Milli Məclis maska cərimələrini təsdiqlədi - 50-400 manat

Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər üçüncü oxunuşda müzakirə edildi. Spiker Sahibə Qafarova bildirdi ki, üçüncü oxunuş olduğundan layihəyə heç bir dəyişiklik edilməyəcək. Bundan sonra qanun layihəsinin ikinci oxunuşda müzakirəsi səslənən təkliflərə deputat Fəzail Ağamalı münasibət bildirdi. Məlum oldu ki, yekun layihədə cərimələrin məbləğinin yüksək olması ilə bağlı (50 manat) fikirlər və təkliflər nəzərə alınmayıb və məbləğ olduğu kimi saxlanılıb. Məcəlləyə edilən dəyişikliyə əsasən, karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib. Dəyişikliyə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək. F.Ağamalı deputatları qanun layihəsinə səs verməyə çağırdı. Məcəlləyə dəyişiklik layihəsi III oxunuşda 87 lehinə, 1 bitərəf olmaqla qəbul edildi.   Musavat.com