Dünya köhnə dünyadır. Dünya dolub-boşalan dünyadır. Qazan xanlı, Alp Aruzlu, Beyrəkli, Burla Xatunlu, Banu Çiçəkli dünyadır! Babalardan qalma, Koroğlulu, Keçəl Həmzəli dünyadır. Qabaran, geri çəkilən dünyadır bir ümman kimi, nəhr kimi, dəniz kimi. ...Qabaranda da, çəkiləndə də sahilində yaxşı- yaman iz qoyan dünyadır. Dəniz murdarlıq götürmür, ölüləri sahilə tullayıb gedir hər dəfə qabarıb çəkildiyində... Dünya ən güclüləri, ən yaxşıları saxlayır yaddaşında. Olanda da güclü olasan, bütöv olasan, heç vaxt yarımçıq olmayasan, kamil olasan, palançı da olsan... Dünyanın ən güclü adamı ola da bilmərəm, olmaq da istəmirəm. Çünki o gücün, qüdrətin sahibi deyiləm... Dünyanın ən varlı adamı ola da bilmərəm, olmaq da istəmirəm, Çünki halalıqla çoxlu var qazanmaq olmaz, sanıram. Dünyanın ən gözəl qadını ola da bilmərəm, olmaq da istəmirəm, Çünki gözəllik qalıcı deyil və nisbidir, sanıram... Dünyanın ən gözəl anası ola bilmərəm, olmaq istəsəm də... Çünki mənim anam kimi çox analar o adı çoxdan qazanıb, sanıram ... Dünyanın ən yaxşı bacısı ola bilmərəm, Olmaq istəsəm də... Çünki ən yaxşı bacı bacımdır, sanıram. Dünyanın ən gözəl müəllimi olmaq da istəyirəm, ola da bilərəm... Çünki şağırdlərim belədir, deyirlər. Bunların hamısını boş verirəm, Dünyanın ən yaxşı qalib əsgəri olmaq istəyirəm mən bu gün! Dünyaya Azərbaycanın gücünü, qüdrətini göstərmək üçün! Azərbaycanın şəhid ruhlarının qarşısında xəcil olmamaq üçün. Tövlədə bağlı qalan atı, qəfəsdə bağlı qalan göyərçini ömürlük unütmaq üçün. Gecələr rahat yata bilmək üçün... Nənəmin, babamın töhmət dolu baxışlarından gizlənmək üçün. Gələcək üçün!
© 2020 - Created by İLK XEBER.