Rahib taleyin vurduğu düyünləri açmaq üçün çox cəhdlər göstərmişdi: hər dəfə barmaqları ağrıdığından, - lənət şeytana, - deyib gözlərini yoxsulluq acısının təlatümlərinə zilləmiş, başını aşağı dikmişdi. Bu gün də eyni əhvalda idi; həmişəki kimi yolunu “qul bazarı”ndan salmış, lakin həm orada dayananların, həm də yoldan ötənlərin laqeyd baxışlarından utanıb yanaqlarındakı qızartıların soyuğunda “dona-dona” alət dolu taxta çantasını götürüb bir neçə məhəllədən keçmiş, düşünmüşdü ki, bəlkə qarşısına bir rəhmdil Allah bəndəsi çıxar, ona hər hansı bir iş təklif edər. O, saydığını sayırdı, di gəl fələk onun kasıb duyğularının üstündən qara xətt çəkmişdi. Gözlərinin üstünə hopmuş ağırlığın sevdasında alışa-alışa “qul bazarı”na qayıtmışdı. Burda da işə canısulu adamları aparırdılar; bir adam demirdi ki, sən kimsən... Yəni Abdul, eşşəyin harda qaldı? O da sifətinin donqarlaşmış sümüklərini ovxalaya-ovxalaya ah çəkib, əli ətəyindən uzun geri dönmüşdü... Çürük kötük kimi idi; düşünürdü, əslində, ah-vay edirdi: bu gün iş qabarı görməmiş əllərini qapının dəstəyinə necə uzadacaq? Uşaqlarının gözlərində qaynayan aclıq təlatümünün tufanına necə dözəcək? Bu tərəfdən, yenə əliboş qayıtdığı üçün balaca Zəminənin bəbəklərində titrəyən “nifrət” havasına necə oynayacaq, onun küskün, məsum baxışlarına necə tab gətirəcək? Axı, o, daş deyil. Hər gün eyni mənzərəni yorğun və utanc hissindən boğulan gözlərinə necə köçürsün? Özünü o qədər danladı, qınadı ki, axırda gördü, ürəyi sıxılır. Əvvəlcə avtobusun pəncərəsini bir az araladı. Üzünə dəyən sərin meh əhvalına əl sürtsə də, ürəyinin döyüntüləri artdı, bir azdan sinəsi cancmağa başladı. Elə bil kimsə onun köksünün altını xəncərlə ovurdu. Nəfəs almağa da qorxdu. Boğulurdu. Başını pəncərədən bayıra çıxartdı ki, küləyin soyuğundan canına bir rahatlıq gəlsin. Elə bu zaman çoxlarının “yekəxana” dediyi sürücünün kobud səsini eşitdi: -Alə, başını içəri sal! Məni xataya salma! Əhvalı get-gedə pisləşdiyi üçün sürücünün kobudluğuna əhəmiyyət vermədi, içini deşən sancılardan oturduğu yerdəcə ilan kimi qıvrılırdı. Rəngi ağappaq idi. Yanında oturan onun özündə olmadığını görüb təlaşlandı: -Qardaş, sənə nə olub? Rahib bir əli ilə utanc hissindən qızarmış yanaqlarını ova-ova, bir əli ilə də sancıdan deşilən sinəsini ovxalaya-ovxalaya dedi: -Ürəyim sıxılır. -Məndə “Validol” var... - Həmin adam cəld cibindən “validol”u çıxarıb ona uzatdı. Rahib: -Çox sağ ol, - deyib tələsik dərmanı aldı, elə bildi, bir tikə çörək qırıntısıdır, cəld ağzına atdı. Yanındakı adam sanki ah çəkdi: -Eh, ay qardaş, indi ürəyi ağrımayan adam var ki? Bəlkə də ona təskinlik vermək istədi. Lakin onun ağrıdan qovrulduğunu görüb öz dediyinə özü də cavab verdi: -Məncə, çətin. – Başını buladı. – Hamısı dərddən, fikirdəndi. Yumruq boyda ürək bu qədər yükə, ağrıya necə tab gətirsin? Doğrudan da düz deyiblər: “Ürək daş deyil ki, bir parça ətdir...” Həmin adam xeyli