Partiya sədri Masallının icra başçısının danışdı: "Bir-iki vedrə kartof yığıb şəkil çəkdirməsini..."

Yurddaş Partiyasının sədri Mayis Səfərli Masallının icra başçısının tarlada kartof yığanlara kömək etməsinə münasibət bildirb. Partiya sədri deyib ki, Yeni sabah.az saytında "Azərbaycanda icra başçısı kartof yığdı" sərlövhəli yazı diqqətinii çəkib. Fotolarla illüstrasiya edilən informasiyanın xəbər yükü ondan ibarətdir ki, Masallının icra başçısı məhsul yığan əməkçilərlə görüşüb, onlara koronavirusla mübarizədə diqqətli olmağı tövsiyə edib və kartof toplamağa kömək edib...
Partiya sədrinin fikrincə, əslində, vəzifəli şəxsin xalqın içərisinə çıxması normal, hətta, zəruri bir addımdır. Anormal olan budur ki, bir sıra qulluq sahibləri günlərini rahat kabinetlərdə keçirir, insanları narahat edən problemlərdən uzaq düşürlər. Belələri iş saatları bitən kimi milyonluq malikanələrinə, villalarına, bağ evlərinə tələsir, yaxud özlərinə məxsus restoranlara, əyləncə mərkəzlərinə üz tutub kef məclisləri qururlar. Vəzifə borcu, xalq, insanlar yaddan çıxır.
Hazırda ölkəmizdə vəzifələrindən sui - istifadə edən, xalqın, dövlətin vəsaiti hesabına böyük sərvət toplayanlara qarşı ciddi mübarizə aparılır. Cəmiyyət bu vəziyyətin aradan qaldırılacağına ümid edir. Hamı istəyir ki, tutduğu vəzifənin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, hər bir hökumət adamı xalq üçün çalışsın, qanunlarla idarə etsin və qanunlarla yaşasın.
Masallının icra başçısının tarlaya gedib məhsul dərənlərə virusla bağlı məsləhət verməsini, bir - iki vedrə kartof yığıb şəkil çəkdirməsini çoxları kimi, mən də birmənalı qarşılamıram.
"Əvvəla, rayon rəhbərinin maskasız-filansız, məsafə saxlamadan insanlarla təmasa keçməsi və onları pandemiya əleyhinə təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırması elə də inandırıcı və səmimi görünmür. Bir də ki, axı, belə məsələlərdən ötrü uyğun səlahiyyətlərlə görəvləndirilmiş əməkdaşlar var. Bu, daha çox şöhrət arzusuna bənzəyir.
Bir çox rayonlarda olduğu kimi, Masallıda da işsizlikdən, kasıbçılıqdan əziyyət çəkən insanlar kifayət qədərdir. İcra başçısı, bax, bu problemlərin çözülməsi üçün əlindən gələni etməlidir. O, vəzifə səlahiyyətləri çərçivəsində rayonda elə münbit şərait, qanunçuluğun hökm sürdüyü etimad atmosferi yaratmalıdır ki, əslən bu bölgədən olan Rusiyadakı, Ukraynadakı, Türkiyədəki iş adamları, kapital sahibləri həvəslə öz doğma yurdlarına sərmayə yatırsınlar, iş yerləri açsınlar. Yerli imkanları səfərbər etmək, insanlara çörək, iş yeri verən hər bir sahibkara arxa durmaq,dayaq olmaq rayon rəhbərliyinin gündəlik fəaliyyətinin ağırlıq mərkəzi olmalıdır"-deyə M.Səfərli bildirib.