Ötən gündən etibarən ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti bərpa olunub. Operativ Qərargahın qərarına əsasən, iri ticarət mərkəzləri və “Mall”ların nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti bərpa olunmasa da, mağazalar köhnə iş rejiminə qayıdıb.
Bəs, hazırda iri ticarət mərkəzlərində vəziyyət necədir? İş prosesi zamanı karantin qaydalarına əməl olunurmu?
Musavat.com-un əməkdaşları iri ticarət mərkəzlərinə baş çəkib və oradakı vəziyyəti öyrənib. İlk üz tutduğumuz ünvan “Gənclik Mall” oldu. Ötən gün iş rejiminə qayıtmaq üçün hazırlıqlar görən mağazalarda artıq satışlar başlayıb. “Mall”a daxil olarkən qapıda insanları mühafizəçilər qarşılayır. Onlar insanlara əllərini spirtləməyi və maska ilə içəri daxil olmağı tapşırır. Hər mağazanın qarşısında da bir nəfər əlində spirt dayanaraq içəri daxil olanların əllərinə spirt tökür. Mağazalarda çalışan bütün əməkdaşlara da maskadan istifadə etmək tapşırılıb.
“Mall”da insanların karantindən əvvəlki günlərdə olduğu qədər çoxluq təşkil etdiyini də müşahidə etdik. Bundan əlavə, 2 aydan çoxdur fəaliyyəti dayandırılan geyim mağazaları mallarının satılması üçün 50 faiz endirim də edib.
Digər diqqət çəkən məqam isə geyim otaqları ilə bağlı oldu. Çünki bir müddət öncə geyim satışı ilə məşğul olan sahibkarlara geyim otaqları ilə bağlı qadağa qoyulmuşdu. Qərarda bildirilirdi ki, müştərilərin dəyişmə otaqlarından istifadəsi qadağandır. Lakin “Gənclik Mall”da bu qadağaya əməl olunmur.
Satıcılardan bu barədə soruşduqda geyinmə otaqlarından istifadənin qadağan olduğundan xəbərsiz olduqlarını bildirdilər:
“Hər gələn müştəri soruşur ki, geyim otaqlarından istifadə mümkündürmü? Amma bizə geyim otaqlarından istifadə olunmasının qadağan olunduğunu deməyiblər”.
Alıcılar da karantin rejiminin yumşaldılmasından məmnundurlar. İlk həmsöhbətim iri ticarət mərkəzinə üz tutan insanlara karantin qaydalarına riayət etməyi məsləhət görüb: ““Mall”ın açılması gözəl oldu, iki ay evdə oturduq. Hər kəs karantin qaydalarına əməl etsə, sosial məsafə saxlansa, maska, əlcək taxılsa, bu virusdan canımızı qurtara bilərik. Daha iki ay evdə qalmamağımız üçün qaydalara əməl edək”.
“Mall”dan çıxan digər şəhər sakini ticarət mərkəzində müşahidə etdiklərindən bəhs edib: “Müşahidə etdim ki, hər kəs qaydalara əməl edir. Mühafizəçilər də qaydaların pozulmaması üçün çalışır. Bu hal məni sevindirir. Bu qədər insanın bir arada olmasından isə narahatam. Çünki koronavirus insanların sıx toplaşdığı məkanlarda sürətlə yayılır”.
Növbəti üz tutduğumuz iri ticarət mərkəzi isə “MetroPark” oldu. Burada da vəziyyət “Gənclik Mall”dan geri qalmırdı. Əsas giriş qapısında mühafizəçilər gələnlərə əllərini spirtləməsini tapşırır, maskada olmayanları içəri buraxmırdı. Hər mərtəbəyə mühafizəçilər qoyulmuşdu, onlar dəhlizlərdə gəzərək insanların karantin qaydalarına riayət edib-etməməsinə nəzarət edirdilər.
“MetroPark”da isə “Gənclik Mall”a nisbətən adam az idi. Satıcılarla söhbətimiz zamanı bəlli oldu ki, karantindən öncə də burada müştəri sayı az olub:
“Əvvəllər insanlar daha çox restoranlara görə bura gəlirdi. İndi isə restoranlar bağlıdır. Gələnlər ancaq geyim alıcılarıdır. Amma iki gündür fəaliyyətə başlamışıq. İlk günlər üçün alıcı sayının normal olduğunu düşünürük”.
Qeyd edək ki, nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyəti 23 mart 2020-ci il tarixdən dayandırılmışdı.