Taclı virusun qara kölgəsi planetin başı üzərindən yavaş-yavaş çəkildikcə, dünya sanki təzədən doğulur, qabığından cik vuran cücə kimi asta-asta gün işığına çıxır. İşığın düşdüyü yerlərdən bir-iki düşüncəmizi biz də paylaşaq. Pandemiya insanlardan nə aldı, nə verdi, indi demək çətindir. Söhbət yalnız maddi gəlirdən, maliyyə hesabatlarından getsə, konkret rəqəmləri tutuşdurub nə isə demək olardı. Ancaq mövzu mənəviyyat, psixoloji durum olanda, bir ölçü vahidi olmadığına görə, hər hansı nəticədən danışmaq hələ tezdir. Əslində, bu karantin günlərinin insanlara öyrətdiklərini təsnifləşdirsək, o zaman itirdiklərini də anlamaq mümkün olacaq. Təbii ki, pandemiya olduğuna görə də, dediklərimiz bir insana deyil, hamıya, bütün dünya əhlinə aid olacaq. İnsanı insan edən həm də onun illərlə topladığı bilikləri, xatirələri, dəyərləridir. Buna görə də yaddaşını itirən şəxs kimliyindən məhrum olur. Onun yaddaşını qaytarmaq həmin şəxsi yenidən diriltmək, sanki canlı insanlar sırasına təkrar daxil etməkdir. Bu, o dərəcədə vacibdir ki, yaddaşın qaytarılması üçün ən sadə söhbətlərdən tutmuş, şok terapiyaya qədər tətbiq edə bilirlər. Bəzən ilk baxışda ən önəmsiz bir şey, yaxud çox təhlükəli bir hadisə insanı silkələyir və onun yaddaşında passivləşmiş, yatmış qatları yerindən tərpədir. Son illər, hətta son iki əsrdə baş verənləri və bir neçə ay davam edən pandemiyanı düşündükcə, təhlil etdikcə belə qənaətə gəldim ki, əslində, bu, bəşəriyyətin müalicə-bərpa dövrü, şok terapiyası idi. Bəli, pandemiya bizə insanlığın unutduğumuz bəzi sütunlarını xatırlatdı. Onları yada saldıqca, itirdiklərimiz də bəlli olacaq. Təbiətə anlayış Pandemiyanın aşkar təsiri ilk olaraq insansız qalmış təbiətdə hiss olundu. Hərdən boş küçələrin, parkların şəklini çəkənlər təəssüflə deyirdilər ki, kainat insanla gözəlmiş. Bəs təbiət özü nə dedi? Boşalmış şəhərlərə vəhşi heyvanlar axışdı, kanallarda, dənizlərdə balıqlar əməlli-başlı bayram elədi, hava təmizləndi, hətta ən böyük ozon dəliyi bağlandı. İnsanlar özləri belə şoka düşdülər: "Ay aman, biz təbiətə necə zülm edirdik ki, indi bizsiz qalanda bu qədər sevinir?!" İnsan fiziki quruluşuna görə digər canlılara bənzəyir və bu baxımdan onu təbiətin bir halqası zənn etmək olur. Lakin təəccüblü bir faktdır ki, təbiətin digər canlıları olmayanda ümumi qanunauyğunluq pozulduğu, bütöv sistem dəyişdiyi, məhv ola bildiyi halda, eyni şey insan olmayanda baş vermədi. İnsanın təbiətdə yeri bir kiçik qarışqa, yaxud bir kol qədər də görünmədi. Yəni insandan asılı olmadan təbiət öz harmoniyasını və mövcudluğunu qoruyub saxladı. Əslində, bu həqiqəti insansız qalmış Çernobılda çiçəklənən təbiət bir dəfə demişdi. Pandemiya indi bütün dünyaya car çəkdi. Məsələ burasındadır ki, insan təbiətin zəruri halqası deyil. O, öz yaratdığı strukturun vacib və əvəzolunmaz detalıdır, idarəedicisidir. Bəli, insan öz fiziki quruluşuna görə həm bitki, həm də heyvandır, ancaq hər şeydən əvvəl o, insandır. Təbiətlə ünsiyyətdə də o, özü olmalıdır, yəni insan! O, heyvan kimi davrananda, yalnız maddi ehtiyacları çərçivəsində hərəkət edəndə, insanlıqdan (!) çıxanda təbiətə yalnız ziyan vurur. Məhz təbiətin bir halqası olmadığına görə, onun istənilən təması təbiətin ümumi harmoniyasını pozur. Sadəcə bir var bu təmas dağıdıcı ola, bir də var qurucu. Pandemiya dövründə təbiət insana əyani şəkildə xatırlatdı ki, sən məni incidirsən, düşüncəndən əsər-əlamət göstərmisən, mutasiyaya uğramış heyvan kimi ətrafını məhv edirsən, üstəlik, özünü mənim mütləq sahibim