Ehtiram duyduğum insanlar çoxdur. Bunların arasında qohum da var, yad da. Təki yaxşı insanlar çox olsun, onları dəyərləndirmək, necə deyərlər, boynumuzun borcudur. Yaxşı insanlardan həmişə yazacam. Özü də sevə-sevə. Çoxunun onlara bəslədiyim münasibətimdən xəbəri yoxdur. Xəbərdar olmalarını ona görə istəyirəm ki, oxuyub məmnun olsunlar və bu cür doğulduqları üçün qürurlansınlar. Yaxşı nümunə göstərən şəxsləri ictimailəşdirməyi sevirəm. Düşünürəm ki, onlara bənzəmək istəyənlər tapılacaq. Fikrimi qüvvətləndirmək üçün o məşhur şeirin adını çəkəcəm. Əminəm ki, bunu hamı əzbər bilir. Daha çox mən işlətdiyim məqsədlə söylənilən "Sağlığında qiymət verin insanlara" şeirinin elə bu yazıda da yeri görünür. Amma hər kəsin bildiyi üçün bəndləri bir-bir yazmayacam. Adını çəkmək bəs edir ki, Cabir Novruz yada düşsün. Yaxşılara sağlığında yaxşı deyin, Sağlığında yaman deyin yamanlara. Əla tövsiyədir. Əlbəttə, yüksək keyfiyyətlərlə zəngin bir insana sağlığında dəyər verməyəndən sonra bəlli məqamda ünvanına söylənilən təriflərin faydası olmur. Bunu onun sağlığında söyləsək qəlbi necə fərəhlənər! Fikirlərimə şeirlərlə rəng qatmağı xoşlayıram. (Amma hər şeir də adama belə imkan vermir). Gələcəyə çox da ümid bağlamayın, Sözünüzü sonralara saxlamayın... Elə əsl niyyətim də budur ki, sözümü indi deyim. Misralardakı fikirlərin sadə formasını atam da həmişə bizə tövsiyə edir. Deyir ki, “Diri ikən bir-birinizin qədrini bilin ki, öləndən sonra ağlamalı olmayasınız”. Atama görə ölünü ağlamaq yalnız sağlığında onu incitdiyinin peşmaçılığını çəkmək deməkdir. (Təbii ki, subyektiv yanaşmadır.) Yazını yazmaqla övladlıq yox, insanlıq borcundan çıxacam. Çünki atam “övladlıq borcu” ifadəsinin əleyhinədir. Onun fikrincə əgər övlad da öz övladları üçün qayğı çəkib, onlara təhsil, tərbiyə verirsə, artıq öz borcunu valideynlərinə ödəmiş hesab olunur. (Hərdən belə deyəndə onunla mübahisə edirəm. Çünki belə söyləsə də özü valideynləri üçün həmişə fədakarlıq edib. Amma bizdən “borc” tələb etmir.) Bu gün ad günüdür atamın. Onu necə təbrik edəcəyim üçün çox düşünməli olmadım. (Qəribə adamdır, yaşlandıqca ölümlə daha çox zarafat edir. Hər şey kimi ölümü də həyəcansız gözləyir. Orqanizminin və görkəminin göstəriciləri 72 rəqəmini inkar etsə də həqiqət belədir. Hərdən "kaş mən də atam kimi yaşa dolaydım" deyə arzu edirəm.) Düşündüm ki, çoxdan yazdığım bu yazını özünə oxuyaram. Bu da ona ən gözəl təbrik olar. Kompüterin yaddaşını bir azca qurdalayıb tapdım. Xeyli vaxtdır yazmışam, amma hələ oxumayıb. Atacan! Verdiyin mənəvi sərbəstlikdən irəli gələn cəsarətimlə bu yazını sənə sağ ikən yazıram! Bilirsən də, ağı deməyi bacarmıram. Bunu heç sən də istəmirsən. Nekroloqlar da gedənləri qaytarmır. Odur ki, sənə olan hörmətimdən, layiq olduğun məhəbbətimdən indi agah olmağını istəyirəm. Rəftarınla qəlbimdə özünə elə bir məkan seçmisən ki, nə sən narahat olursan, nə də mən. Ömrüm boyu səni beləcə daşımağa hazıram. Elə güman edirəm ki, bununla "ovucda gəzdirmək" ifadəsini gerçəkləşdirirəm. Qeyri-adi düşüncələrini tərbiyənə qatıb elə davrandın ki, “atadan qorxmaq” ifadəsi bizə yad oldu. Qarşılıq gözləmədən etdiyin yaxşılıqlarla, paxıllıq hissindən uzaq olmağınla, valideynlik hüququndan yerli-yersiz istifadə etməməyinlə uşaq yaşlarımdan