Töküldü kağıza sinəmin sözü, O ana yurdumun ocağı, közü... (Səməd Vurğun) A mənim ulu əcdadımın yadigarı, nişanəsi, nəfəsi, doğma dilim, ana dilim, Azərbaycan dilim! (Gülhüseyn Hüseynoğlu) Bilməsək dil, əlacımız yoxdur... (S.Ə.Şirvani) Neçə dil bilsən, o qədər adamsan. (El sözü) Öz dilini bilmirsənsə, deməli, sən yoxsan... (Bunu da mən dedim) “Sanki bütün dünya dilçiləri bir yerə yığışıb Azərbaycan türkcəsini yaradıb. Və deyiblər ki, baxın, dil belə olar!..”. (Maks Müller – dilçi alim). (“525-ci qəzet”dən) Divar təqviminin qopub düşən vərəqlərinin “ətrindən”, “təravətindən” vəcdə gəlib cəh-cəh vuran və hər üzünü göstərməkçin xəfifcə bir mehə bənd söyüd yarpaqları üçün deyil... Yox, yox, söyüd yarpaqları!.. Sizin üçün deyil... Düşünməyi bacaranlar, qananlar və yananlar üçün yazdım bunu... Bu yazının yazılmasına səbəb üç epizodu xatırlamağım oldu. Birincisi, “Azadlıq” radiosu dalğalarında təsadüfən rast gəldiyim bir müsahibə; ikincisi, televiziya kanallarının hansındasa (dəqiq yadımda deyil) baxdığım başqa bir müsahibə; üçüncüsü isə bu müsahibələr haqqında düşüncələrə dalarkən, 55 il qabaq şahidi olduğum və özümdən asılı olmadan ömürlük yaddaşımda yapışıb qalmış bir epizod idi. Üçüncüdən başlamaq istəyirəm... Ötən əsrin 50-ci illərinin ortaları idi. Göyçay Pedaqoji Məktəbində oxuyurdum. Şəhər kitabxanasına getmişdim. Rəflərin arası ilə gəzib, özümə lazım olan kitabı axtararkən, bir qadının kitabxanaçı ilə söhbətini eşitdim. Həmin qadın tələb edirdi ki, 5 nömrəli rus məktəbinin uşaqları bura gələndə, onlara Azərbaycan dilində kitab verməsin... Onda mən bunu adi bir hal kimi qarşılamışdım. Yəqin, Azərbaycan dilində kitab oxumaq, uşaqların rus dili öyrənməsinə mane olur, deyə, düşünmüşdüm... Rus məktəbi pedməktəbin darvazası ilə üzbəüz, küçənin o biri tayında olduğundan, onun direktorunun adını bilurdik, özünü də tanıyırdıq. Bu qadın isə, yəqin ki, ya həmin məktəbin direktor müavini, ya sinif rəhbəri, ya da ki, dil-ədəbiyyat müəllimi imiş. Rus məktəblərində Azərbaycan dilinə qarşı “mübarizə” aparmaq üçün təkcə bununla kifayətlənmirdilər. Valideynlərin iclasını çağıraraq, tələb edirdilər ki, uşaqlarla evdə rusça danışsınlar. Rus dilini öyrənmək üçün doğma dili unutmağı tələb edirdilər. Nə qədər qəribə görünsə də, bu (doğma dilin qismən də varsa, unutdurulması), baş tuturdu. Təhsilin bütün mərhələlərindən keçib, hətta alimlik dərəcəsinə çatanda belə, bu cür təlim-tərbiyə görmüş insanlar doğma dildə danışmaq lazım gələındə, “gəldim” əvəzinə “qəldim” deyirlər... Azərbaycan məktəblərində isə rus dilini öyrənə bilmirdilər. Görünür, nazirlik səviyysində və hətta ondan yuxarıdakı “ali” orqanlarda da bunu başa düşmüşdülər. Və bu nöqsanı aradan aldırmaq istəyirdilər. Günahı dərs saatlarının azlığında görürmüşlər. Buna görə də dərs saatlarını artırmağa başladılar. Həftədə 4 saat, sonra 5 və nəhayət, 6 saat elədilər. Xeyri olmadı. Uşaqlar rus dilini öyrənə bilmirdilər ki, bilmirdilər... Sonra, paradoksal olsa da, rus dilindən saatların sayını həftədə 7-yə çatdırdılar (iki saatı fakultativ məşğələlər hesabına). Həftədə 6 dərs