Ali təhsil proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən, nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar.
"BakuPost" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində tədris prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə qərarında deyilir.
Qərara əsasən, təhsil müddətində əldə etdikləri qiymətlərə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq çıxarılmış yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbə ixtisas üzrə buraxılış yekun dövlət imtahanında (fənlərarası) iştirak edə bilər.
Ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, bakalavriat səviyyəsində müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər.
Magistratura səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr yekun attestasiyaya buraxılırlar. Yekun attestasiya magistrlik dissertasiyasının müdafiəsindən və (və ya) ixtisas fənləri üzrə imtahanlardan ibarətdir. Magistrlik dissertasiyasının müdafiəsi ixtisaslaşdırılmış şuraların iclaslarında aparılır. Magistrlik dissertasiyasının məzmununa, yazılmasına, təqdim edilməsinə və müdafiəsinə qoyulan tələblər ali təhsil müəssisəsinin Elmi Şurası və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyənləşdirilir.
Bakalavriat və magistratura səviyyələrində imtahan sessiyalarının təşkili, tələbələrin biliyinin cari və aralıq qiymətləndirilməsi, dövlət attestasiyasının keçirilməsi qaydaları ali təhsil müəssisələri və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla müəyyən edilir.
Qeyd edilir ki, tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən, nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə) uyğun olaraq, yekun attestasiyadan keçmiş hesab olunurlar. Yekun attestasiyanın nəticələri ilə razılaşmayan tələbələr üçün buraxılış yekun dövlət imtahanı təşkil edilir.
Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, ali təhsil müəssisəsinin Elmi Şurası tərəfindən müəyyən ixtisaslar üzrə təhsilalanlara əlavə olaraq buraxılış işinin yerinə yetirilməsi tələbi qoyula bilər.