Doqquzmərtəbəli binanın qarşı tərəfində - yolun o tayında tikilən dəbdəbəli görünüşü və arxitekturası ilə hamını heyran qoyan baxçanın tikintisi başa çatmışdı. Qadın pəncərədən obyekti müşahidə edir və planlarını qururdu. Artıq bir ay idi ki, baxça fəaliyyətə başlamışdı. O, yenə də birotaqlı , təmirssiz, divarları kif bağlamış və gec-gec təmizləndiyindən ağır qoxulu mənzilinin pəncərəsindən hər gün baxçaya neçə uşağın və maşının gəldiyini sayırdı. Sonra baxçanın yaxınlığında dayanıb bir neçə bahalı maşının nömrəsini və markasını, hansı maşında hansı valideynin gəldiyini təsadüfən çəkilən adlardan öyrənməyə çalışdı: - Aha, deməli, 90MM…7 nömrəli “Leksus”un yiyəsinə Vaska deyirlər. 95AT…8 nömrəli “Xammer”in sahibini arvadı Çingiz deyib çağırdı… Baxçanın gözətçisi ilə tanış olub digər məlumatları da əldə etdi. Yaşlı gözətçi hər dəfə buradan “təsadüfən” keçərkən onunla rastlaşan və çantasından müxtəlif şirniyyatlar çıxarıb verən qadına əməlli-başlı isnişmişdi: -Dayı, sənə qurban, oğlumun evi bu tərəfdədir, bax o aşağıdakı üçmərtəbəli ev onundur. Ay dayı, sənin işləyən vaxtındır, sənə qurban? Sənin indi gəlin, oğul-qız qulluğu görən vaxtındır. Üzü bu qədər nurlu adam görməmişəm. Hiss olunur ki, yaxşı adama oxşayırsan, sənə qurban, - deyən şirindil qadın gözətçinin könlünü almış, ürəyinə yol tapmışdı. Bir neçə belə “təsadüfi” rastlaşmadan sonra onu maraqlandıran əsas mlumatlar ovcunda idi. Qoca gözətçi baxçanın aşpazından, süpürgəçi və tərbiyəçilərdən məlumatları yağdan tük çəkən kimi çəkib maraqlanan ünvana ötürdü. Bir neçə gün sonra iki il əvvəl toyda tanış olduğu və lazım olacağını düşünüb “əlində saxladığı” qoca və şöhrətpərəst, axmaqcasına özünü cavan götərməyə çalışan yüngülxasiyyət aktrisanı dilə tutub onun köhnə dəbli şıq paltarını və ayaqqabısını birovuz aldı, geyinib baxçaya getdi. Katibəyə müdiri tanıdığını, baxçaya uşaq gətirən bir neçə adamın adını çəkərək onlarla qohum olduğunu deyib içəri girməyə icazə aldı. Zər-ziba içərisində itib-batan gənc müdir xanım onu hardan tanıdığını xatırlaya bilmədi və soyuq qarşıladı. Qadın yadında saxladığı adları bir-bir çəkib X-in yaxın qohumu olduğunu və onun təhlükəsizlik orqanlarında böyük vəzifədə işlədiyini deyərək müdirin buzunu birtəhər əridə bildi. Ona da elə bu lazım idi: -Naza xanım, bilirəm ki, sizin baxça bütün ölkədə böyük səs-küyə səbəb olub. Belə müəssisə heç yanda yoxdur. Yoldaşınızın imkanları böyükdür, bilrəm. Qohumum deyirdi ki, baxçanı əriniz tikdirmiş və heç bir təhsiliniz olmasa da, bura müdir təyin olmusunuz. Bu tərəflərin ən imkanlı iş adamlarının uşaqları da sizin baxçaya gəlir. O adamların hamısını tanıyıram, - dedi,- qohumum danışıb. Hər uşağı neçə manata götürdüyünüzü də bilirəm. Uşaqları yuxarı qiymətə qəbul edib aşağı qiymətə qeydiyyata salmanızı da, vergini necə verdiyinizi də bilirəm. Ancaq bunlar məni maraqlandırmır. Başqa işim var. Danışa-danışa baxır və Naza xanımın təəccüblə açılmış