günü olduğu halda, 7 saat rus dili! Yenə öyrənə bilmirdilər... Rus dili saatlarının artması, təbii ki, Azərbaycan dili və ədəbiyyatından saatların azaldılması hesabına başa gəlirdi. Böyük şairimiz Bəxtiyar Vahabzadə demişkən: “Parisin küçələri genişləndikcə, Hanoyun küçələri daralırdı”. (Bu isə “Ezop dili”ndə o demək idi ki, Moskvanın küçələri genişləndikcə, Bakının küçələri daralır). Düşünmürdülər ki, həftədə cəmi 2 saat tədris olunan ingilis, fransız dillərini uşaqlar pis də varsa, az da varsa öyrənirdilər. Bəs saatlarının miqdarı 7-yə çatdırılmış rus dilini niyə öyrənə bilmirlər? Bir halda ki, radiolar gecə-gündüz rus dilində bağırır, televizorlar da həmçinin. Səbəb isə bu idi ki, rus dilindən proqram, xarici dil proqramı kimi yox, rus dilini minimum bilən uşaqlar (Rusiyanın muxtar qurumlarında və ümumiyyətlə, hər yerində yaşayan “nerusskiy”lər) üçün nəzərdə tutulmuşdu. Ona görə də Azərbaycan məktəblərində uşaqlar rus dilindən hər cür qrammatik qaydaları, hətta iri mətnləri belə, gücləri çatdıqca mexaniki olaraq əzbərləyir, gəlib söyləyərək, yaxşı və əla qiymətlər də ala bilirdilər. Əzbərlənənlər az müddətdən sonra unudulub gedirdi. Rusca isə danışa bilmirdilər. Onda ki, “dilimiz böyük-böyük məclislərdən itirilmişdi ilim-ilim...” (Bəxtiyar Vahabzadə. “Latın dili”, 1967), hətta ali təhsili oıanlar belə, Bakının küçə və mağazalarında bildikləri az-küç sözlərdən istifadə edib rusca danışmağa cəsarət etmirdilər ki, səhvə yol verib, “camaatı” özlərinə güldürərlər. Rus dilinin qol-qabırğasını qırıb danışanları isə “russkoyazıçnı bakinets”lər “çuşqa adlandırırdılar. İndikilər çaşmasınlar deyə, qeyd edək ki, bu, “çoşqa” (yəni, donuz balası) demək deyildi, “avam, geridə qalmış (qanmaz) kəndçi” mənasını verirdi. Rus dilini bakılı uşaqları və ətraf qəsəbələrdə doğulub böyüyənlər məhəllədə öyrənirdilər. Çünki məhəllə uşaqlarının yarıdan çoxu rus və ya rusdillilərin uşaqlarından ibarət olardı. Bölgələrdən olan oğlanlar da (pis-yaxşı) əsgərlikdə öyrənirdilər. Qızlar isə (yenə bölgələrdə) rus dilini heç vaxt fərli-başlı öyrənə bilmilrdilər. Çünki proqramın tələblərinə uyğun olaraq, məktəb – uşaqlara dil öyrətmək əvəzinə, bilmədikləri dilin qrammatik qaydalarını “öyrətməklə” (əzbərlətməklə) məşğul olurdu. Xatırlayıram ki, 3 saylı şəhər məktəbində müəllim çatışmazlığı ucbatından neçə sinifdəsə bir müddət ingilis dili keçilmədi. Orta məktəbdə müəlliminin səyi və özünün çalışqanlığı sayəsində ingilis dilini yaxşı öyrənmiş qız uşağı filologiyanı bitirib vaxtilə təhsil aldığı məktəbdə dil-ədəbiyyat müəllimi işlərkən, rəhbəri olduğu beşinci sinfin şagirdləri başqalarından bir il geri qalmasın deyə, bu fənni (həmin sinifdə) tədris etməyi boynuna götürmüşdü. (Xarici dillərin tədrisi məhz beşinci sinifdən başlayırdı). İlin sonunda siniflər arasında ingilis dili üzrə yarış keçiriləndə o sinif birinci yeri tutdu. Halbuki, yarışda iştirak edən digər siniflərdə ingilis dilini ixtisaslı müəllimlər keçmişdi. Bu misalı, kiminsə dərsi yaxşı keçib-keçməməsinə görə yox, xarici dil proqramları ilə müqayisədə, rus dili proqramının nə dərəcədə