danışdı. Əslində, onu dərd danışdırırdı. Arada Rahibə elə gəldi ki, onun səsini yuxuda eşidir. Ya da kimsə radioda danışır... Gözlərini havada pərvaz edən bir dəstə quşa zilləyib duruxdu. Dərman handan-hana öz təsirini eləmişdi. O, ağrısı azalmış başını ehtiyatla qaldırıb, pəncərədən bayıra baxdı - evə çatırdı. Ehtiyatla ayağa qalxdı, qapıya yaxınlaşanda ürəyi yenə sancmağa başladı. Ağrıya dözməli idi. Bu an həmin adam: -Elə mən də bu dayanacaqda düşürəm, - deyib onun qoluna girdi: - Görürəm, özünü pis hiss edirsən, qoy səni evinizə kimi aparım. Rahib təkid etdi: -Yox, yox, çox sağ ol, qardaş, əziyyət çəkmə, özüm gedərəm, artıq yaxşıyam. - İstədi çətinliklə də olsa, qəddini düzəltsin, sinəsindəki sancılar onu şiddətli ağrılara mübtəla etdi. Sanki həyatın utanmaq xofundan bezdi, özünü ələ alıb avtobusdan düşdü. Asta addımlarla evə gəldi. Payız yarpaqları kimi titrəyən əlləri ilə qapını döydü. Açan olmadı... Bir də döydü. Yenə kimsədən səs-səmir çıxmadı. Sonra yumruqlarını düyünləyib, gözlük yerinə bir-iki qapaz ilişdirdi. Bu dəfə də içəridən səs gəlmədi. Əvəzində qonşunun qapısı açıldı. Soyuq həniri bir səs qulaqlarının dibində avazıdı: -Rahib qardaş, Zəminə zəhərlənib. Təcili yardım çağırdıq. Həkimlər xəstəxanaya apardı. Mən də getmək istədim, Gülarə qoymadı. Dedi ki, Rahib qayıdanda deyərsən, xəstəxanaya gəlsin... - Qonşu adəti üzrə əsnəməsin deyə, bir əlini ağzına apardı: - Uşağın vəziyyəti pis idi, lap haldan düşümüşdü... Rahib gözlərini tale buludunun cəngindən qurtarıb təlaşla qonşusuna baxdı: -Hansı xəstəxanaya? Qonşu yenə də əli ağzında dedi: -Deyəsən, “Semaşko”ya... Rahib alət dolu taxta çantanı qapının ağzına tullayıb iti addımlarla aşağı endi. Gendən baxana elə gələrdi ki, yüngül bir vücud iri bir qayadan aşağı yuvarlanır. Sinəsindəki sancılar onun övlad məhəbbətinə güc gələ bilmədi. Xəstəxanaya necə çatdı - xəbəri olmadı. Qəbul şöbəsindən öyrəndi ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilən qızı doqquzuncu palatadadır. Dəhlizi öz kölgəsindən - özündən qaça-qaça getdi, palataya girəndə, ayağının altı sızıldadı. Otağın bir küncündəki çarpayıda halsız uzanmış qızını görən kimi özünü həyatın acı burulğanında gördü. Qızını hər gün olduğu kimi dərdlərsayağı qucaqladı, uşaq kimi acı göz yaşaları axıtmağa başladı, sanki bu hönkürtü ilə “Qul bazarı”nda çəkdiyi acıları tökmək istədi ayaqlarının altına. Palatada balaca bir xəstə qız da vardı. Rahib ağlamaqdan doyanda, yanındakılardan onun adını eşitdi. Palatadakılar Aytən adlı bu balaca qızın başına pərvanə kimi dolanırdı. Qohum-əqrəba, yaxınları, həkim-professorlar onun bütün istəklərini bir anda yerinə yetirirdilər. Rahibi təəccüb bürümüşdü. Elə bayaq qızını qucaqlayıb ağlayanda, ona da təəccüblə baxmışdı on yaşlı Aytənin başına yığılanlar. Onlar həm də sanki indi görürdülər ki, palatada ağır vəziyyətdə olan daha bir qız var... -Bəsdir, ağladın. Qalx, get bu dərmanları al! - Rahib