kimi aparırsan. Nəticədə bu anlaşılmazlıqdan sən də əziyyət çəkirsən, mən də. Ancaq mən sənsiz də var ola bilirəm. Bəs sən? Ağır ittihamdır, ...ancaq həqiqətdir. Axı, həqiqətən də, düşüncə təbiəti zəhərləmək, qırıb-çatmaq, xarabalıq üzərində öz xanədanını qurmaq üçün deyil, öz varlığının digər varlıqlarla harmoniyasını dərk etmək, yaratmaq üçündür. Qanunlara hörmət Yəqin Adəmlə Həvvadan qalma bir maraqdır ki, insan qadağalara meyl edir, qarşısına çıxan maneəni öz azadlığına təcavüz kimi dəyərləndirir. Pandemiya insanlara xatırlatdı ki, sən demə, o, heç özünün də qurduqlarına hörmət etmirmiş. Kant deyir: "İnsan çox rəzil məxluqdur, çünki qanunlara tabedir, ancaq o, həm də çox ali varlıqdır, çünki o qanunları özü yazır". Bəli, insanın da qurduğu sistemdə yazılmış və yazılmamış qanunlar hökm sürür və o, öz qanunlarına tabe olmalıdır, yoxsa o sistem çökər. Son aylarda gün üzünə çıxdı ki, özünü təcrid etməyə məcbur olan insan qanunları pozmağa çox meylli imiş. Belə düşünmək olar ki, qanunu pozan kəs Kantın kəlamının yalnız birinci tərəfini görür və qanunu tapdalayanda özünü yüksəklərdə zənn edir. Məsələn, bu karantin günlərində söhbət hətta sağlamlığa təhlükədən gedəndə belə, o, bütün məsuliyyəti dövlətin üstünə yıxıb, özü rahat-rahat ...xəstələnməyə üstünlük verdi. İnsan min bir hiyləyə əl atdı, qanun keşikçisi ilə davaya çıxdı, ona hücumdan belə çəkinmədi, təki dövlətin təyin etdiyi çərçivələri sındıra bilsin. Əslində, azadlıq, cəsarət zənn etdiyi bu əməl vətəndaşın öz dövlətinə hörmətsizliyindən və etibarsızlığından başqa bir şey deyil. O inanır, bəlkə də əmindir ki, əməlləri ya görünməz qalacaq, ya da başqa bir qanunsuzluqla onu ört-basdır edə biləcək. Bəli, insan yenə də başqasının qurub-yaratdığını dağıdır ki, özünün bir psevdohəqiqətini təsdiq eləsin. Beləcə bu zəncirvari proses uzandıqca uzanır. Məsələnin ən dəhşətli tərəfi isə budur ki, qanun pozuntusunun miqyası böyüdükcə, onun yeni qanun kimi təsdiqlənmək imkanı da artır. Əvvəlcə az qala bəşəriyyətə qarşı bir cinayət kimi qəbul edilən addım tədricən zərurət, hətta qanun kimi təqdim edilir, normallaşır, hər kəsi inandırır. Qanunsuzluğa yer verə-verə qanuna hörmət unutdurulur. Nəticədə qanunsuzluq qanun kimi bəşəriyyətə hökmranlıq edir, qanunpozanlar isə ideal insan nümunəsinə çevrilir. Bəli, hər kəsin bildiyi, ancaq yaddan çıxardığı bu həqiqəti pandemiya təkrar xatırlatdı. Təəssüf ki, heç bir qarantiya yoxdur ki, yenə unutmayacaq. Əzizlərinə sevgi Pandemiya insana ən əziz olanlarını xatırlatdı. Nəinki xatırlatdı, burnunun ucunu göynətdi. Burada söhbət yalnız ailə üzvlərindən getmir. Əziz deyəndə iki şeyi nəzərdə tuturam: vətəni və ailəni. İnanmıram ki, qürbətdə olan və vətənə qayıtmaq istəməyən kimsə bir anlıq da olsa, doğma divarlar arasında, əzizlərinin yanında olmaq istəməsin. Çoxları unutmuşdu ki, texnika, virtual ünsiyyət nə qədər rahat olsa da, əziz nəfəsin yerini heç nə vermir. Çox əhəmiyyətli bir məqamı vurğulayım: virus təhlükəsi yaranan kimi hər kəs ya könüllü, ya da məcburən öz ölkəsinə getməli oldu. Hər kəs öz doğma divarları arasında olmalı idi. Burada doğmalıq hissi bütün hissləri üstələdi. Hər dövlət öhdəlik kimi ilk növbədə öz vətəndaşının qayğısını çəkməyə, xilas etməyə başladı, dövlət yardımları ilk növbədə öz (!) vətəndaşı üçün nəzərdə tutuldu və qanunlar bu istiqamətdə işlədi. Bəli, məhz bu səbəbdən hər kəs öz (!) doğma divarlarının arasına tələsdi, doğma qucağa sığındı. Pandemiya hər kəsi işindən-gücündən, bütün gündəlik rutin