Doqquzmərtəbəli binanın qarşı tərəfində - yolun o tayında inşa edilən, dəbdəbəli görünüşü və arxitekturası ilə hamını heyran qoyan baxçanın tikintisi başa çatmışdı. Qadın pəncərədən obyekti müşahidə edir və planlarını qururdu. Artıq bir ay idi ki, baxça fəaliyyətə başlamışdı. O, yenə də birotaqlı , təmirsiz, divarları kif bağlamış və gec-gec təmizləndiyindən ağır qoxulu mənzilinin pəncərəsindən hər gün buraya neçə uşağın gəldiyini sayırdı. Sonra baxçanın yaxınlığında dayanıb bir neçə bahalı maşının nömrəsini və markasını, hansı maşında hansı valideynin gəldiyini təsadüfən çəkilən adlardan öyrənməyə çalışdı: - Aha, deməli, 90MM…7 nömrəli “Leksus”un yiyəsinə Vaska deyirlər. 95AT…8 nömrəli “Xammer”in sahibini arvadı Çingiz deyib çağırdı… Gözətçi ilə tanış olub digər məlumatları da əldə etdi. Yaşlı gözətçi hər dəfə buradan “təsadüfən” keçərkən onunla rastlaşan və çantasından müxtəlif şirniyyatlar çıxarıb ona verən qadına əməlli-başlı isnişmişdi: -Dayı, sənə qurban, oğlumun evi bu tərəfdədir, bax o aşağıdakı üçmərtəbəli ev onundur. Ay dayı, sənin işləyən vaxtındır, sənə qurban? Sənin indi gəlin, oğul-qız qulluğu görən vaxtındır. Üzü bu qədər nurlu adam görməmişəm. Hiss olunur ki, yaxşı adama oxşayırsan, sənə qurban, - deyən şirindil qadın kişinin könlünü almış, ürəyinə yol tapmışdı. Bir neçə belə “təsadüfi” rastlaşmadan sonra onu maraqlandıran əsas məlumatlar ovcunda idi. Qoca gözətçi baxçanın aşpazından, süpürgəçi və tərbiyəçilərdən məlumatları yağdan tük çəkən kimi çəkib maraqlanan ünvana ötürdü. Sonra iki il əvvəl toyda tanış olduğu və lazım olacağını düşünüb “əlində saxladığı” yaşlı, şöhrətpərəst və yüngülxasiyyət aktrisanı dilə tutub onun köhnə dəbli şıq paltarını və ayaqqabısını birovuz aldı, geyinib baxçaya getdi. Müəssisəyə uşaq gətirən bir neçə valideynin adını çəkərək onlarla qohum olduğunu və müdiri tanıdığını katibəyə deyib görüşmək üçün icazə aldı. Zər-ziba içərisində itib-batan gənc müdir xanım onu hardan tanıdığını xatırlaya bilmədi və soyuq qarşıladı. Qadın yadında saxladığı adları bir-bir çəkib X-in təhlükəsizlik orqanlarında böyük vəzifədə işlədiyini, onun yaxın qohumu olduğunu deyərək müdirin buzunu birtəhər əridə bildi. Ona da elə bu lazım idi: -Naza xanım, sizin baxça bütün şəhərdə böyük səs-küyə səbəb olub. Belə müəssisə heç yanda yoxdur. Yoldaşınızın imkanları böyükdür, bilrəm. Qohumum deyirdi ki, baxçanı əriniz tikdirmiş və heç bir təhsiliniz olmasa da, bura müdir təyin olmusunuz. Bu tərəflərin ən imkanlı iş adamlarının uşaqlarını bura cəlb edə bilmisiniz. O adamların hamısını tanıyıram, - dedi,- qohumum danışıb. Hər uşağı neçə manata götürdüyünüzü , onları yuxarı qiymətə qəbul edib aşağı qiymətə qeydiyyata almanızı da, vergini necə verdiyinizi də danışıblar. Ancaq bunlar məni maraqlandırmır. Başqa işim var. Danışa-danışa baxır və Naza xanımın təəccüblə açılmış