Bütün valideynlər düşünürlər ki, onlar övladlarından ağıllı və uzaqgörəndirlər. Bu cür təfəkkürə elə alışmışıq ki, əksini heç cür qəbul edə bilmir, belə düşünənləri də qınayırıq. Yaş səviyyəsinin imkan verdiyi həyati təcrübə baxımından yanaşdıqda övladın ata-anasına nəsihət verməsini təbii ki, normal hesab edə bilmərik. Uşaqların görüb-götürməli, öyrənməli olduqları çox şeylər var. Sentmentallığa varanda isə övladlarımızın bizdən qat-qat üstün olduğunu görürük. Onların saf, böyük hisləri ilə müqayisədə bizim düşünərək atdığımız hər bir addım adi şeylərdir. Xülasə, uşaqlar böyüklərdən böyükdürlər. İnanmırsınızsa müşahidələr aparın, fərqi görəcəksiniz. Yazsam ki, övlad böyütmək nə qədər şərəfli, gözəl vəzifə olsa da bir o qədər də çətin və məsuliyyətlidir, oxuyanda deyəcəksiniz ki, bunu hamımız bilirik. Növbəti cümləm “elə övlad böyüdəsən ki onunla daima fəxr edəsən” fikri ilə davam etsə yenə deyəcəksiniz ki, bu hamımızın arzusudur. “Yaxşı nümunəni uşaqlara ilk növbədə özümüz göstərməliyik” – deyə yazımı bir az da genişləndirsəm əminəm ki, yenə də başınızı yelləyib” – burada heç bir yeni fikir yoxdur” – deyə deyinəcəksiniz. Onda bu hissəni yazılmamış hesab edin. Burdan o yana yazdıqlarımı da oxuyub – “bunu da bilirik” desəniz o zaman boş yerə vaxt sərf edib yazdığım üçün üzüləcəm. Uşaqlardan həmişə yazmaq istəmişəm, psixoloq kimi yox, sadəcə, qələm adamı kimi. Uşaqları müşahidə etmək, onların nə düşündüklərini bilmək xoşuma gəlir. Bəzən yazıçının belə ağlına gəlməyən fikri onlar söyləyirlər, bizi aqillərin göstərmədikləri yola uşaqların istiqamətləndirdikləri də olur. Qəribədir, çoxu bu gün uşağı döyüb-söyüb, heysiyyətinə toxunub, böyüyəndə isə onu qürurlu, şəxsiyyət kimi görməyi arzulayır. Həmin qüruru bu gün: – “burnun girməyən yerə başını soxma”– deyərək öldürdüyünün fərqinə varmır. Böyüklərə aid məsələləri uşaqlara səbirlə, daha yumşaq, onun başa düşə biləcəyi şəkildə izah etmək lazımdır. Bir çox ailələrdə uşaqlarla qətiyyən düzgün olmayan bir tərzdə rəftar edilir. Onları qorxaqlığa alışdırırlar, sərbəst düşünmələrinə hər vasitə ilə mane olurlar. Az-çox cəsarətli uşaqların etirazına isə “üzəağolma” kimi pis qiymət verirlər. Valideynlər özlərinin buraxdıqları səhvlərin fərqində olmadan hər an övladlarında nöqsan axtarır, hər şeyin üstündə onları tənbeh edirlər. Qonşu uşağı evlərinə gətirdiyi üçün danlanan o qədər uşaqlar var ki adam onların öz evlərində qərib olduqlarını düşünür. Etirazı təhqir sayan valideynlər övladlarının peşə arzusuna da qarışır, rəssam olmaq istəyən övaldını ya həkim, ya da hüquqşünas kimi görmək istəyirlər. Uşaqların maraqla verdiyi sualın cavabını onlara izah etməyə tənbəllik edən valideynlərə də rast gəlirik. Unudurlar ki, indi övladına verəcəyi dogru və yaxud yanlış cavab onun gələcəyini müəyyənləşdirməkdə böyük rola oynayır. Bu zaman uşaqlar istər yaxşı, istərsə də pis tərəfdən istiqamətlənmiş olurlar. Odur ki, özünüzü yox, övladlarınızı düşünün. Övladlarını düşünmək təkcə onlar üçün maddi sərvət toplamaq demək deyil, valideyn borcu bununla bitmir. Maddi