qayğılardan, vaxt öldürən əyləncələrdən ayırıb üzünü ailəsinə doğru çevirdi. Sanki məcbur elədi ki, insanlar öz ailəsini yenidən kəşf eləsinlər. Valideyn övladını gördü, verdiyi tərbiyənin əyani şahidi oldu, uşaqlar kompüterdə oyun oynamaqdan bezib, həm də böyükləri ilə ünsiyyət qurmağa başladı, ər-arvad bəlkə də ilk tanışlıqdan sonra ilk dəfə ürəkdən, baş-başa söhbət elədi, xatirələri yad eləməklə kifayətlənməyib, hansı isə yanlış bir addımı da anlayıb, xəlvət-xəlvət onu düzəltməyə söz verdi, dünənin biznes-ledisi, axşam işdən sonra vaxtı yalnız restorandan yemək sifariş etməyə çatan bir xanım ailənin xətrinə mətbəx virtuozuna çevrildi və özü də bu evdarlığından zövq aldı. Uşaqların üzü güldü, ağızlar dada gəldi, hər kəs süfrənin ətrafında toplaşdı, ailənin nə olduğu yada düşdü. Yaşamaq gözəldir, amma bu həyatın acısını, şirinini əzizlərinlə bölüşəndə onlar başqa bir mahiyyət kəsb edir və daha da gözəlləşir. Əslində, insandan soruşsan, o, heç vaxt əzizlərini unutduğunu etiraf etməzdi. Çünki özü də bundan xəbərsiz idi. Ancaq pandemiya arada yaranmış məsafənin nə qədər uzaq, hətta uçurumun necə qorxunc olduğunu göstərdi. Özünə diqqət İnsan bu qaçaqaç dünyada ən dərindən unutduğu yəqin ki, özü idi. Düşünəndə görürsən ki, pandemiya insanı evində deyil, öz dünyasında "kilidlədi". Bu qəfil "həbsdən" karıxan insan əvvəlcə qapandığı məkanı dar, qaranlıq qəfəs zənn etdi, darıxdı, sonra gözü alışdıqca, məcburən özü ilə tanış olmağa başladı. Özü ilə baş-başa qalan insan üçün bu, ya cəza oldu, ya da lütf. Hər an ölümə yaxalanacağını düşünən insan lap arxa plana atdığı imanını ön plana çəkdi. İnandı ki, Allah onu filan yaxşı əməllərinə görə qoruyacaq, filan pis əməlini isə bağışlayacaq və xəstəlik ondan yan keçəcək. İnandı ki, nə qədər təhlükəli, genişmiqyaslı virus olsa da, Yaradan ondan güclüdür. İmanı özünə qayıtdıqca, dünya da gözündə dəyişməyə başladı, o dar qəfəs böyüdü, işıqlandı. Sonra dünənə qədər qiymətsiz bildiyi şeylər birdən birə mənasını itirdi, tozlanmış dəyərlər təzədən parıldadı. Gördü ki, dünyanın malını bölüşəndə, özü ilə bərabər başqası da tox olanda xoşbəxtliyi də artırmış. İçində ağırlıq yaradan şeylər qopub düşdükcə, özü də yüngülləşdi. Nəhayət, insan özünü sanki yenidən kəşf elədi. Anladı ki, informasiya selinə göz yumub sadəcə ruhunu dinləyəndə içi çox rahat olurmuş. Yaradanla ünsiyyət qurduqca özü də yaratmaq eşqinə düşdü. Bir başqası isə bunların heç birini yaşamadı..., içinin dar qəfəsində boğulduqca boğuldu. Pandemiya beləsinin yadına yalnız psixoloqu saldı. Mən pandemiyanın zəhərli tərəfindən, dəhşətli rəqəmlərdən, iqtisadiyyatın mümkün böhranlarından danışmadım. Bu qara gündən öz qara günü üçün daha artıq pul qoparıb, içindəki zülməti bir az da qatılaşdıranları isə heç xatırlamaq istəmədim. Onlar zatən unudulmamışdı. Unudulan həmişə yaxşılar, yaxşılıqlar olur. Sonra böyük bir təhlükə gəlir və insan unutduğu bütün yaxşılıqları bir göz qırpımında özünə qalxan edib, arxasında gizlənir. Bəli, sayılı günlər tez bitir, deyirlər. Pandemiya da bitəcək, həyat öz normasına da qayıdacaq. Sanki "pauza" düyməsinə basılmış həyatın yenə "start" düyməsinə basılacaq. Kimsə gəlirini, kimsə çıxarını hesablayacaq. Çox az adam düşünəcək ki, karantin günlərində yalnız təbiət təmizlənmədi, həm də könül güzgüsünün pası təmizləndi. Mən bilmirəm pandemiyadan sonra xatırladığı bu şeylər insanın hələ nə qədər yadında qalacaq. Yaddaşlardan yenə silinəcəyi dəqiqdi. Sadəcə gecini-tezini maraq etdim.
© 2020 - Created by İLK XEBER.