Gözəl arzularla yaşayıram. Altruistlik amalımdır. Təəssüf ki, bu istəyi dilimə gətirəndə “Mən də bu hisslə yaşayıram” deyib mənə qoşulan olmur. Əksinə “Öz həyatını yaşa, başqaları üçün çəkilən zəhmət havayıdır” deyə “öyüd” də veriblər. Adama belə keyfiyyətlərə görə “əhsən” deməyi vacib saymayanlar, bir gün usanıb emosiyalara qapılaraq “Daha heç kəsə can yandırmayacam” deyəndə səni ürəkdən alqışlayıb “sağ ol” deyirlər. İnsanları sevirəm. Tənha qalmaqdan qorxmuram, düşünürəm ki, həyatda bu qədər insanlar olduğu halda təklik məni sıxmaz. Hər kəsə “məndən daha dəyərlidir” fikri ilə yanaşıram. Yoxsulların aclığı, dərdlilərin dərdləri üçün özümü günahkar sanıram. Yeriməyə çətinlik çəkən adamların yanından sürətlə ötüb keçməyi bacarmıram. Qocaların yanında cavanlığımdan, xəstələrin yanında sağlamlığımdan utanır, övladlarımı bağrıma basdığım anda hardasa bu nəvazişə həsrət qalan uşaqlar olduğunu düşünüb geri çəkilirəm. Yavaş-yavaş yaşa dolduqca, daha çox insanlarla ünsiyyətdə olduğumdan qəribə xüsusiyyətlər müşahidə edirəm. Tələbəlik, iş həyatımda ədalətsizliklərlə üzləşdim. Bir-birinin kədərinə acımayan “başında qalsın” deyən adamlar qaynar hisslərimi soyutdular. Gördüm ki, mən övladlarımı başqa qadınları özlərinə ana biləcəkləri dərəcə gözəl hisslərlə böyütdüyüm halda, heç kəs qızını “yad uşaqlara ana ol” deyə tərbiyə etmir. Özümü mənən yorğun hiss etdiyim günlərin birində kinayə ilə deyindim. – Daha bu xoş hissləri qəlbimdən atacam, mən də paxıllıq, yaltaqlıq edəcəm, insanlara soyuqqanlılıqla yanaşacam. Elə bu cümlələr ağzımdan təzəcə çıxmışdı ki, ətrafımdakılar fikrimi sona çatdırmağa aman vermədən bir ağızdan: – Ay sağ ol, axır ki, ağıllandın. – Camaatın dərdi sənə qalıb? – Düz edirsən – dedilər. İllərlə özümü hər kəs üçün fəda edəndə mənə qoşulan həmfikirlərim olmamışdı. İndi pis arzular üçün başıma nə qədər tərəfdaş toplaşdı. Yuxarıda “Əhsən deməyi vacib saymırlar” fikrimi buna görə yazmışdım. Böyük arzularla yaşayanda məni ağılsız adlandıranlar pis arzular diləyəndə alqışladılar. Dəhşətdir! Dediklərimə peşman oldum. Bu cür insanlarla həmfikir olmaqdansa tək qalmaq yaxşıdır. Allaha üz tutub yaxşı arzularımı həyata keçirmədiyi kimi bu pis arzularımı da gözümdə qoymasını diləyirəm. Bir də heç kəsə bənzəməyəndə tək olursan …“bir də..”, deməli, cümlənin əvvəlinə tənhalıq mövzusunda istədiyimiz qədər fikir artırmaq olar. İnsanların əksəriyyətini ən çox cismani təklik narahat edir. Onlar tək olmamaq üçün ailə qurur, övlad sahibi olurlar. Təklik deyəndə ilk yada düşən bu xoşbəxtlikdən məhrum olanlardır. Əslində isə bu o qədər də faciəli bir şey deyil. Mərhəmətli insanlar belələrinin qeydinə qalırlar. Amma mənən tək olanlara isə heç kəs can yandırmır, onların təkliyindən xəbərsiz olurlar. Bu cür insanları anlamır, kimini valideynləri, kimini qardaş-bacısı, kimini əri, kimini də övladı olduğu üçün özünü xoşbəxt sanmağa məcbur edirlər. Hamı bir-birinin həyatını öz dünyagörüşünə uyğun təhlil edib, onun qənaətləri ilə yaşamalı olduğunu düşünür. Ona görə heç kimin sözü bir-biri ilə uyğun gəlmir. Sənin faciəni – ətrafının yaxın adamlarla dolu olduğu halda, özünü tənha hiss etməyini heç kəs sənə bağışlamır. Əgər yaxınların arasında sən özünü tənha hiss edirsə, deməli, nələrsə yerində deyil. O “nələri” tapmaq lazımdır. Bəlkə də, onu vaxtında tapsaydıq heç nə belə olmazdı. “Tənhayam” deyən kimi sənə acıqlanır, yanındakı filankəsləri göstərirlər. Filankəslərinsə əslində səndən çox uzaqda olduğu heç kimə bəlli deyil. Hər yerdə tək olduğunu görmək üzücüdür. Əgər fərqli düşünürsənsə mütləq təklənəcəksən. Birinə qoşulub digərinin qeybətini etməyəndə, “özünü şirin salmaq üçün” xəbər aparmayanda, falçı yanına getməyəndə, hər kəs özü üçün yaşamaq istədiyi halda, sən cəmiyyətin çirkabdan xilas olma yollarını düşünəndə tək qalırsan. Yaltaqlanmır, qorxmursan – təksən, daş-qaşdan, zinətdən uzaq qaçırsan, onların bu dünyada dəyərinin nədən ibarət olduğunu başa düşə bilmirsən, yenə təksən. Belə də qalacaqsan. Səni axmaq sanacaqlar. Ya bunu qəbul etməlisən, ya da “yanlış”ını düzəltməlisən. Yoxsa elə dünyadan tənha köçəcəksən. Bəli, heç kəsə bənzəməyəndə tək olursan. Ətrafında nə qədər adamlar olsa belə. Səni təkləyən əqidəndir, həyata baxışındır. Bircə o, səni ömrün boyu yalnız buraxmayacaq. Elə onunla yaşa.
© 2020 - Created by İLK XEBER.