gözlərindən, batmış nitqindən bildi ki, ox hədəfə dəyib. -Bilirsiz, Naza xanım, bunları danışmaqda bədxah niyyətim yoxdur. Desəm, inanmayacaqsız, sizə qurban, mən sizə kömə eləmək, baxçanın şöhrətini daha da qaldırmaq istəyirəm. Söhbətin belə dəyişməsi Naza xanımın təəccübünü daha da artırdı: -Ay xanım, məqsədinizi deyin. Axı məndən nə istəyirsiniz? -Başınıza dönüm, sizə qurban, nə məqsədim olacaq ki? Mən pis adam deyiləm, sözümün canı var, - deyib sonra əlavə etdi,- deyin, bir stəkan çay gətirsinlər. Boğazım quruyub. Naza xanım zəngin düyməsini basıb katibəyə çay gətirtdi. Qadın çantasını açıb çox bahalı bir neçə konfet çıxarıdı. Stolun üstündəki büllur qənddana qoyub birinin kağızını açdı: -Yoldaşıma xaricdən pay gətirmişdilər. Xalis italyanskidir, sənə qurban(artıq “siz” “sən”lə əvəz olundu). Götür, çay içərsən,-deyə konfeti dişləyib çaydan iri bir qurtum aldı. ...Qadının əri taksi sürücüsü idi. İki gün işləyəndə, iki gün də evdə yatar: - Hələ aldıqlarım qurtarmayıb,- deyər, işləməkdən boyun qaçırardı. Zəif və cılız bədənini çirkli yorğana büküb qırıq divanın üstündə büzüşərək yatardı. O isə əri yatan kimi paltarlarının cibini eşələyər, tapdığı pulları götürüb gizlədər, kişini yenə zorla iş dalınca göndərər: -Get, canın çıxsın, işlə, qazan. Küçüklərini mən saxlamayacam ki,-deyərdi. Konfeti isə qızının çantasından oğurlamışdı. Pərəstişkarlarını ad gününə dəvət edən qızı hərdən çaşır, ildə iki-üç dəfə doğum gününü qeyd etmək üçün eyni adamla restoranda görüş təyin edirdi. Kələyin üstü açılanda bəziləri qaçar, sadəlövhlər isə tora düşüb hədiyyə qoltuqlarında onu gözləyərdilər. Hər vəziyyətdən çıxmağı bacaran qızı pərəstişkarlarına aldırdığı bahalı hədiyyələri, şirniyyat şeylərini gizlədib evdəkilərdən qoruyurdu. Keçən həftə qızının çantasını birtəhər ələ keçirib konfetləri götürmüş, gizlədərək bu gün üçün saxlamışdı... - Naza xanım, sənə qurban, bayaq dedim, baxçanın şöhrətini qaldırmaq, ən imkanlı adamların uşaqlarını buraya cəlb eləmək lazımdır. Mənim yaxşı tanışlarım var. Özüm jurnalistəm. Baax, - deyib çantasından saxta yolla çap etdirdiyi vizit kartlarını çıxardı, - ölkənin ən hörmətli, nüfuzlu qəzetində işləyirəm. Jurnalist sözünü eşidəndə Naza xanım qaş-qabağını töküb sifətini turşutdu. -Sənə qurban, elə bilmə ki, buradan nəsə yazmaq, səndən pul qoparmaq istiyirəm, yox. Baxçan haqda elə bir kitab yazacam ki , bütün ölkəyə səs salsın. Sonra nazirliyə də ötürərsən . Neçə illik jurnalist təcrübəm var. Savadlı adamam, elə məqalələr yazmışam, daşdan keçib,-deyə qadın dil boğaza qoymadan ötürdü. Naza xanımı maraq bürüdü. -Bilirsən, sənə qurban, baxçada olan bütün uşaqların, işçilərin adlarını, tərcümeyi-halını, vəzifələrini yaz, şəkilləri ilə birgə ver mənə. Qalanı ilə işin yoxdur. “Jurnalist” xanım işi necə quracağı barədə hər şeyi Naza xanıma ətraflı izah etdi. Səhəri gün qızının