Mən 41 illik əmək fəaliyyətim dövründə ilk dəfədir belə bir yazı yazıram. İstəyən araşdıra bilər. Allaha şükür, indi insanların keçmişini, gələcəyini özündən də yaxşı öyrənmək imkanları var. Əməkdar jurnalist Azər Həsrətin “AMEA MEK haqqında yazmalı olduq yenə də...” yazısını oxuyandan sonra bu yazını yazmaq məcburiyyətində qaldım. Çox istərdim ki, müəllif bu yazını yazmadan öncə yenə MEK-ə bir səyahət edərdi və son bir ayda görülən işlərlə tanış olardı. Eybi yox, indi də gec deyil, nə vaxt gəlsə məmnuniyyətlə qarşılayarıq. Əvvəla, onu deyim ki, mənim Leyla İmanovaya çox böyük hörmətim var. Çox mədəni, xeyirxah, insanpərvər, humanist insandır. Bəli, o, düzdür ki, işdə hamı onu sevir və hörmət edirdi. Çünki içi mən qarışıq işçilərin 90 faizini özü götürmüşdü və öz yaxın qohumları idi. Çox təəssüf ki, Leyla xanım ixtisasçı deyildi və götürdüyü kadrlar da ixtisasçı deyildi. Bilirsiniz, məni bir kitabxanaçı kimi ömrüm boyu yandıran o olub ki, çoxları, hətta səlahiyyət sahibləri belə elə düşünür ki, kitabxanada işləmək üçün kitabxanaçı olmaq vacib deyil. Yəni hər kəs burda işləyə bilər. Kitabxanaya, kitabxanaçıya belə münasdibət çox yanlışdır. Kitabxana da əhəmiyyətli bir elm sahəsidir və onun da özünəməxsus incəlikləri var, bunu bilmədən necə işləmək olar? Mənim bildiyim qədəri ilə Azər müəllim də ixtisasca kitabxanaçıdır, kitabxanada işləməsə də, 5 il Universitetin Kitabxanaçılıq fakültəsində təhsil alıb, ümid edirəm ki, mənim iradlarımla razılaşacaq. Mən dəqiq bilmədiyim, inanmadığım hər hansı bir məsələ haqqında öldürsələr də, danışmaram. Birincisi, 95 illik tarixə malik bir kitabxananı 6 bölməyə sıxışdırıb bir şöbə altında birləşdirmək çox yanlış idi. Köhnə kadrlar bir-bir kitabxanadan inciyərək getdi. Mən çox çalışdım ki, saxlayım, alınmadı. Hər şeyi kadrlar həll edir, ixtisaslı, təcrübəli kadrları nə yolla olur-olsun saxlamaq lazım idi. Gedənlərdən biri mənə dedi ki, mənə deyirlər, burda 8-ci sinfi bitirən uşaq da işləyə bilər, necə qalım, necə işləyim? Haqlı sözə nə deyəsən? Kitabxana üçün, dövlət, elm üçün çox vacib olan iki şöbəni ləğv etdilər. “Azərbaycanşünaslıq” və “Elmi metodik” şöbəni. “Azərbaycanşünaslıq” şöbəsi kitabxanaya daxil olan bütün dövi mətbuat nəşrlərində gedən elmi məqalələrin kartotekasını yaradırdı. 2014-cü ildən sonra bir məqalə belə işlənmədi. İndi bu boşluğu doldurmaq üçün şöbəni bərpa edib var gücümüzlə çalışmalıyıq. Çünki bu, çox vacib sahədir, alimlər, tədqiqatçılar məni daha yaxşı anlayar. Hətta əyalət kitabxanalarında belə bu iş aparılır, respublikanın ən böyük kitabxanalarından biri olan MEK-də isə buna əhəmiyyətsiz bir şey kimi baxdılar. Dəfələrlə müraciət etdim, icazə istədim ki, mən bu işi bərpa edim, alınmadı. Hamı bilir ki, MEK AMEA-nın elmi müəssisələrinin metodik mərkəzidir və bütün tarixi boyu metodik rəhbər rolunu oynayıb. Kitabxanaşünaslıq elminin son nailiyyətlərini, qabaqcıl təcrübəni kitabxanaya gətirən, tətbiq edən, metodik vəsaitlər hazırlayan bir şöbəni ləğv etmək hansı prinsipə uyğundur? Kitabxanaçı olmayan da bilir ki, ümumi və fərdi uçot kitabı olmadan kitabxana olmaz. 