Səssiz-sədasız bayram Heç nə vermir yerin ötən illərin, Heç nəyin qalmayıb duzu, məzəsi. Çoxdandır kəsilib qulağımızdan Kəndlərdə çalınan zurnanın səsi. O vaxt qapıları pusardıq bir- bir, Hələ üzük ilə fal da tutardıq. Sevdiyimiz kəsin adını çəkib, Duzlu qoğal yeyib sonra yatardıq. Heç çıxmır yadımdan həmin zamanlar - Qonşuya papaq da atıb qaçardıq. "İl ildən pis gəlir" deyərdi nənəm, İndi zaman keçdi, bizsə qocaldıq. "O ötən günlərə heç bir gün çatmaz" - Əzəldən söyləyib belə atalar. Anladım, ömürdən keçsə də illər, Keçən gündən şirin xatirə qalar. **** Yenə məni xəyal çəkdi, apardı, Güllü cığırlara, gözəl bağlara. Uşaqkən həvəslə qaçardıq elə, Çiçəkli kəndlərə, qarlı dağlara. Səhər açılınca qoyun sürüsü, Gedərdi xırmandan üzü aşağı. Elə ki böyüdük, çox uzaqlaşdı. Qaytarın qayğısız, qəmsiz uşağı. Könlüm arzulayır ötən anları, Yenə fikirlərim babamgildədir. O çağlar ən gözəl illərim idi, Yadıma düşdükcə qəlbim titrədir. Ötüb keçənlərə əl çatmaz daha, Amma ürəyimdən izi silinməz. Çox arzulayıram o kəndimizi, Heyf o günlərə bir də dönülməz. Gəlir gözlərimin önünə hərdən, Çörək yapar, inək sağardı anam. Həyatın yükünü çəkib üstünə, Qıymazdı ki anam, tezdən oyanam. Yenə düşünürəm bağlarımızı, Heç əskik olmazdı heyvası-narı. Xalidə bir an da unutmadı heç, O günə bircə an qayıdam barı. Vətən həsrəti Yenə bahar gəldi çiçəkləriylə, Yığ, göndər, Vətənin çiçəklərini. Cıdır düzündəki güllərə qərq et, Şuşanın, Laçının göyçəklərini. Bilirəm inciyib torpağı-daşı, Deyəsən, susubdur, bülbülü ötmür. Ağır aylar keçir, illər ötüşür, Amma mənim Vətən həsrətim bitmir. Doğma torpağımız, doğma elimiz, Cana yığılıbdır yağı əlindən. İgid oğulları olan ölkənin Külü közərəcək bir gün yenidən.
© 2020 - Created by İLK XEBER.