Fəsillərin üsyanı Ürəyində üsyan edər fəsillər, Payız qışa, yaz payıza qarışar. Dırnağacan vücudunu don tutar, İçin yanar, dilim-dilim alışar. Sarar səni cəhənnəmin istisi, Atəşini göz yaşın da soyutmaz. İtirərsən fəsillərin rəngini - Qurşağını buludundan göy atmaz. Baxışların dalar uzaq yollara, Ürəyində quduz həsrət ulayar. Qəh-qəh çəkib gülər sənə ayrılıq, Hisslərini barmağına dolayar. Bircə damla boğar səni özündə, Bircə dəfə gözün qırpsa göy əgər. Sızıldayar sığal yeri saçında, Boynundakı o əl izi göynəyər. Yanarsan e, iliyəcən yanarsan, Sümüklərin inildəyər durmadan. "Soyuqdandır" deyib qatma başını, Həsrətimdir səni yaxan, ay adam. ******** Və birdən boğularsan, xırıldayar nəfəsin, Dilin söz deyə bilməz, qaşın-gözün əyilər. Gələr, üzünə durar keçmişin xatirəsi, Gözündən atdıqların bir-bir gözünə girər. Darıxmağın dadı Eşitmişdim darıxmağın adını, Xəbərsizdim amma onun tamından. Nə qəlbimdə çatmışdım eşq odunu, Nə də şərbət içmişdim eşq camından. Ayrılığın süfrəsini gen açdın- Qəm yeməyi, qəhər adlı içkilər... (Getməyinlə ürəyimə yanaşdın, Həsrətlərdən başlayırmış sevgilər...) Yanımdaykən varlığını duymadım, Uzaqdaykən hiss olunur yoxluğun. Nəfəsimi alıb getdin, ay adam, Əvəzində dərd saxladın bir yığın. Gedişinlə elə yaxdın sinəmi, Daş əridi, mum eylədin dağı da. Ömrüm boyu dadmadığım sitəmi Şirin-şirin dadızdırdın axırda. Alışmada ürəyimin daş üzü, Hisslərimdən alov qalxır göyəcən. Sənsizliyin iyi gəlir, əzizim, Yavaş-yavaş darıxıram, deyəsən... (Sənin üçün darıxıram, biləsən...) Zəif dərd Deyəsən, həsrətlərin Tükənib gücü daha. Bu fərsiz ayrılıqlar Satammır yükün baha. Alıcısı tapılmır Köhnə sitəmlərin də. Gözünə işıq gəlir Gözdən itənlərin də. Eşqi yoxsul olanlar Ağrını ucuz alır. Hicrana tab etdikcə Sevgidə güc azalır. Hanı o darıxmaqlar Keçə yeddi qatından? Göy başın üstdən qaça, Yer ayağın altından. Gücü çatmır adama Kədərin də, qəmin də. Dərd içini yeməkdə, Sənsə öz aləmində. Bunca zaman xərclədin, Bunca vaxt heyif oldu. Mənsiz ölmədin, adam, Bu dərd nə zəif oldu?!
© 2020 - Created by İLK XEBER.