Bulvar qadağa götürüləndən sonra - VİDEO

18 may 00:00-dan etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət 10 nəfərdən artıq qruplarda cəmləşməmək şərti ilə götürülüb. "Report" əməkdaşları dənizkənarı bulvara üz tutub və insanların qaydalara nə dərəcədə riayət etmələri ilə maraqlanıb. Bulvara girişdə insanlara maska taxılması ilə bağlı tövsiyələr verilir. Həmçinin skamyalara “Məsafə saxla” başlıqlı plakatlar yapışdırılıb. Maska taxanlar əsasən yaşlı nəslin nümayəndələridir. Bəziləri insanların qaydalara əməl etmədiklərindən və maska taxmadıqlarından narahat olduğunu bildirib: “Əgər maska taxmaq tövsiyə edilirsə, buna hamı bir nəfər kimi əməl etməlidir”. Xatırladaq ki, mayın 4-dən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla respublikanın digər rayon və şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında bulvar, park və istirahət məkanlarına girişə tətbiq olunan məhdudiyyət götürülüb.