“Şöhrət” ordenli rejissor Arif Qazıyev 75 yaşına çatanda, müxbirimiz ondan soruşmuşdu: “Arif müəllim, ad gününüzdə kimdən hədiyyə gözləyirsiniz?” Ağsaqqal ürəyindən keçənləri gizlətməmişdi: “Ən böyük hədiyyəni dövlətimizin başçısından gözləyirəm. Ümid edirəm ki, yubileyim münasibətilə mənə də vəzifə veriləcək”. Mən o vaxtdan hakimiyyət strukturlarında gənclərin qabağa çıxmasının tərəfdarı olmuşam. Həmin vaxt hörmətli rejissorumuzun mövqeyini bəyənmədiyimə görə onu tənqid etmişdim. Üstündən 7 il keçdiyi üçün yazının məzmununu olduğu kimi xatırlamağa çətinlik çəkirəm. Bircə o yadımdadır ki, insanın qarğa qədər şanslı olub, 300 il yaşamadığını vurğulamışdım. Məncə, 75 yaşına çatan adamın qarşısında iki mühüm vəzifə dayanır: bu qədər uzun ömür yaşadığına görə Allaha şükür etməli və nəvə-nəticələri ilə vaxt keçirməlidir. Yazdıqca xatırlayıram. Bir də qeyd etmişdim ki, Arif Qazıyev də daxil olmaqla bizim heç birimiz ən azı 300 il yaşayacağımıza dair Allahla müqavilə imzalamamışıq. 300 illik plan qurmaq yalnız qarğalara yaraşır. Çünki Uca Allah bu qədər uzun ömrü ancaq onların boyuna biçib… İlin-günün bu vədəsində, yazın özünü payız kimi apardığı bu küləkli may günündə tarixə ekskursiya etməyim səbəbsiz deyil. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Səmədov “Yeni Müsavat” qəzetinə geniş müsahibə verib. Hörmətli Səməd müəllim beynəlxalq vəziyyətdən, xalqa verilən əziyyətdən tutmuş Dağlıq Qarabağ probleminə qədər çox mətləblərdən danışıb. Müsahibədə yaddaşımda ən çox ilişib qalan bu cümlələr oldu: “Səbirli olmalıyıq. Ermənilər 300 il işləyiblər. Mən demirəm ki, 300 il gözləyək. Ancaq işləri əvəlcə diplomatik nöqteyi-nəzərdən hazırlamaq, beynəlxalq səviyyədə yüksəltmək lazımdır”. Mən də, mənim tükü-tükdən seçməyi bacaran ayıq-sayıq oxucularım da yaxşı başa düşürlər ki, Dağlıq Qarabağ probleminin həlli Səməd müəllimin hər beş ildən bir deputat seçilməyi qədər asan məsələ deyil. Amma onu da bilirik ki, bizim boyumuza 60-70 il ömür biçilib. Əgər Səməd müəllimin məsləhətinə qulaq asıb, bir az da səbr etsək, heç vaxt Qarabağın üzünü görməyəcəyik. Ötən hər gün bizi Qarabağdan uzaqlaşdırır. On beş-iyirmi ildən sonra Azərbaycanda Qarabağı görən adam qalmayacaq. Hörmətli Səməd müəllimin tövsiyəsinə əməl edib, səbirli olsaq, gələcək nəsillər Qarabağa əllərində xəritə ilə getməli olacaqlar… Canı canından, qanı qanından olan üç qohumunu şəhid vermiş bir adam kimi müharibənin necə böyük fəlakət olduğunu çox yaxşı başa düşürəm. Amma onu da bilirəm ki, Dağlıq Qarabağı azad etməkdən ötrü Üçüncü Dünya Müharibəsinə başlamağa ehtiyac yoxdur. Uğurlu aprel əməliyyatlarının təkrarlanması da bizi öz torpaqlarımıza qovuşdura bilər… Ola bilsin ki, beynəlxalq şərait irimiqyaslı hərbi əməliyyatlar keçirməyə imkan vermir. Mən demirəm ki, sərhədi Qazaxdan keçib, hətta bələkdəki ermənini də öldürək. Mən deyirəm ki, Azərbaycan xalqının inamını öldürməyək. Dağlıq Qarabağın azadlığının alternativi yoxdur. Üstəlik, mənim 300 il gözləməyə vaxtım da yoxdur. 45 yaşım yenicə tamam olsa da, bilirəm ki, ömrümün çoxu gedib, azı qalıb… Mən qarğa deyiləm, Səməd qağa! Seymur VERDİZADƏ
© 2020 - Created by İLK XEBER.