Hazırlaşın, nifrinlərinizi yağdırmağa, əlinizə bəhanə verirəm. Bilirəm ki, yazıdakı həqiqəti ifadə edən fikirlər qalacaq bir kənarda məni nankorluqda qınayacaqsınız. Amma buna görə fikrimdən dönən deyiləm. Deyirəm ki, dünyada ən böyük təmənna valideynlərin təmənnasıdır. Sübut kimi göstərməyə o qədər məqamlar var ki. Aranızda özü bu cür hallara rast gələnlər az deyil. Fikrimə kor-koranə 8-10 nəfər övlad böyüdənlər etiraz etsələr də, bircə övladın da qayğısının, məsuliyyətinin nə qədər böyük olduğunu dərk edənlər haqq qazandıracaqlar. Televizora baxdığım illərdə (təxminən 6-7 il bundan qabaq) verilişlərdən birində aparıcı belə bir fikir söyləmişdi: – “Yeganə adam valideyndir ki, bizə təmənnasız xidmət edir” Fikrimi aparıcıya çatdıra bilmədiyimçün ekranın qarşısında az qaldı bağrım partlasın. Əlbəttə, hamımız valideynlərimizi sevirik. Bu sevgi onların nöqsanlarından bizdə yaranan qəzəbdən, inciklikdən dəfələrlə böyükdür! Onlara bütün çatışmazlıqlarıyla birgə aşiqik. Ömrümüz bitənəcən bizimlə yaşamaları üçün hər şey edərik. Bizimçün eyni hisləri, hətta daha artığını onlar da keçirirlər. Bu görünən, bilinən və qəbul olunan tərəflərdir. Hamımızın valideynimiz var, eyni zamanda hamımız da valideynik. Bu anlayışa zidd fikirləri təbliğ etmək məqsədindən uzağam. Sadəcə, addımbaşı övladını dünyaya gətirdiyini, ona verdiyi südü, çəkdiyi zəhməti dilə gətirən, bunu ona minnət kimi yükləyən bəzi valideynlərə görə adam hövsələdən çıxır, bir-iki gerçəyi onlara izah etməyə məcbur olur. Belələrinə demək istəyirəm ki, övladınıza minnət qoymazdan əvvəl onu hansı niyyətlə dünyaya gətirdiyinizi xatırlayın. Burda zərrə qədər də uşağın istəyi rol oynayıbsa onda hansı sözü söyləsələr haqlıdırlar. Bəzi valideynlər unudurlar ki, ona görə övlad sahibi olmaq istəyib ki, gələcəyini sığortalasın; tənhalıqdan xilas olsun, bir gün qocalıb fiziki qüvvəsini itirəndə ona qayğı göstərən olsun. Bu boyda gerçəyi etiraf etmək istəmirlər. Bəlkə də, bu vacib deyil, amma hər halda “yaratdığı adama” bunu minnət kimi yükləmək də ədalətli deyil. Övladı olmayan iki cütlüyü götürək. Valideyn olmaq üçün nə qədər müayinələrdən keçir, nə qədər dərmanlar qəbul edirlər. Məqsəd aydındır. Gələcəkləri üçün “kapital” yatırırlar. Hamiləliyin çətin mərhələlərini keçən bir qadın bütün çətinliklərə gələcəkdə qeydinə qalacaq birinin olacağı ümidilə dözür. Əgər həmin vaxt qeybdən səs gəlsə ki, bu uşaq böyüyəndə səni tək qoyub öz arzularının dalınca gedəcək, o qadın mütləq onun dünyaya gəlişini əngəlləyəcək. Belə övladı, sözsüz ki, istəməyəcək. Övlad sahibi olmağın əsl mahiyyəti budur. Ona görə də bunu uşağın boynuna minnət kimi qoymaq haqsızlıqdır. Onun doğulmasını özünüz istəmisiniz. Odur ki, ən böyük təmənna elə valideynlərinki hesab olunmalıdır. Bizi də bu niyyətlə dünyaya gətiriblər, biz də bu düşüncəylə valideyn olmuşuq. Bu təmənna deyilmi? Ən böyük təmənna! Bundan kəskin fikir yazacam, qəzəblənmədən öncə dərindən düşünün. Qəribədir, ərini başqa qadınla bölüşməyən, bunu hər cür pis rəftarla qarşılayan qadın ana kimi övladını övladsız olan birinə ürəklə verir. Hansının – qadın, ya ana olmağın məsuliyyətinin çətin olduğunu mühafizəkar adamlar desinlər. (eyni hal kişilər üçün də keçərlidir) Uşaqların yalnız böyüklərə xidmət göstərməkləri üçün doğulduğu bu məqamda sübuta