həyat yoldaşının acı səsindən diksindi. Gözlərini ona dikəndə, daha acı bir səs onu güllə kimi vurdu: - Əlindən ağlamaqdan başqa bir şey gəlmir. Həkim dedi ki, uşağa təcili “Qemodez” köçürülməlidir. Rahib gözlərini tavana dikib soruşdu: -Uşaq nədən zəhərlənib? Həyat yoldaşının kinayəli cavabı bütün otağı sardı: -Nədən olacaq, o iylənmiş kilkədən... Rahib gözlərini bərəltdi: -Sən, üç gündən qalmış kilkəni uşağa vermisən?! -Bəs nə verməliydim? - Arvadın hiddəti tavanı deşdi. - Kilkədən başqa evdə yeməyə nəsə var ki? O, üzünü necə bozartdısa, Rahib içindəki sancıları unutdu. Sakit səslə dedi: -Bəs həkimlər bir şey eləməyiblər? -Mədəsini yudular - vəssalam. - Yoldaşının hirsi ətrafa sıçradı: - Burda kim-kimədi? Pulun var, yaxın gəlirlər, yoxdu, ölürsən... Bayaqdan ağrı içində qovrulan Zəminə anasının hikkə ilə dediyi sözdən qorxdu, zarıya-zarıya üzünü atasına tutub yazıq görkəm aldı: -Ata, məni ölməyə qoyma... Rahib qızının yalvarış dolu sözlərini ağrı dolu cam kimi başına çəkdi, onu bərk-bərk qucaqlayıb bağrına basdı, gözlərini yoldaşından gizlədə-gizlədə dedi: -Bu, nə sözdür, qızım?! Mən sənsiz nə edərəm?! Nə ölmək? Bir neçə günə ayağa durub evimizə gedəcəksən. - Yoldaşının tənəsindən qızarmış gözlərini arıq əllərinə dikdi. - Əzrayilin gözlərini deşərəm. Qorxma. İndi gedib bu dərmanları alıb gətirəcəyəm, - əlindəki kağıza işarə etdi, - içən kimi sağalacaqsan. - Ancaq sonuncu cümləsinə nədənsə, özü də inanmadı. Çünki bu qədər dərmanı almağa pulu yox idi. Qızı eşitməsin deyə, Gülarəni kənara çəkib pıçıltılı səslə dedi: -İndi mən nə edim? Bu gün də iş olmadı... Yoldaşı təlatüm dolu baxışlarla onu süzdü: -“Qemodez” almağa da pulun yoxdur?! Rahib sanki yoldaşının kinayəsindən qorxdu, iti addımlarla palatanı tərk etdi. Dəhlizdə əlini cibinə saldı, gördü ki, nəinki dərman almağa, heç avtobusa verməyə belə pul yoxdur. Başı gicəlləndi, ürəyinin sancıları çoxaldı və küt bir ağrı onu ayaqlarının altına aldı. Bayaqdan Rahiblə Gülarə arasındakı söhbətə qulaq kəsilən balaca Aytən ehmalca babasına qısıldı, sonra onun qulağına pıçıldadı: -Baba, mənə pul ver... Babası onun saçlarına sığal çəkdi, sonra cibindən bir az pul çıxardıb dedi: -Al, nə qədər istəyirsən götür. Mənim pulum da, var-dövlətim də sənə qurbandır! - Amma soruşmadı ki, pul sənin nəyinə gərəkdir. Aytən babasını öpdü, ovcundakı pulları yenicə götürmüşdü ki, dəhlizdən qışqırtı səsləri eşidildi. Hamı hadisə yerinə qaçdı. Bir nəfər pilləkənlərdən aralıda, dəhlizdəcə yerə uzanmışdı. Ətrafına çoxlu adam toplaşmışdı. Gülarə yerə yıxılanın Rahib olduğunu görüb tükürpədici səslə qışqırdı: -Vay!!! Evim yıxıldı. Allahım, mən indi nə edəcəyəm?! Qışqırıq səsinə gələn həkim pilləkənin baş hissəsində yerə üzüqoylu yıxılmış adamın reanimasiya otağına aparılmasını əmr etdi. Gülarənin səsi xəstəxananı başına götürdü. Onu sakitləşdirməyə çalışır, məsləhət görürdülər ki, sussun, yoxsa, qızı xəbər tutar, halı daha da