uduzduğunu göstərmək üçün gətirdim... Sovet dönəmində rus dili bilməyənlərin “gələcəyinin olmadığını” düşünən bir çox valideynlər öz uşaqlarını rus məktəblərinə qoymağa məcbur olurdular. Rus məktəbində isə, yuxarıdakı nümunədən göründüyü kimi, ana dilini unutdurmağa çalışırdılar. Doğrudur, rus dili bizim dünyaya açılan ilk pəncərəmiz olub. Seyid Əzim Şirvani: “Dil bilməsək, əlacımız yoxdur” – deyəndə, məhz rus dilini nəzərdə tuturdu. İlk növbədə rus dilini və digər xarici dillərdən birini və ya bir neçəsini bilməmək (şübhəsiz) gerilik əlamətidir. Öz ana dilini bilməmək isə faciədir!.. Bəxtiyar Vahabzadə övladlarını rus məktəbində oxudan (gerçək həyatda prototipi olan) Azərbaycan dili və ədəbiyyatı müəlliminə həsr etdiyi şeirində: Mən də sənin kimi etsəm ay nadan, Sən kimə dərs deyib pul qazanardın?!.. —deyə, haray çəkirdi. Şeirdəki polad kimi sarsılmaz məntiqə diqqət yetirdinizmi? Doğrudan da, tutaq ki, hamı həmin ədəbiyyat müəllimindən nümunə götürərək, uşaqlarını rus məktəblərinə qoydu və Azərbaycan məktəblərinə ehtiyac qalmadı... Onda bəs Azərbaycan dili və ədəbiyyatı müəllimi nə işlə məşğul olmalı idi?!.. İkinci epizodun üstünə gəlirəm. Yeni ilin ilk günlərində “Azadlıq” radiosunun dalğasında məşhur şou-biznes ulduzlarından biri ilə müsahibəyə tuş gəldim. Həmin ana qədər nədən danışıbdısa, bilmədim, mən eşidəndə rus dilinin əhəmiyyətindən və bu dili bilməməyin fəsadlarından danışırdı. Bu barədə bir az yuxarıda biz də yazmışıq. Amma gəldiyimiz nəticə fərqlidir. Bizim gəldiyimiz nəticə (rus dili proqramını təkmilləşdirmək) yuxarıdakı abzaslardan oxuculara bəllidir. Müsahibə verən “ulduz” isə “ruskoyazıçnılığın” əhəmiyyətini tərifləyib göylərə qaldırır və nə barədəsə rus dilində bir kitab yazdığını da bəyan edirdi. Həm də fəxrlə bildirirdi ki: “Mən oğlumu rusca oxuduram”. Kim nə deyir?! Sabir demişkən, “oğul sənindir, babam”, harda oxudursan, oxut. Amma bunu təbliğat səviyyəsinə qaldırıb, radio dalğalarında səsləndirmək... Bilmirəm buna (“Azadlıq” radiosunun mövqeyinə) nə ad vermək olar?! Hələ söhbətin gedişindən məlum oldu ki, bu, həmin “ulduzun” “Azadlıq” radiosuna verdiyi üçüncü müsahibə imiş. Əgər bu “çoxbilmişin” əvvəlki müsahibələri də həmin “ali” məqsədə xidmət edirmişsə, daha sözüm yoxdur... Üçüncü epizod: Ötən ilin son, yaxud yeni ilin ilk günləri idi. Bir nəfər qadın jurnalist həmkarımız zəng elədi ki, televizoru aç, filan kanala bax. Açıb baxdım. Telejurnalist eyni zamanda bir neçə nəfərdən müsahibə götürürdü. Söhbət, deyəsən, musiqi mədəniyyətindən və ya buna bənzər bir mövzuda idi. İştirakçıların hamısı, bir nəfərdən başqa, qızğın şəkildə deyib-danışır, yeri gəldikdə mübahisə edir, qoyulmuş mövzuya münasibətini bildirirdi. O bir nəfər isə kəlmə kəsmədən kresloda, sözün əsl mənasında, büzüşüb oturmuşdu. Geyim-keçimi ilə də fərqlənməyən çox sadə bir insana bənzəyirdi. Həmin qonağın bütün söhbət zamanı susub-durmasından naqolay bir vəziyyət yarandığnı hiss edən aparıcı, rəyini öyrənmək üçün ona da müraciət etdi. O isə Azərbaycan dilində çəkinə-çəkinə, çox çətinliklə ikicə kəlmə (şişirtmirəm, həqiqətən