“Niyə avropalıların arasından alim, həkim, ədiblər çıxır, bizim aramızdan qoçular?! Fərq bizim zatımızdadırmı? Cavab: Xeyr, insan hər yerdə insandır. Fərq harada nəyə imkan yaradılmasındadır. Harada hansı fəaliyyətə meydan yaradılıbsa, o sahədə istedadı olan adamlar meydana çıxır.” Üzeyir Hacıbəyli Bir neçə ay əvvəl “Jülyen” sözü işlənən bir status yazmışdım. Yaxşı bir müzakirə də başladı. Söhbət məşhur “Jülyen” salatına sevgi, onu hazırlama texnologiyaları, “xama ilə yaxşıdır, yoxsa qaymaqla?” məcrasına yönəldi. Qınamağa haqqım da yox idi... Belə dadlı mövzuları xoşlayıram. Üstəlik, “Quql”da “Jülyen” yazsanız, elə salat barədə yazılara rast gələcəksiniz. Amma mən başqa məqsədlə yazmışdım. Stendalın «Qırmızı və qara» romanı var. Əsərdə Fransanın Restavrasiya dövründə şəxsiyyətin cəmiyyətlə konfliktindən bəhs edilir. Romanın əsas qəhrəmanı Jülyen Soreldir. Əslində o, tam mənfi obraz da deyil. Amma bir sıra rus yazıçıların “artıq adamlar”ı ilə müqayisədə çox əskik və cılız, pis mənada çevikdir. O, Peçorin deyil, Bazarov, Rudin, İnsarov heç deyil... O vaxt Fransada «Dantonlar Jülyenlərə çevrilir» deyimi vardı. Danton kim idi? O, Fransa inqilabının yetirdiyi dahilərdən biri, gilyotinlə kəsiləcək başı səbətə düşmək ərəfəsində olanda belə dodağından təbəsüm silinməyən bir şəxsiyyət idi. Prussiya ordusu Parisin ətrafında qalaları bir-bir alanda Danton yetmiş yaşlı anasını və körpə uşaqlarını ən təhlükəli zonaya gətirmişdi. «Prussiyalılar şəhərə girsələr, qoy mənim ailəm büsbütün məhv olsun» - deyirdi. Təbii ki, onun bu hərəkəti insanları silkələyir, fədakarlığa şücaətə təhrik edir, kiminsə içində yatan qəhrəmani hissləri dümsükləyir, oyadırdı. Edama məhkum olundu Danton. Onu tanıyan xeyirxahlar məsləhət görmüşdülər ki, qaçıb ölkəni tərk etsin. O isə: “Məgər Vətəni ayaqqabılarının altında özünlə apara bilərsən?” - deyib bu təklifi rədd etmişdi. Jülyen isə mühitə adaptasiya yolları arayan bir tipdir, O, Maratların, Robespyerlərin, Dantonların karikaturasıdır. Xəstə cəmiyyətlərdə ağıllı, bilikli, məğrur, azad ruhlu adamları sevmirlər. Ya Jülyen kimi adaptasiya olunmalı, ya da məhv olmalısan. Belə cəmiyyətlər dürüst adamların qənimidir. Çünki böyük “juliklər” nəinki dürüstləri, hətta içində insanlığı qismən qorumağa nail olanları da sevmir. Böyük “juliklər” hamını balaca “julik”lərə çevirməkdə maraqlıdır. Çünki özlərini dürüst adamlarla müqayisə edib zövq ala bilməzlər. Axı normal insanlarla müqayisə onların xeyrinə deyil. Ona görə hamı kiçik dələduza, pozğuna, şoğəribə çevrilməlidir. Cəmiyyətin digər fərdlərinin başlıca keyfiyyətləri bunların başlıca keyfiyyəti ilə müqayisədə çox miskin görünməlidir... Onda əsas təhlükə də aradan qalxır. Çünki balaca şoğəriblər böyük şoğəriblərin “düha”larına nifrət yox, qibtə edir. Neçə illər əvvəl rus yazıçılarından Turgenevin bir əsərində belə bir fikrə rast gəldim. “Tufan böyük ağacları kökündən qoparır, qaratikan komaları isə əyilir və yenə qalxır”. “Bu, Turgenevin sözü deyil, Şərq hikmətidir, amma hardandır?”, - deyə düşünürdüm. Sonra bu fikrə Fəridəddin Əttarın “Məniq ət-teyr”ində, daha sonra Mövlanada, lap sonunda isə ilk mənbədə - “Kəlilə və Dimnə”də rast gəldim. ...Mayın 21-i bir test idi. Güvəndiyimiz dağlara yenə qar yağdı. Deyəsən, gözəlim məmləkətimizdə “ekoloji” vəziyyət qaratikan komalarının xeyrinə yetərincə dəyişib axı… Amma ruhdan düşməyək. Aşağıdakı cümlələr hörmətli Bəsti İsmayılovanın “Feysbuk” statusundandır: “20 Yanvar günlərində hörmətli yazıçımız Anar Rzayev yazmışdı ki, mən həyatımda iki dəfə danışmağa söz tapmayıb susmuşam – bir dəfə sovet tankları Qazaxıstanda tələbələrin üstünə yeriyəndə, bir dəfə də Çexoslovakiyaya tanklar yeridiləndə (60-larda), bir də indi susuram. ..Hardan biləydiniz axı susmağın dəhşəti hələ qabaqdadır! Amma gərək susmayaydınız! Siz Şuşanı çox sevirdiniz axı… Aylarla oturub Ü.Hacıbəyovdan film çəkirdiniz Şuşada. Bircə kəlməyə sözünüz nə idi axı? Srağagün ən azından bir kəlməyə dəymədimi Şuşa?! Siz isə susdunuz! Amma biz susmayacağıq!”. Şükür, hələ tam məhv olmamışıq... Xeyirli nəbilimnə günləri
© 2020 - Created by İLK XEBER.