sərvətlərdən qiymətli o qədər mənəvi dəyərlər var ki... ( özünüz bilirsiniz ) Siz heç övladı ilə məsləhətləşən valideynlər görmüsünüzmü? “Uşaq haqlıdır” düşüncəsinə önəm verən valideynlər tanıyırsınızmı? (cavabınız müsbətdirsə sevinməyə dəyər) Bütün hisslərimizlə uşaqlara bənzəsəydik, hər şeyi onların gözü ilə görsəydik həyatda bu qədər çirkinliklər olmazdı. Dünya özü belə uşaq aləmi qədər gözəl deyil. Parkdakı heyvan fiqurlarına onu incitməmək üçün minməyən saf uşaqlardan ibrət götürsəydik... Çoxları özünü öyür ki, uşağını yaxşı tərbiyə edir. Valideynlərin “yaxşı” deyə oğurluq, əxlaqsızlıq və adam ödürməyin cinayət olduğunu övladlarına izah etdiklərini nəzərdə tutduqları hər kəsə bəllidir. Bu əməlləri onlara yasaq etməklə mükəmməl tərbiyəsi olduğunu zənn etməklə valideynlər tərbiyə sistemini məhdudlaşdırırlar. Amma “heç kəsin cibinə göz dikmə, ucuz şöhrət dalınca qaçma, başqasının işinə qarışma” kimi tövsiyələri isə elə-belə xırda şeylər hesab edirlər. Bunların da vacib şərtlər olduğuna önəm verməyən valideynlər hətta paxıllıq hissini belə övladlarına özləri aşılayırlar. Bunu çox asanlıqla edirlər. Etiraz etməyin, bütün analar belə edir. Övladlarını sevdiklərindən, başqasının övladına isə biganə olduqlarından bu cür davranırlar. Övladının hər cür nazına dözüb, etirazına məhəl qoymadan, onu zorla yedizdirən anaları hamımız görürük. Ana yeməkdən imtina edən uşağı hər vasitə ilə şirnikləşdirir, onun bir qaşıq da artıq yeməsi üçün dəridən-qabıqdan çıxır: – “Bunu da ye, babana dəyməyə gedək, bunu da yesən sənə konfet verəcəm” – deyə uşağı dilə tutur. Ən pisi isə “tez ol ye bax yoxsa gəlib o biri uşaqlar yeyəcək. Bax görürsən filankəs çox yeyir deyə o səndən sağlamdır” kimi qorxulu ifadələrin işlədilməsidir. Çünki bununla da analar övladlarında paxıllıq hissinin bünövrəsini qoyurlar. “Sən ye yoxsa başqası yeyəcək”. Pislik, bir-birini sevməmək, başqasının uğurunu qəbul etməmək ilk istiqamətini burdan alır. Hər kəs “Hər şey mənim olsun” prinsipi ilə yaşayır. Çünki uşaq ikən hamının anası ona “ye yoxsa başqası yeyəcək” söyləyir. Ona görə də bu gün hamı çox yeməyə çalışır, sahib olduqlarını başqası ilə bölüşmək istəmir (təkcə kədərindən başqa) “Filankəsin uşağı ac qurd kimi yeyir, sən də ye” tövsiyəsi ilə böyüyən uşaq sonra ac qurda dönür, gözü heç nədən doymur, xüsusilə də əlinə vəzifə düşəndə. Yanlış tərbiyə metodu sırasına dəcəllik edən uşaqları həkimlə, iynə ilə qorxutmağı da əlavə etməliyik. “Sakit dur yoxsa həkim gəlib iynə vuracaq” Uşaqlara həkimi və iynəni xeyirxahlığın, sağlamlığın rəmzi kimi təbliğ etmədiyimizdən də həkimliyi yalnız gəlirli peşə kimi sevirik. Uşaqları əvvəlcə valideynləri, sonra isə cəmiyyət korlayır. Yaltaqlığı evdə valideynlərindən öyrənən uşaqlar böyüyəndə cəmiyyətdə də sosial baxımdan özündən üstün olan kəslərə yaltaqlanırlar. Fərdi keyfiyyətləri ilə başqalarına nümunə ola biləcək övlad böyütmək üçün gərək özümüz onlara gözəl nümunə olaq. Ailəmizdə övladlarımızçün gözəl mənzərə yaratmalıyıq ki, onlar öz tablolarına hər şeyi al- əlvan rənglərdə köçürsünlər. Valideynlər