iki kəlmə, yəni, ikicə söz) dedikdən sonra, iki cümlə də rusca deyərək, fikrini tamamlayıb susdu və bir daha danışmadı. Hiss olunurdu ki, həmin adam çox yüksək tərbiyə görmüş, həssas qəlbə məxsus, savadlı, mərifətli bir insandır. Azərbaycan dilində ikicə kəlmə kəsməklə sanki tamaşaçılara anladırdı ki., vallah, fikrimi bu dildə bildirmək istərdim, amma neyləyim, gücüm çatmır, rus dilində ikicə cümlədən sonra susmasının isə mənası bu idi ki, ekranda – onu görüb-qulaq asan milyonlarla həmvətəninin qarşısında öz dilini bilmədiyindən, özgə dildə danışmağa məcbur olduğu üçün xəcalət çəkir. Halbuki, ekranda digər “ruskayazıçnıları” çox görmüşük ki, yarıazərbaycan-yarırusca üyüdüb tökməklə, bu cür “qarğa dilində” danışmaqdan zövq aldıqlarını gizlətmirlər. Əgər indi haqqında danışdığım veriliş qarşınıza çıxıbsa, əminəm ki, bu gözəl insanın çəkdiyi əzab sizə də sirayət edib və onunla birlikdə ürəyiniz ağrıyıb. Həmin anda mənə elə gəldi ki, o, doğma insanların söhbətinə doğma (onun üçün isə yad olan) dildə qoşulmaq imkanından məhrum olduğu üçün oturduğu kresloda qərar tuta bilməyib yerində qıvrıldıqca, ürəyindən bu sözləri keçirirdi: “Ey böyük, əziz və mehriban atam, sən məni niyə bu günə qoydun?!..”. Televizorda ilk dəfə görsəm də, aparıcı adını çəkən kimi tanıdım onu. Barəsində mətbuatda yazılanlardan məlumatım vardı. O, həqiqətən də, böyük və əvəzolunmaz sənət adamı sayılan bir atanın elə özü qədər məşhur ola oğlu idi... Bir azdan həmin həmkarımıza zəng etməli oldum: “Niyə məni bu verilişə baxmağa vadar elədin?” – deyə, qəhərlə soruşdum. O isə: —Verilişə baxanda özümü saxlaya bilməyib ağladım, təəssüratımı bölüşmək ehtiyacı duydum... – deyə, cavab verdi... Yəqin ki, başa düşdünüz: həmkarımız (axı o, qadın idi) həmin gözəl insanın dil bilməməyinin ucbatından çəkdiyi sıxıntı və əzabları hiss edərək ona yazığı gəldiyi, halına acıdığı üçün ağlayıbmış. Nə gizlədim, elə mən də ona görə qəhərlənmişdim... Yenidən qayıdıram “Azadlıq” radiosundan eşitdiklərimə. Və demək istəyirəm: Hörmətli tanınmış “ulduz”, sizin kimilər Vətən və xalq qarşısında heç bir günahı olmayan məsum körpəciyəzlər üçün – doğma övladlarınız üçün belə əzablı-iztirablı və xəcalətli bir gələcək hazırlayırsınız... Və bir də onu soruşmaq istərdim ki, müsibətzadə (eyni zamanda, məğrur və xoşbəxt!) müşfiqşünas alim, müəllimimiz Gülhüseyn Hüseynoğlunun “Azərbaycan dili” adlı mənsur şeiri nə vaxtsa qarşınıza çıxıbmı? Ağlım kəsmir... O kişinin nə vaxt və nə üçün ADU-dan “götürülərək” (yuxarıda danışdığımız məsələlərlə bağlı idi) Sibirə göndərildiyini də bilmirsiniz. Həmin mənsur şeirdən bir neçə misranı dinləyin: “... Anamın südündə, Vətənimin havasında, çörəyimdə, suyumda səni duymuşam! ... Anamın həzin-həzin laylalarında, arzulu-arzulu oxşamalarında qanıma keçmisən! ... Atamın kişi-kişiyanə söhbətlərində ruhuma çökmüsən! Babamın, nənəmin şirin-şirin nağıllarında, bayatılarında ürəyimə girmisən! Ürəyimə, a mənim millətimin fəxri-fəxarəti dilim! Azərbaycan dilim!”. MƏMMƏD MİRZƏ, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü.
© 2020 - Created by İLK XEBER.