Fitrə nə vaxt və nə qədər verilməlidir? – QMİ

Fitrə zəkatı bu gün axşam ayrılmalıdır. Bunu Axar.az-a Məşədi Dadaş məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi bildirib. Onun sözlərinə görə, bayram namazına qədər, yəni, mayın 24-də səhər 8-9 radələrinə qədər fitrə ayrılmalı və ehtiyacı olanlara çatdırılmalıdır. QMİ nümayəndəsi deyib ki, fitrə zəkatının məbləği 2 kiloqram arpa, buğda, düyü, kişmiş, xurma kimi ərzaqların tutduğu məbləğ qədərdir: ya pul şəkilində verilməli və ya həmin ərzaq növlərinin hansındansa alınaraq ehtiyacı olana çatdırılmalıdır. Hacı Şahin deyib ki, bunun təxmini məbləği 10-15 manat edir: “Əlbəttə, bundan artıq da ödənilə bilər. Ancaq zəkat verən adam bunu bazar qiymətləri ilə də tənzimləyə bilər. Çünki bazar qiymətləri nisbətən ucuzdur. Ailə üzvlərinin hər birinin adından həmin ərzaq növlərinin qiymətinin məbləği qədər ayrılıb, ehtiyacı olanlara verilməlidir”. Ş.Həsənli bildirib ki, fitrə bayram namazına qədər çatdırılmalıdır: “Gündəlik ərzaq tədarükü görməyə imkanı olmayan, ehtiyac içində olan insanlar fitrə zəkatı verməkdən azaddır. Ancaq imkanı olub fitrə zəkatı verməyən insanların tutduğu oruclar qəbul olunmaz. Bu barədə hədislərdə də qeyd edilib. Orucun qəbul edilməsinin əsas şərtlərindən biri də fitrə zəkatının ehtiyacı olanlara çatdırılmasıdır. Ramazan ayının əsas hikmətlərindən biri də fitrə zəkatının verilməsidir. Oruc tutmuş insanın üzərindəki növbəti borc imkanı olmayan insanlara bayram ovqatı yaşatmaqdır. Fitrə zəkatını verən müsəlman onu bayramdan əvvəl çatdırsa, daha yaxşı olar. Fitrəni bu gün də vermək mümkündür. Əgər bu gün çatdırmaq mümkün olmazsa, sabah bayram namazı qılınanadək fitrə zəkatını çatdırmaq lazımdır. Fitrə zəkatının miqdarı ilə Qafqaz Müsəlmanları İdarəsi də açıqlama yayıb. QMİ adambaşına 5-10 manat fitrə zəkatı verilməsini tövsiyə edib”. Qeyd edək ki, sabah Ramazan bayramıdır.