Çin Xalq Respublikası Honkonqun muxtariyyəti ilə bağlı verdiyi sözə əməl etməyib.
“Report” un verdiyi məlumata görə, bunu ABŞ prezidenti
Donald Tramp bəyan edib.
“Məhz bu səbəbdən Birləşmiş Ştatlar Çin Xalq Respublikasının və Honkonqun rəsmi şəxslərinə qarşı
sanksiya tətbiq edəcək”, - deyə, Tramp bildirib.
Ağ Ev lideri qeyd edib ki, rəsmi Vaşinqton Honkonq ilə münasibətlərdə xüsusi yanaşma təmin edən istisnaları aradan qaldıracaq:
“Bununla bağlı Administrasiyaya tapşırıq verdim. Bundan başqa, ABŞ bütün imtiyazları, xüsusən Honkonqun istifadə etdiyi
ticarət imtiyazlarını ləğv edir”.
Donald Tramp
Qeyd edək ki, Ümumçin Xalqların Nümayəndələri Məclisi (Çinin ali qanunverici orqanı, parlament)
mayın 28-də Honkonqun təhlükəsizliyinin təmin olunması haqqında qanun layihəsini qəbul edib.
Səsvermə parlamentin sessiyasının üçüncü günü keçirilib. Qanun layihəsi Məclisin komissiyası tərəfindən, Honkonqun Qanunverici Şurasının iştirakı olmadan hazırlanacaq.
Bu qanun
Honkonqun muxtariyyətini kəskin şəkildə məhdudlaşdıracaq. Çin hakimiyyəti separatçı çağırışlar olduğu halda bu muxtar qurumu cəzalandırmaq məqsədilə öz təhlükəsizlik qüvvələrini göndərəcək, həbslər keçirə biləcək.
Ümumçin Xalqların Nümayəndələri Məclisi
Bir müddət əvvəl ABŞ-ın dövlət katibi
Maykl Pompeo bildirmişdi ki, Honkonqun azadlığının məhdudlaşdırılması ilə bağlı Çinin istənilən qərarı “bir dövlət, iki sistem” prinsipinə yenidən baxılmasına səbəb olacaq.
Xatırladaq ki, 1997-ci ilə qədər Honkonq Böyük Britaniyanın koloniyası olub. Britaniya ilə Çin arasındakı razılaşmaya görə, müdafiə və xarici işlər istisna olmaqla, bu əraziyə yüksək muxtariyyət verilib və bu status 2047-ci ilə qədər saxlanılmalıdır.