pisləşər. Rahibi reanimasiyaya götürəndən sonra dəhlizdə sakitlik yarandı. Aytənin babası bu hadisədən çox sarsılmışdı. Gülarə də nə edəcəyini bilmirdi; əri reanimasiyada, qızı palatada. Həyəcan və təlaş onu didib parçalayırdı. Anlar keçdikcə, Gülarənin təlaşı artırdı. Reanimasiya otağının qapısı açılanda, Gülarə özünü oradan çıxan tibb bacısının üstünə atdı: -Bacı, ərimin vəziyyəti necədir? Tibb bacısı əvvəlcə susmağa üstünlük verdi, ancaq qorxu içində qıvrılan qadının həyəcanına dözmədi, həm də qadını sanki deyəcəyi xəbərə alışdırmaq istədi. Gülarə onun üstünə qışqırdı: -Deyin, ərimə nə olub? Tibb bacısı onun qışqırtısından çəkindi, sakit səslə dedi: -Əriniz geniş infarkt keçirib. Həkimlər əllərindən gələni edirlər. Tibb bacısı iti addımlarla uzaqlaşdı, ancaq Gülarənin içini didən təlatüm onu tərk etmirdi. Gözlərini bərəldib taleyi qınadı: - Necə?! İnfarkt! - Qoşa əllərini başına çırpdı, ümidsiz halda söyləndi: - Zavallı Rahib, bu vəfasız həyatda bir xoş gün görmədi. - Qəfildən ona acığı tutdu: - Bizi də bədbəxt elədi, özünü də... - Sonra acı-acı ağlamsındı, hər şeydən əli üzülmüş halda, heç nədən xəbəri olmayan, ağır vəziyyətdə çarpayıda uzanan qızının yanına qayıtdı. Onu qucaqlayıb bağrına basdı. Zəminə güclə eşidiləcək səslə soruşdu: -Ana, atam gəlmədi? Gülarənin ürəyində sanki bomba partladı, hönkürtü ilə ağladı. Bu qorxunc mənzərəni seyr edən Aytənin anası ona yaxınlaşıb təskinlik verdi: -Yaxşı deyil, uşağa pis təsir edər. Özünü təmkinli apar. Zəminə ağrıdan bərəlmiş gözlərini anasına dikdi: -Niyə ağlayırsan? Mən sağalmayacam? Axı, atam dedi ki, tezliklə sağalacam?! Gülarə kövrək gözlərində gilələnən yaş damlalarını ondan gizlətməyə cəhd etdi, başını sağa-sola çevirib dedi: -Əziz balam, sənə görə ağlamıram, bundan sonrakı qara günlərim üçün ağlayıram. Bayaqdan otağın ortasında püskürən təlatümü yaşıla çalan gözlərindən kənar tutmağa çalışan Aytən çarpayısından durdu, Gülarənin yanına gəldi və babasının verdiyi pulu onun ovcuna basdı. -Bu, nədir, qızım? - Gülarə təəccüblə əvvəlcə Aytənə, sonra əlindəki pula baxdı. -Xala, get bu pulla “Qemodez” al gətir. Qoy həkim Zəminəyə sistem qoşsun. - Aytən sanki baxışları ilə ona yalvardı. -Yox, ay bala, bu, nə xəcalətdi bizə verirsən?! - Gülarə etiraz etmək istədi. -Siz Allah, uşağın qəlbini qırmayın, götürün. Düzü, səhərdən biz özümüz də çaşıb qalmışıq, - deyə Aytənin anası Xədicə xanım Gülarədən pulu götürməsini xahiş etdi. -Allah səni saxlasın, qızım! Gülarə balaca Aytənə minnətdarlığını bildirib tez palatadan çıxdı. Dəhlizdə yenidən bayaqkı tibb bacısı ilə qarşılaşdı. Tibb bacısı Gülarəni görcək soruşdu: -Bacı, bu xəstənin qohumu-zadı yoxdur, bəyəm? Gülarə təngnəfəs cavab verdi: -Niyə yoxdur?Amma hamısı rayondadır. Başımı itirmişəm, bilmirəm uşağın hayına qalım, yoxsa o bədbəxtin. Sonra fırtına qopan gözlərinə acı bir sarsıntı da qatıb dedi: -Nə üçün soruşursan? - Ağrı sıçrayan gözlərini düz