gözlərindən, batmış nitqindən bildi ki, ox hədəfə dəyib. -Bilirsiz, Naza xanım, bunları danışmaqda mənim başqa məqsədim yoxdur. Desəm, inanmayacaqsız, sizə qurban, mən sizə kömə eləmək, baxçanın şöhrətini qaldırmaq istəyirəm. Söhbətin belə dəyişməsi Naza xanımın təəccübünü daha da artırdı: -Ay xanım, məqsədinizi deyin. Axı məndən nə istəyirsiniz? -Başınıza dönüm, sizə qurban, nə məqsədim olacaq ki? Heç pis məqsədli adama oxşayıram? - deyib sonra əlavə etdi,- Deyin, bir stəkan çay gətirsinlər. Boğazım quruyub. Naza xanım zəngin düyməsini basıb katibəyə çay gətirtdi. Qadın çantasını açıb çox bahalı bir neçə konfet çıxarıdı. Stolun üstündəki büllur qənddana qoyub birinin kağızını açdı: -Yoldaşıma xaricdən pay gətirmişdilər. Xalis italyanskidir, sənə qurban(artıq “siz” “sən”lə əvəz olundu). Götür, çay içərsən,-deyə konfeti dişləyib çaydan iri bir qurtum aldı. ...Qadının əri taksi sürücüsü idi. İki gün işləyəndə, iki gün də evdə yatar: - Hələ aldıqlarım qurtarmayıb,- deyər, işləməkdən boyun qaçırardı. Zəif və cılız bdənini çirkli yorğana büküb qırıq divanın üstündə büzüşüb yatardı. O isə əri yatan kimi paltarlarının cibini eşələyər, tapdığı pulları götürüb gizlədər, kişini yenə zorla iş dalınca göndərər: -Get, canın çıxsın, işlə, qazan. Küçüklərini mən saxlamayacam ki,-deyərdi. Konfeti isə qızının çantasından oğurlamışdı. İldə özünə bir neçə dəfə ad günü keçirən qızı tanış olduğu “poklonnik”lərini ad gününə dəvət edəndə hərdən çaşır, eyni adamı ildə iki-üç dəfə ad gününü qeyd etmək üçün restorana dəvət edirdi. Ayıq başı olanlar kələyi tutur, qaçırdılar. Sadəlövhlər isə tora düşüb hədiyyə qoltuqlarında restoranda onu gözləyərdilər. Yalanının üstü açılanda vəziyyətdən çıxmağı bacaran qızı pərəstişkarlarına aldırdığı bahalı hədiyyələri, şirniyyat şeylərini gizlədib evdəkilərdən qoruyurdu. Keçən həftə qızının çantasını birtəhər ələ keçirib bu konfetləri götürmüş, gizlədərək bu gün üçün saxlamışdı... - Naza xanım, sənə qurban, bayaq dedim, baxçanın şöhrətini qaldırmaq, ən imkanlı adamların uşaqlarını sənin baxçana cəlb eləmək lazımdır. Mənim yaxşı tanışlarım var. Özüm jurnalistəm. Baax, - deyib çantasından saxta yolla çıxartdırdığı vizit kartlarını çıxardı, - ölkənin ən hörmətli, nüfuzlu qəzetində işləyirəm. Jurnalist sözünü eşidəndə Naza xanım qaş-qabağını töküb sifətini turşutdu. -Sənə qurban, elə bilmə ki, baxçandan nəsə yazmaq, səndən pul qoparmaq istiyirəm, yox. Sənin baxçan haqda elə bir kitab yazacam ki , bütün ölkəyə səs salsın. Sonra nazirliyə də ötürərsən . Neçə illik jurnalist təcrübəm var. Savadlı adamam, elə məqalələr yazmışam, daşdan keçib,-deyə qadın dil boğaza qoymadan ötürdü. Naza xanımı maraq bürüdü. -Bilirsən, sənə qurban, baxçada olan bütün uşaqların, işçilərin adlarını, tərcümeyi-halını, vəzifələrini yaz, şəkilləri ilə birgə ver mənə. Qalanı ilə işin yoxdur. “Jurnalist” xanım işi necə quracağı, baxçanın “şöhrət”ini necə qaldıracağı barədə hər şeyi