Qondarma Dağlıq Qarabağ Respublikasının yeni “prezidenti”nin andiçmə mərasimini Şuşada keçirməsi Azərbaycan cəmiyyətində tezliklə işğal olunmuş əraziləri azad etmək barədə müzakirələrə səbəb olub. Ölkənin tanınmış ictimai-siyasi xadimləri bildirir ki, Şuşada keçirilən qondarma tədbir artıq son həddir. Mövzu ilə bağlı Yenisabah.az-ın suallarını cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da müharibənin qaçılmaz olduğunu bildirir: - Ümumi strategiya bəllidir. Yəni, müharibə qaçılmazdır. Daha doğrusu, ermənilər münaqişənin həlli ilə bağlı başqa yol qoymayıb. Ermənilərə Şuşada keçirilən “inaqurasiya” zamanı, yaxud başqa vaxt zərbə endirmək artıq taktiki məsələdir. Bu barədə isə səlahiyyət sahibi olmayan, yaxud yetərincə olmayan şəxslər fikir söyləyə bilməzlər. Lakin zərbə endirilməlidir. Doğrudur, beynəlxalq vəziyyətin buna təsir göstərdiyi bildirilir. Müxtəlif fikirlər səsləndirilir ki, guya Rusiya torpaqlarımızı işğaldan azad etməyə mane olacaq. Sözdə əlbəttə ki, Rusiya bununla bağlı hansısa bəyanatlar verəcək. Amma əsas məsələ bəyanatlar deyil, əsas məsələ odur ki, müharibə olarsa, Rusiya Ermənistana dəstək verəcək, ya yox. - Sizcə, Rusiya hansı addımı atacaq? - Mən o fikirdəyəm ki, indiki mərhələdə Rusiya-Ermənistan münasibətləri birmənalı böhran içindədir. İkinci amil isə ondan ibarətdir ki, Rusiyanın digər problemləri də həddindən artıq çoxdur. Bu baxımdan, Kremlin ermənilərə dəstək verməsi mümkün olan şey deyil. - Bəs sizcə, Qərbin və regiondakı digər aktorların mövqeyi necə olacaq? - Digər oyunçular da ermənilərə dəstək verən deyillər. Əlbəttə söhbət hərbi baxımdan dəstəkdən gedir. Çünki Azərbaycanın torpaqlarını işğaldan azad etmək yönündə atacağı addım beynəlxalq qanunlara tam uyğundur. Artıq hər kəs başa düşür ki, orada Dağlıq Qarabağda işğalçı administrasiya var. Onlar sadəcə guya burada hansısa ciddi qurumun olması barədə görüntü yaratmaq istəyirlər. Ermənistan Azərbaycana hərbi təcavüz edib. Azərbaycan güc tətbiqi ilə etnik təmizləməyə məruz qalıb. İndi isə onlar açıq şəkildə anneksiya siyasətini həyata keçirmək istəyirlər. Yəni Azərbaycan torpaqlarını Ermənistana birləşdirmək üçün səy göstərirlər. Bu baxımdan, təbii ki, Azərbaycanın atacağı addımlar beynəlxaq qanunlara uyğun olacaq. - Bu halda düşünmək olarmı ki, artıq torpaqları azad etmək üçün əlverişli şərait yetib? - Hesab edirəm ki, bəli. Çünki Ermənistanın yeni hakimiyyətinin nümayəndələrinin səsləndirdikləri bəyanatlar və davranışları onların anneksiya siyasəti yürütdüyünü bəlli edir. Bu baxımdan, onları müdafiə etmək, hər hansı dəstək vermək birmənalı şəkildə Azərbaycana qarşı olan bir siyasət olacaq. İnanmıram ki, nə Rusiya, nə də Qərb belə addım atsın. Hətta İranın da açıq şəkildə bizə qarşı bu cür siyasət həyata keçirəcəyi inandırıcı görünmür. Bu, mümkün olan şey deyil. Hər hansı siyasətin arxasında mənəvi, yaxud da məntiqi səbəblər olmalıdır. Biz də görürük ki, ermənilərin törətdiyi cinayətlərə bəraət qazandırmaq heç cürə mümkün deyil. - Siz müharibə üçün şərait yetişdiyini, deputat Səməd Seyidov isə hələ səbr etmək lazım olduğunu bildirir... - Hər kəsin öz fikri ola bilər. Əgər o, fikrini əsaslandırmaq üçün hansısa amilləri önə çəksəydi, o zaman müzakirə aparmaq olardı.
© 2020 - Created by İLK XEBER.