vasitəsi ilə tanış olduğu və qəpiyə güllə atan jurnalistlə görüşüb təklifini dedi: -Sənə verdiyim faktlar əsasında hər adam və uşaq üçün dəbdəbəli, tərifli bir mətn yaz. Üç yüz manat verəcəm. Kitabları, köhnə qəzetləri tök qabağına, köçür. Peşən odur dəə, nə var yazmağa? Sonra nəşriyyata gedib uzun çək-çevirdən sonra ucuz qiymətə nəşri və tirajı danışdı. Bir neçə gün sonra artıq kitab hazır idi. İlk nüsxəni götürüb Naza xanımın yanına getdi: -Sənə qurban, bax gör, necə hazırlamışam? Ölkədə hansı baxça, ya müdir haqda kitab nəşr olunub? Varmı? Yoox. Birinci sənsən. Hər birini əlli manatdan danışmışdıq. Di sən pulunu hazırla. Mən bir-iki günə hamısını çatdıracam. Kitabın üz qabığında Naza xanımın böyük şəkli və: “Hamımızın anası nazlı Nazamız”-sözləri yazılmışdı. İlk səhifədə vərəq boyda başqa şəkli, onun haqqında çox poetik, dəbdəbəli metaforlarla dolu məqalə yazılmışdı. Hər işçi və uşağın şəkli, onun haqqında yazılmış mətn yeni səhifədə verilmiş, uşaqların arzuları, böyüyəndə kim olmaq istəmələri, həmin peşəyə uyğun şeir və şəkillər də yer almışdı.Şeir və şəkillər haqda ideyanı verən jurnalistin haqqına bir neçə manat əlavə olunmuşdu. Naza xanımın uçmağa qanadı yox idi. -Hə, sənə qurban, demişdim axı, məndən sənə ziyan gəlməz, – deyə “jurnalist” xanım dilləndi,- o metronun yanında böyük özəl baxça var haa, müdirinin adı nəydi, unutdum, nə qədər yalvardı ki, onun haqqında yazım kitabı, dedim , yox, Naza xanım haqda yazacam. Söhbət əsnasında dediyi baxça və müdiri haqda məlumatları da Naza xanımdan yavaş-yavaş çəkdi. Daha o baxçanın gözətçisinə şirniyyat yedirtmək lazım gəlmədi. Həyətə çıxan kimi məlumatları unutmamaq üçün bloknotunu çıxarıb kobud xətlə qeydlər etməyə başladı: -Adı mnayə. əri slman evdihmə qambinatı işdədir. həmi də un dəyrmanı var. özü naxcvannıdı. qardaşı masqvada bznismendi..adı mibariz.maşnı qalvagen. Bir neçə gün sonra kitabları baxçaya təhvil verdi. Şəkillərini və özləri haqda yazılmış mətnləri görən işçilər, uşaqlar və valideynlərin sevinci yerə-göyə sığmırdı: -Sağ ol, Naza xanım, mənim də adım kitaba düşdü. Ay Allah, şəklim nə yaxşı, qəşəng çıxıb. Necə gözəl sözlər yazıblar axı. Adamın canına yağ kimi yayılır. Hamı bir neçə gün yazılan təriflərin oyatdığı ovqatdan sərxoş kimi gəzdi. Sevinə-sevinə kitabı açıb şəkillərini və mətni fəxrlə qohum-qonşuya göstərdilər. -Əlli manat nədir ki? Elə bilərik, bir kafeyə gedib yeyib-içmişik. Kitab həmişəlik qalandır, -deyərək pulu yığıb verdilər. “Sənə qurban” xanım müdirin şirinlik üçün verdiyi əlavə pulla birgə üç min manatı götürüb banka getdi. Hesab açdırıb əmanətini banka qoydu. Pulu evdə saxlamaq olmazdı. Əmanət kitabçasını isə evdə, ya çantasının xəlvəti gözündə gizlətmək daha asan olardı. Sonra Naza xanım haqda kitabın bir nüsxəsini götürüb metronun yanındakı baxçaya üz tutdu. 10 may 2020
© 2020 - Created by İLK XEBER.