Zərdabda bələdiyyə sədri iki kəndin örüş yerlərini satıb

Zərdab rayonunun Alcanlı 1 və Alcanlı 2 kəndlərinin sakinləri mal-qarasını örüş yerlərində otara bilmirlər. Buna səbəb həmin örüş yerlərinin bəzi məmurlar tərəfindən zəbt olunmasıdır. İlkxeber.org saytına şikayət edən kənd sakinləri bildiriblər ki, bu torpaqları həmin ərazilərin bələdiyyə sədri ilə keçmiş icra başçısı Lütvəli Babayev əlbir olaraq satıblar. Zərdab rayon məhkəməsi isə örüş sahələri ilə bağlı qanunsuz olaraq həbs qərarı çıxarıb. Öz yerlərində mal-qarasını otardığı üçün Alcanlı 1 kəndinin 11 nəfər sakini ümumilikdə 40 min manat cərimə edilib. Alcanlı 2 kəndinin sakinlərindən 5 nəfəri isə 5000 manat cərimə edilib. Kənd sakinlərinin verdiyi məlumata görə, örüş yerləri onların pay torpaqlarından ayrılıb cəmlənmiş torpaqlardır. 22 ildir kənd sakinləri mal-qarasını bu örüş yerlərində otara bilmirlər. Kənd sakinləri baş vermiş qanunsuzluqların aradan qaldırılması üçün Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edəcəklərini bildiriblər. https://www.youtube.com/watch?v=Oa2kOwXscac&feature=share&fbclid=IwAR0umY15qLOo2ihqiYL9k9Xdf6WDaEnELMwR7pYBcG7xrjUIFRDr3TYoJKY