlkə,heç təlatüm səngiməyəcək, fırtına sovuşmayacaq. Deməli, hər cür tufana sinə gərə biləcək gəmi inşa etməliyik!
Zənnimcə, Prezidentin çıxışının fəlsəfəsi də budur. "Biz güc toplamalıyıq" ifadəsi təkcə güclü təlim görmüş, daha müasir silahlarla təhciz olunmuş orduya işarə deyil. Söhbət dövlətimizi bütün istiqamətlərdə güclü və yenilməz etməkdən gedir. Düşünürəm ki, bunu geniş şərh etməyə lüzum yoxdur. Son illərdə ölkədə aparılan islahatlarlrın, dəyişikliklərinin hədəfi də, fikrimcə, budur.
Xarici siyasətimiz, dünya birliyi ilə əlaqələrimiz, beynəlxalq təşkilatlardakı fəaliyyətimiz həyata keçirilən yeni siyasi kursun prioritetlərinə çevrilməlidir. Yalnız hücumçu diplomatiya ilə biz erməniləri, onların havadarlarını bütün müstəvilərdə, platformalarda küncə sıxışdıra, dünyanın siyasi ab-havasını xeyrimizə dəyişdirməyə nail ola bilərik...
Bu yolda hamılıqla dövlətimizin, prezidentimizin yanındayıq! Bu yol müqəddəs yoldur - bizi qələbəyə aparan yoldur!