Naza xanıma ətraflı izah etdi. Səhəri gün qızının vasitəsi ilə tanış olduğu və qəpiyə güllə atan jurnalistlə görüşüb təklifini dedi: -Sənə verdiyim faktlar əsasında hər adam və uşaq üçün dəbdəbəli, tərifli bir mətn yaz. Üç yüz manat verəcəm. Kitabları, köhnə qəzetləri tök qabağına, köçür. Peşən odur dəə, nə var yazmağa? Sonra nəşriyyata gedib uzun çək-çevirdən sonra ucuz qiymətə kitabın nəşrini və tirajı danışdı. Bir neçə gün sonra artıq kitab hazır idi. İlk nüsxəni götürüb Naza xanımın yanına getdi: -Sənə qurban, bax gör, necə kitab hazırlamışam? Ölkədə hansı baxça haqda, müdiri haqda kitab nəşr olunub? Varmı? Yoox. Birinci sənsən. Hər birini əlli manatdan danışmışdıq. Di sən pulunu hazırla. Mən bir-iki günə kitablarını çatdıracam. Kitabın üz qabığında Naza xanımın böyük şəkli və: “Hamımızın anası nazlı Nazamız”-sözləri yazılmışdı. İçində isə birinci səhifədə vərəq boyda başqa şəkli, onun haqqında çox poetik, dəbdəbəli metaforlarla dolu məqalə yazılmışdı. Hər işçi və uşağın şəkli, onun haqqında yazılmış mətn yeni səhifədə verilmiş, uşaqların arzuları, böyüyəndə kim olmaq istəmələri, həmin peşəyə uyğun şeir və şəkillər də yer almışdı.Şeir və şəkillər haqda ideyanı verən jurnalistin haqqına bir neçə manat əlavə olunmuşdu. Naza xanımın uçmağa qanadı yox idi. -Hə, sənə qurban, demişdim axı, məndən sənə ziyan gəlməz, – deyə “jurnalist” xanım dilləndi,- o metronun yanında böyük özəl baxça var haa, müdirinin adı nəydi, unutdum, o, nə qədər yalvardı ki, haqqında yazım kitabı, dedim , yox, Naza xanım haqda yazacam. Söhbət əsnasında dediyi baxça və müdiri haqda məlumatları da Naza xanımdan yavaş-yavaş çəkdi. Daha o baxçanın gözətçisinə şirniyyat yedirtmək lazım gəlmədi. Həyətə çıxan kimi məlumatları unutmamaq üçün bloknotunu çıxarıb kobud xətlə qeydlər etməyə başladı: -Adı mnayə. əri slman evdihmə qambinatı işdədir. həmi də un dəyrmanı var. özü naxcvannıdı. qardaşı masqvada bznismendi..adı mibariz.maşnı qalvagen. Bir neçə gün sonra kitabları baxçaya təhvil verdi. Şəkillərini və özləri haqda yazılmış mətnləri görən işçilər, uşaqlar və valideynlərin sevinci yerə-göyə sığmırdı: -Sağ ol, Naza xanım, mənim də adım düşdü kitaba. Ay Allah, şəklim nə yaxşı, qəşəng çıxıb. Necə gözəl sözlər yazıblar axı. Adamın canına yağ kimi yayılır. Hamı bir neçə gün yazılan təriflərin oyatdığı ovqatdan sərxoş kimi gəzdi. Sevinə-sevinə kitabı açıb şəkillərini və mətni fəxrlə qohum-qonşuya göstərdilər. -Əlli manat nədir ki? Elə bilərik, bir kafeyə gedib yeyib-içmişik. Kitab həmişəlik qalandır, -deyərək pulu yığıb verdilər. “Sənə qurban” xanım müdirin şirinlik üçün verdiyi əlavə pulla birgə üç min manatı götürüb banka getdi. Hesab açdırıb pulunu banka qoydu. Pulu evdə saxlamaq olmazdı. Bank kartını evdə, ya çantasının xəlvəti gözündə gizlətmək daha asan olardı. Sonra isə Naza xanım haqda kitabın bir nüsxəsini götürüb metronun yanındakı baxçaya üz tutdu. 10 may 2020
© 2020 - Created by İLK XEBER.