özləri nəzakətli, mülayim olmalıdırlar ki, övladları da yoldaşları ilə bu cür rəftar etsinlər. Ata-anasını qonşu ilə savaşmasına adət edən uşaqlar da məktəb yoldaşları ilə pis rəftar edirlər. Büdrəyib yıxılan övladına üstəlik bir şillə də vuran valideynin böyütdüyü vətəndaş heç kəsə qayğı göstərməyəcək. Övladı ilə dost olmayan valideynlərin uşaqlarının yanlış dost seçməsi çox asandır. Bu cür böyüyən uşaqlar əsl dostun kim olduğunu anlamayacaq, bəlkə də, onu uçuruma aparan birinə əl uzadacaq. Analarından qorxub sirrini rəfiqəsinə açan qızlar sonda tənha qalırlar. Qəribədir, uşaq ikən övladını döyüb-söyən, alçaldan valideynlər sonralar kürəkəninin və yaxud gəlninin yanında övladının hüquq müdafiəçisinə çevrilirlər. (Fikirlərim valideyn haqqını inkar etməyə yönəlməyib. Müşahidələrimin bir qismini qələmə almışam. Bu çatışmazlıqları aradan qaldırmaq lazımdır ki, uşaqlar əziyyət çəkməsinlər. Təbii ki, bütün yanlışlıqları ilə bərabər hər kəs öz valideynini çox sevir.) Uşaqların çatışmayan cəhətlərinin səbəbkarı kimi təkcə valideynləri göstərmək haqsızlıq olar. Movzuya uşaqların özlərinin fərdi keyfiyyətlərini və ailədən kənarda gördüklərini də qatmaq olar. Evə gələn qonaqlar və qonaq getdiyimiz ev sahibləri bu çatışmazlıqda xüsusi yerlərdən birini tuturlar. Məsələn, stolun üstündəki konfetlərə baxıb ağzı sulanan uşağa ana allergiya səbəbindən onu yeməyə icazə vermirsə kənardan biri həmən o konfetləri uşağın ovcuna qoyur, “uşaqda işin olmasın qoy yesin”- deyərək yersiz müdaxilə edir. Bu səxavətli olmaq demək deyil, pis yönləndirmədir. Qonaqla görüşməkdən çəkinən uşağı buna məcbur edirlər, ya da qonaq özü uşağı yanına çağırmaq üçün ona nəsə verəcəyini söyləyir. O “nəyinsə” marağı uşağı bayaq istəmədiyi adamın yanına çəkib gətirir. Bu da rüşvətə doğru atılan ilk addımdır. Heç sevmədiyim bir məqam da var ki, onu yazmasam bu qədər yazdıqlarım ürəyimə yatmayacaq. Bu da uşaqları danışdırmaqdan ötrü onlara verilən mənasız suallardır. “Atanı çox istəyirsən yoxsa ananı?”sualı uşaqların aləmində ata-ana fərqinə maraq oyadır. Özü də müqayisəyə başlayır. “Atanla anan savaşırmı?” sualını da mədəni insanlar verməzlər. Bir tip adamlar da vardır ki, lap gülüncdürlər. Ona görə gülüncdülər ki, beş yaşlı uşağın avtobusda əyləşməsi onları qıcıqlandırır. Özünün ayaq üstə getməsindən çox uşağın rahat əyləşməsindən narahat olurlar. “Sən dur uşaqsan qoy mən əyləşim” deyərək onları qaldırırlar . Bu kimi halları nəzərə alaraq, xahiş edirəm, ay böyülklər, sizin hər kəsə hər şeyə gücünüz çatır, siz öz ayaqlarınızın üzərində dura bilirsiniz- istər həyatda istər nəqliyyatda. İmkan verin uşaqlar mənzil başına rahat, sağlam çatsınlar. Bu “mənzil başı” kəlməsi təkcə informativ məna daşımır. Sözü obrazlı şəklə salsaq daha çox məna tapacağıq. Demək istəyirəm ki, övladlarımızı elə böyüdək ki, mənəvi yoxsulluqdan nə özləri əziyyət çəksinlər, nə də başqaları bu yoxsulluğun yükünü daşısınlar. “Bunlar həqiqətdirmi?” sualının cavabını məni kimi siz də bilirsiniz, hörmətli oxuyanlar. Siz də tanıyırsınız, Siz də görmüsünüz