Sabahdan bu şəhərlərdə iş saatının vaxtı dəyişir - QƏRAR (YENİLƏNİB)

"Qərara əsasən, 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək aktiv yoluxma hallarındakı artımı səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunacaq. Qərarda göstərilən tələblərə riayət olunması məcburidir və mütləqdir". "Report" xəbər verir ki, bu fikirlər Baş Nazir Əli Əsədovun müraciətində yer alıb. "Xəstəliyin yoluxma halları digər şəhər və bölgələrdə artacağı hallarda sərt tədbirlər gələcəkdə həmin bölgələrdə də təkrarən tətbiq olunacaq. Qərarın icra olunmasına nəzarət Daxili İşlər Nazirliyinə həvalə olunmuşdur. Sonda bir daha bildirmək istəyirəm ki, görülən bütün tədbirlərin ali məqsədi vətəndaşlarımızın sağlamlığının və həyatının qorunmasıdır”, - müraciətdə bildirilib. ********** Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində cümə günü saat 14:00-dan bazar ertəsi səhərə qədər iş qrafikinin tam məhdudlaşdırılacağı ilə bağlı qərar qəbul olunub. Unikal.org-un əldə etdiyi məlumata görə, dövlət və özəl müəssisələr sabah saat 14:00-a kimi fəaliyyət göstərəcək. Buna görə artıq yerli icra hakimiyyəti və bir sıra dövlət orqanlarının əməkdaşlarına məlumat verilib. Onlara qaydalara ciddi əməl etmələri tövsiyə olunub. Qeyd edək ki, hazırda Baş nazir Əli Əsədovun başçılığı ilə iclas keçirilir və yaxın saatlarda qərarla bağlı detallar ictimaiyyətə açıqlanacaq.