2014-cü ildən sonra kitabxanaya daxil olan kitabların nə ümumi uçot kitabında, nə də fərdi (inventar) uçot kitabında qeydiyyatı aparılmadı. 2019-cu ildə kitabxanaçı vicdanımın təhriki ilə rəhbərliyin xəbəri olmadan mən son 5 ilin inventar kitabını əməkdaşların köməyi ilə bərpa etdim. Rəhbərlik yalnız ilin sonunda, hesabatda xəbər tutdu. Bir ildən artıq yeni daxil olan kitablara kartoçka yazılıb ənənəvi kataloqa düzülmədi. İndi o boşluğu doldurmaq qeyri-mümkündür. Amma yenə yollarını düşünürük ki, görək necə bərpa edərik. Deyirsininiz ki, Sevil Zülfüqarova öz müsahibəsində son 5 ilin uğurlarından danışıb. Xeyr, zəhmət olmasa, o müsahibəni bir də diqqətlə oxuyun, əgər son illərin uğurlarından danışsaydı, elektron kataloqdan, elektron kitabxanadan, virtual xidmətdən danışardı. Çünki müasir dövrün tələbi və nailiyyəti bu olmalıdır. İndi kitabxanaların əksəriyyətində kitabxana-informasiya prosesləri avtomatlaşdırılıb. Bu sahədə son 5 ildə MEK nə edib? Kustar üsulla bir kitabxana proqramı yaratdılar, bütün kitabxana əməkdaşları səfərbər olundu, xeyli də ədəbiyyat salınmışdı, 2019-cu ilin martında proqram dayandı, dedilər ki, virus düşüb. İnsanların göz nuru hesabına görülən iş zay oldu. Peşəkarlar tərəfindən hazırlanmayan, beynəlxalq sertifikatı olmayan proqramın aqibəti zatən bəlli idi. İndi bütün dünya kitabxanaları onlayn xidmət edir oxucularına, biz nə edirik? Əlacımız kəsilib kitabları pdf formatda oxuculara təqdim edirik. Mən fondların mühafizəsi bölməsinə rəhbərlik edirdim. Düz 5 il çalışdım, 20 qadını iynə ucu qədər hava keçməyən zirzəmidən, pəncərəsiz otaqlardan yuxarı mərtəbələrə qaldıra bilmədim. Halbuki kitabxananın yarısı boş idi. Elmi ictimaiyyət bilir ki, MEK-in çox zəngin fondu var. Təəssüf ki, bu sərvət zirzəmidə su içində çürüməkdə idi. Bir ayın içində “Şərq ədəbiyyatı” fondu, “Qərbi Avropa ədəbiyyatı” fondu və “Jurnal” fondunun Azərbaycan bölməsi yuxarı mərtəbələrə köçürüldü. Mümkün olan qədər fondları qorumaq məqsədi qarşıda duran ən ümdə vəzifəmizdir və bu işi davam etdirəcəyik, inşaallah! İşçilərin işdən azad olunması məsələsinə gəlincə, özüm Allah şahidiyəm ki, yeni direktor gələn kimi Leyla xanımın ən yaxın rəfiqəsi, Səhiyyə şöbəsinin müdiri Gülruba xanım işdən çıxmaq haqqında ərizə yazdı. Direktor onun ərizəsini geri qaytardı ki, mən işini bilən və işləyən kadrları itirmək istəmirəm, qalın işləyin. Eşitdiyimə görə, Cəmilə xanımın da ərizəsini geri qaytarıb. İşi bacarmayan, vəzifəsinin öhdəsindən gələ bilməyən işçilər isə problemi özlərində axtarmalıdır. Yenə deyirəm, mən bilmədiyim şeylər haqqında danışa bilmərəm. Bir kitabxanaçı kimi məni həmişə kitabxana sahəsi maraqlandırıb. Başqa sahələr haqqında heç nə bilmirəm və ona görə də heç nə deyə bilmərəm. Amma, məncə, bu da kifayət edər ki, Sizin dediyiniz “son 5 il” haqqında müəyyən nəticəyə gəlinsin. Xuraman İSMAYILOVA, Əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbycan Jurnalistlər Birliyinin üzvü
© 2020 - Created by İLK XEBER.