yetirilir. Yəni mənə də lazımsan, övladı olmayan biri də tək qalmamalıdır. Burda TƏMƏNNA sözü iri hərflərlə yazılmalıdır. Ata-ana hər şeydən əvvəl insandır, insanların da zəif, çatışmayan cəhətləri, qəbahətləri olur, valideyn olanda da həmin xüsusiyyətlərlə bərabər yaşa dolurlar. Bütün mənfi keyfiyyətlərə malik biri övlad sahibi olan kimi birdən-birə müqəddəsləşdirilməli deyil ki. “Ana haqqı tanrı haqqıdır”, “Cənnət anaların ayaqları altındadır” dedilər biz də ağlımız kəsəndən anaları müqəddəs varlıq hesab etdik. Analar balalarını oxlovla əzişdirdikcə “Çox mehribandır anam”, səhər-axşam rejimlə qarğadıqca “Bəstəkar analar, şair analar” şeirlərini həvəslə əzbərlədik. Ölümcül hadisədən salamat qurtaran biri üçün “Anan namaz üstə imiş” dedilər anaların tükirpədən qarğışlarını dualarına bağışladıq. Fiziki işgəncələrini rəvayət, segah dinləyərək şirin sandıq. Analar da arın-arxayın işlərinə davam etdilər. Bircə dəfə də olsun tökdükləri qarğışların uşaqlara göstərdiyi təsir barəsində düşünmədilər. Evdən çıxan oğluna, ya qızına “xoş getmə”, “uğruna xeyir gəlməsin”, “salamat qayıtma” və s. bədduaları deyən analar elə həmin gün qəzaya düşüb ölən övladı üçün saçlarını yolub nalə çəkir. Ağızdolusu “Səni yanasan!” dediyi halda övladı yananda özünü “oda-suya” vurur. İnstinktlərini kənara qoyub ayıq başla bunu özlərinin istədiklərini ayırd etmirlər. Heç kəs də onlara demir ki, ay müqəddəs insanlar, axı bunu özünüz arzu etmişdiniz, niyə qəbul etmirsiniz? Allah sizi eşidib də. Qəribə adamlarsınız ey vallah. Diləyiniz həyata keçəndə də narazı qalırsınız. Ədalətsizlik olmasın deyə bədəsil övladların olduğunu da gərək vurğulayaq. Ana övladından narazı olur, onu incitdiyi üçün intiqam hissi gücü gəlir, heyifini çıxmaq, onun da nədənsə acı çəkməyini istəyir. Bu zaman o bir az rahat olur. Anaların bu cəhətləri haqqında heç kəs heç nə yazmayıb. Əksinə fiziki işgəncələrini də “vəsf edərək” söyləyirlər ki, bir ana öləndə öz biləyini kəsib ərinə verib deyir ki, ögey anaya ver uşaqları mənim əlimlə döysün. Hər şeyə çarə tapan millətimiz analara bəraət qazandırmaq üçün “Süd qoymur ananın qarğışı övlada keçməyə” deyə fikir uydurublar. Bu inanc da problemimizi həll edə bilmir. Axı doğulan uşaqların əksəriyyəti süni qidalarla böyüyüblər. Qarğışın keçmə ehtimalı onlarda daha yüksək olur. Yaşlı nəslin, böyüklərin söhbətlərini dinləyəndə keçmişdə qayınanaların gəlinlərə, kişilərin arvadlarına, valideynlərin də uşaqlara qarşı necə amansız rəftar etdiklərini öyrənmiş oluruq. Vallah elə hadisələr danışırlar ki, bu zamanın adamlarına şükür edirik. Səhvi üstə döyülmək bizdə nostalji hislər kimi qəbul edilir. Dəcəl uşaqlar, sözdən anlamayanlar çoxdur. Mən də valideynəm müəyyən problemlər bizdə də olur, amma heç nə valideynlərə uşaqlarla kobud, ədəbsiz davranmaq səlahiyyəti vermir. Tərbiyəyə müsbət təsir edə biləcək cəza üsulları düşünmək lazımdır. Böyüklərə belə çox şeyi izah etməyin çətin olduğunu bilə-bilə hamı uşaqları “ağıllandırmağa” çalışır. Elə bilirlər ki, bu kobud üsullar onları mütləq kamil insana çevirəcək. Övladlarında sonrakı illərdə əksini müşahidə edəndə öz davranışlarının “məhsulunu” dərdiklərini dərk etmirlər. Amma başqalarına aid olanda “Nə əkərsən, onu da biçərsən” ifadəsini tez-tez işlədirlər.
© 2020 - Created by İLK XEBER.