tibb bacısının gözlərinin içinə zillədi: - Mən də onun adamıyam da... Tibb bacısı guya heç nə anlamadı, üzünü ayrı bir səmtə tutub getdi. Əslində, anladı, ortada pul olmadığı üçün özünü belə göstərdi. Balaca Zəminəyə sistem qoşuldu, bir azdan o, özünə gəldi. Gülarənin həyəcanı isə sovuşmadı. Axşamüstü tibb bacısı onu dəhlizin bir küncünə çəkdi, bu dəfə elə bil başqa bir adam olmuşdu, kefini pozmadan: - Əriniz keçindi, - dedi və üzünə elə bir ifadə qondurdu ki, dəhlizin divarları xəcalət çəkdi, kənardan baxanlar tam əmin oldular ki, bu adamda insanlıq hissi yoxdur. Gülarə qəfil eşitdiyi sözdən tutuldu, bərkdən udqundu, lakin qışqıra bilmədi. Qızına görə səsini içində boğdu. Dünəndən anasına bu xəstəxanada gerçəyin təkcə puldan ibarət olduğunu anlatmağa çalışan axsaq Məmi əsasını tibb bacısının getdiyi səmtə uzadıb dedi: -Gördün, ana? Həkimlər Rahibi kimsəsiz sanıb meyitini yarmaq istədilər, amma Aytənin babası buna imkan vermədi. Həkimlərin qulağına nəsə pıçıldadı və çox keçmədi ki, həkimlər də, tibb bacıları da az qala çırtma vura-vura Zəminənin çarpayısı başında pərvanə kimi fırlanmağa başladılar. Sanki insan duyğularının, humanizmin nə olduğunu indi anladılar. Axsaq Məmi palatanın qapısı ağzında əsasına söykənib, xəyala dalaraq durmuşdu. Xəyaldan ayılaraq, bu acı mənzərəni də ürək ağrısı ilə seyr etdi, başını bulaya-bulaya dedi: -Ay səni, pul, sən nələrə qadirsən?!. - Anası onu yatdığı palataya sarı dartanda, Məmi sanki yaralı quş kimi çırpındı, yanpörtü anasına baxıb dedi: -Gördün? Heç elə bil bir az öncə sifətinə zəhrimar qonmuş adamlar indi o adamlar deyillər. Pul adı eşidən kimi gör, necə dəyişdilər? Pul onları gör necə hərəkətə gətirdi - dingildətdi! Zəminə indi xüsusi bir qayğı ilə əhatələnmişdi; gah həkimlərin, gah da tibb bacılarının nəvazişindən nə baş verdiyini anlamırdı. Gülarə isə bilmirdi onlara yoxsulluq acısı yaşatmış ərini qınasın, yoxsa kömək əlini uzadan cantaraq kişiyə ehtiram göstərsin. Arada yüngül ah çəkirdi. Rahibin meyitini “təcili yardım” maşını ilə evlərinə gətirdilər. Gülarə onun rayondakı qohum-əqrəbasına zəng vurdu və onların gəlişini gözləməli oldu. Gördüyü yaxşılıqdan idimi, ya nədəndisə, daha ağlamırdı. Görünür, ərinin kasıb həyat tərzindən cana doymuşdu... Köhnə qəbiristanlıq, qoynuna gətirilən hər kəs kimi Rahibi də uddu. Onu urvatsız dəfn elədilər. Daha necə olmalı idi; kasıbın dəfni ancaq bu cür olar da... Üçgünlük dəfn xərcini də balaca Aytənin babası Ağabala kişi çəkdi... Dəfn günü Rahibin qohum-əqrəbası Gülarənin sifətində bu eyhamı da açıq-aydın hiss etdilər. Eh, torpağın üzü soyuqdur; vaxt öz çuxasını büküb aradan çəkildikcə, Rahib yarası da sağaldı. Zəminə və Gülarə artıq Aytəngilin ailə üzvlərinə çevrilmişdilər. Aytənin atası və babası onları korluq çəkməyə qoymurdular... Bayramlarda, əlamətdar günlərdə Ağabala babanın ailəsi Aytənin təkidilə Zəminəgilə toplaşırdı...
© 2020 - Created by İLK XEBER.