onları. Lakin heç hansımız başqa ailələrin işinə qarışa bilmirik. Alacağımız kəskin cavabı bəri başdan düşünüb susuruq. Bu cür rəftarı hansı valideynə qadağan edə bilərik? Bunun üçün ancaq təbliğat aparmaq lazımdır. Kim necə bacarır o şəkildə. Belə məqamların gələcəkdə səbəb ola biləcəyi pislikləri mən də beləcə-sözün qüdrətinə arxalanıb aradan qaldırmaq istəyirəm. Uşaqlara düzgün tərbiyə metodu tətbiq edilməlidir, daha hər kəsin öz bildiyi kimi yox. Bu fikirləri etiraz etməyə mənəvi haqqım çatan tanışlarıma, bu tövsiyələrə daha çox əməl etməyə ehtiyacı olan adamlara hər hansı bir vasitə ilə çatdırmaq istəyərkən, ağlıma belə bir şey gəlir. Bəzən küçədə müxtəlif firmaların məhsulunu reklam etmək məqsədi ilə istəyənin olub- olmamasından asılı olmayaraq məcburi şəkildə adamlara müxtəlif cür təbliğat vasitələri göstərirlər. Baxır, bəyənirlər. Bəyənməyənlər belə məlumat almış olurlar. Bəlkə, mən də “Tərbiyənin vacib şəkilləri” adlı bər-bəzəkli bir yazı yazıb bax o adamlar kimi əhaliyə paylayım? Nə qədər olmasa beş-on nəfər alıb baxacaq, oxuyacaq. Bəlkə, yazımı elə bu cür ünvanına çatdırım. Ola bilsin ki, kimsə oxuyub dəyişdi. Kitab deyil ki, oxumayalar, elə-belə balaca bir yazıdır. Kitab demişkən, adamın lap ağlamağı gəlir, övladına ən bahalı geyim və oyuncaqlar alan bir çox valideynlər kitab almaqda xəsislik edirlər. Əslində bu xəsislik yox, daha dəhşətli bir çatışmazlıqdır. Sözdən söz çıxarmıram, amma oyuncaq deyəndə yadıma bir şey düşdü. Oyuncaq həsrəti ilə yanan uşaqlar var ey, onların valideynləri bu istəyi heç cür anlaya bilmir “oyuncağa pul verməyi” mənasız bir şey sayırlar. Axı niyə oyuncağa öz yaş səviyyələri ilə yanaşırlar. Bir uşaq üçün bunun dəyəri çox böyükdür. Daxilində hansı hisslərin mövcud olduğu uşaqların oyuncaqla necə rəftar etdiyindən bəlli olur. Həm də axı bu onların sevinclərinin bir parçasıdır. Uşağı sevindirməyə nə var ki. Bir oyuncaq və yaxud təzə paltar sevinci ilə onlara həyatı sevdirmək asandır. Kaş bu sıraya kitab hədiyyəsi də daxil ola! Uşaqları elə təbliğ edək ki, onlar oyuncaqlar kimi kitabları da sevsinlər, alınmasını istəsinlər. Bu yazı vasitəsilə özünün yuxarıda qeyd etdiyim şəkildə olan tərbiyə üsulunu “normal” hesab edənlərə demək istəyirəm ki, “Böyüklük haqqınızdan ağa kimi yararlanmayın, övladlarınızı alçaltmayın. Siz onlara üzü gələcəyə doğru getdikləri yolda düzgün istiqamət göstərin, insanlığa hörmət hissi oyadın. Əsəbi anlarınızda bir-birinizi təhqir edib onları bu səhnəyə tamaşaçı etməyin, alqışsız qalacaqsınız. Bir vaxt gələcək onlar sizə hər buraxdığınız səhvi bir əməl şəklində göstərəcəklər. Unutmayın ki, tərbiyə 3-4 adət etdiyimiz vərdişlər deyil. Əsl tərbiyə insan yetişdirməkdir. Bu gərəksiz tərbiyə vasitələri ilə insanlığı məhv etməyin. Uşaqlara alovun təhlükəli olmasını öyrətdiyiniz tək ədalətsiz olmağın da dəhşətlərini izah edin. “Valideynəm” deyə zəif cəhətlərinizi övladlarınıza kortəbii surətdə sevdirməyin. Elə edin ki, uşaqlar sizi insan olduğunuzçün sevsinlər, bioloji bağlılığın məcburiyyətindən yox.
© 2020 - Created by İLK XEBER.