səni yaxşı insan hesab etmişəm. Xəstələnəndə qulluq etməyimizə etiraz edirsən, ömür arzulayanda da zarafata salırsan. Yaxşı başa düşürəm, bu bizi yoxluğuna hazırlamaq üsulundur. Övladlarını hər an öləcəyi qorxusu ilə saxlayan valideynləri həmişə qınamısan. Uşaqları cəsarətli böyütməyin, özünü müdafiə etməyi bacarmasına üstünlük vermisən. “Mən öləndə deyə-gülə dəfn edin və bununla da unudun” deməklə bizi özünə daha da bağlayırsan. Həqiqəti dərk etdiyindən bu cür düşünürsən. Bilirsən ki , “diri üçün iynə boyda” yaxşılıq ölü üçün edilən hər şeydən vacibdir. Bu düşüncənə də heyran qalmışam. Adamlar adətən, onun olmayacağı dünyanı sağ qalanlara qısqanırlar. Səndə isə hər şey fərqlidir. Əvvəllər qeyri-adi xüsusiyyətlərin məni təəccübləndirirdi. Məsələn, sənə məxsus əşyanı sındıranda heç vaxt bizi tənbeh etməzdin, sənin bunu sakit qarşılayıb əksinə bizə təsəlli verməyinə mat- məəttəl qalırdım. Sonralar buna təəccüb etmədim, səni kəşf etdim. Sevindim ki, gələcəkdə yarada biləcəyim qeyri-adi bir obraz tapmışam. Bizim adamlar belə şeylərə alışmadığından onlara bəzən sənin davranışların qəribə görünüb. Bir səhvə yol verərkən bununçün bizi danlamayacağından xəcalət çəkmişik. Bunlar gözəl hislərdir. Bəzən psixoloq kimi verdiyin məsləhətlərinin də böyük təsirini hiss etmişəm. Bir çox fəlsəfi fikirlərinin dəyərini indi-indi başa düşürəm. Bircə ateist düşüncələrinə görə mübahisələrimizi nəzərə almasaq fikirlərinə böyük önəm verirəm. Bu qədər maraqlı və dəyərli xüsusiyyətlərinin içində bir-iki keyfiyyətini özümdə müşahidə edirəm. Sənin kimi mən də kasıb yaşamaqdan qorxmuram. Çünki böyük arzular, ümidlər mənimçün daha əzizdir. Zəngin həyat tərzi məni də özünə cəlb etmir. Ehtiyacımdan artıq bir şeyi qəlbim istəməyəndə gözlərimin qarşısına gəlirsən. Anlayıram. Bu qədər gözqamaşdırıcı maddiyyata heç vaxt həvəskar olmamısan. Mən də bu cür formalaşmışam. Üstünlük verdiymiz mənəvi keyfiyyətlər həmişə bizi başqalarından fərqləndirib. Bundan o qədər məmnunam ki. (Gecə-gündüz öz qazancından çox başqasının qazancını düşünənlər buna şübhə edə bilərlər.) Sənin kimi mən də pulu sevmirəm. (bu barədə ayrıca bir yazı da yazmışam. Bu yazının səmimiliyinə inananlar tapılacağına ürəkdən inanıram. Çünki saf adamlar da az deyil həyatda.) Biz dost olmuşuq. Ata-bala münasibətlərindən başqa bizi sənə dostluq telləri bağlayıb. Fikrimizi açıq ifadə etməkçün bizə azadlıq vermisən. Heç vaxt böyük olduğunu yerli-yersiz xatırladıb bizdən hörmət tələb etməmisən. Elə rəftar etmisən ki, özümüz böyük olduğunu dərk etmişik. Maraqsız söhbətlərimizə də sözümüzü kəsmədən sonacan səbrlə qulaq asıb, “belə şeylərə fikir verməyin” sözünü də utanaraq söyləmisən. “Övladlıq borcunuz yoxdur” deyə bizi mənəvi yükdən uzaq tutmağa çalışmısan. Amma sənin valideynlərinə olan münasibətindən artıq çox şey “oğurlamışıq”. Fədakar oğul, fədakar ata. Bu keyfiyyətlərin fədakarlığın dəyərini anlatdı bizə. Mən bütün bunları necə yazmayım? Bu gerçəkləri qələmə aldığım üçün məni niyə qınamalıdırlar? Bəyəm yazarlar belə bir obrazlar uydurub yazmırlarmı? Mən isə uydurmadım, sadəcə atamdan yazdım. Buna necə yanaşmaq bundan belə oxuyanlardan asılıdır. Var ol, əziz dost! Həyatda ən böyük qazancın bax bu məktub, bir də dost kəlməsidir.
© 2020 - Created by İLK XEBER.