Orta məktəbdə oxuyarkən ən sevmədiyim fənn fizika fənni idi. Bunun da səbəbi vardı. Müəllimim özü fizikanı heç sevmirdi və fənnini sevmədiyi hər an hiss olunurdu. Bu da bizə sirayət edirdi. Fənni candərdi öyrənirdik. Uşaqdır, deyib keçməyin. Uşaqlar qədər həqiqi sevgini hiss edən heç kəs ola bilməz. Bəzən uşaqlar bu barədə böyüklərdən çox bilir. Sevgi əgər ürəkdə varsa, o, hardasa özünü biruzə verəcək və qarşısındakına sirayət edəcək. Mütləq edəcək. Böyüklər bunu duymaya bilər, amma uşaqlar saf olduğundan bunu tez hiss edir və duyur. Sözümün canı bu deyildi. Nə qədər fizikanı sevməsəm də, fizika qanun və disturlarını, Nyutonun qanunlarını əzbər bilirdim. Səhv etmirəmsə, fizikada beə bir qanun vardı: "Təsir əks təsirə bərabərdir". Bəzən biz bir adam və ya hadisə haqqında düşünərkən günahı yalnız qarşımızdakında axtarır, özümüzdə görmürük. Öz rəftarımıza, hərəkətlərimizə də deyil, qarşımızdakının davranışlarına və hərəkətlərinə diqqət yeturir, bu üzdən səhv nəticələrə gəlib çıxırıq. Əgər biz bunu özümüz görmürüksə, bir başqasının bu barədə bizə köməyinə ehtiyacımız olur. Odur ki, hər bir insanın həqiqi, dünyagörmüş, ağıllı bir dosta, bir yaxına, ona düz yol göstərəcək müdrik bir insana ehtiyacı var. Hansı yaşda olmasından asılı olmayaraq. Elə olarsa, insanlar sonrakı peşmançılıqdan, vicdan əzabından qurtulmuş olar. Əməllərinin pis nəticəsinə qatlaşmamışmazlar. Gəlin görək, biz hər zaman belə ola bilirikmi?!... Deyir, uzaq Çində bir qız yaşayırmış. Qəbilənin başçınının da bir qızı varmış, onunla yaxın rəfiqə imişlər. Onlar çox mehriban və sevimli imişlər. Sonralar rəfiqələr arasında ədavət yaranır və davasız bir günləri keçmirmiş. Hətta qız qəbilə başçısına da təsir göstərərək onlara əziyyət verirmiş. Bir gün cana doyan qız atasının köhnə dostunun yanına gedərək ona dərduni danışır. Qızın atasının dostu olan dərman satan qoca ona bir toz verərək deyir: - Bu, dünyanın ən güclü zəhəridir. Amma bir dəfəyə versən, qız o an öləcək və hamı bunu sən etdiyini başa düşəcək. Sən üç ay müddətinə bu zəhərdən onun yeməyinə az -az qat, başçının səndən şübhələnməməsi üçün onunla xoş rəftar elə, evinə çağır, gözəl yeməklər bişir, ver. Üç aydan sonra rəfiqən öləcək və bunu heç kəs səndən bilməyəcək. Qız sevinc içində evə gəlir və qocanın dediklərinə bir-bir əməl edir. Qəbilə başçısının qızına qarşı xoş davranır, onu evlərinə qonaq çağırır, hər gün dadlı yeməklər bişirərək ona verir və içərisinə də qocanın verdiyi tozdan tökür. Rəfiqələr arasında artıq yenidən mehribanlıq yaranır. Bu xoş rəftarı, mehribanlığı görən başçı da ona öz qızı kimi baxır, köməklikləri dəyir. Ayın sonuna az qalmış qız etdiyi əməldən çox peşman olur, vicdan əzabı çəkir. O, tez dərmansatan qocanın yanına gedərək yalvarır ki, elə etsin ki, rəfiqəsi ölməsin. Elə bir dərman düzəltsin ki, rəfiqəsinin qanındakı zəhəri yuyub aparsın. Qoca gülümsəuərək deyir: - Qızım, sənə verdiyim toz zəhər yox sadəcə, şəfaverici otların qarışığı idi. Əsl zəhər isə sənin ürəyində idi, amma sən qıza qarşı xoş davrandıqca qəlbindəki zəhər də təmizləndi və yerinə bir sevgi doldu.
© 2020 - Created by İLK XEBER.