Xatirələr dolu dünyam

Ölməyib anam,... Dönüb ilham pərisinə, uçur başım üstə. Desələr kim yazır bu şeiri- deyimmi mənəm yazan? Xeyir, mən deyiləm, anamdır, anam! Haçansa mənə həyat verən anam. İndisə dönüb ilham pərisinə, başım üstdə qanad çalan, anam!!! *** Mən yazmaq düşünərkən şeirdən başlamadım. Sadəcə, “Məişət və problemlər”dən başladım. Şeir üslubunda nitqim, anamı anarkən açıldı. Anamı düşünərkən nitqimdə bu misraları eşitdim: Yandı ürək, susdu dodaq, kipriklərdə dondu yaş. Dilə gəldi yanan qəlbin həsrət dolu baxışı. Ana torpaq, al qoynuna anamı! Qəlbimin pıçıltısı adlandırdım o zaman, bu misraları. Hisslərimi anlamağa çalışırmışam yəqin, bu zaman torpağa qayıdışı ifadə etmişəm, deməli. Sonralar  bu cümlələrdəki, qəlbimin pıçıltısını, belə tamamladım: Gəldi əcəl, söndü həyat, ölüm çatdı qaşını. Əsdi xəzan, düşdü yarpaq, pıçıldadı istəyim. Ana torpaq, öz qoynuna qəbul elə, anamı. Uca tanrım, məskən elə hüzurunda, anama. Yandı ürək, susdu dodaq, kipriklərdə dondu yaş Dilə gəldi donan qəlbin həsrət dolu baxışı. Ana torpaq, öz qoynunda sakin elə, anamı Ulu tanrım, məskən elə, dərgahında, anama. Göz yaşım Deyirlər ölənçin ağlama nəm çəkər torpağı. Çağırma, sızlama . Səmaya yönələn ruhunu- yolundan saxlama. * Göz yaşım tökülür, Qəlbimi göynədən ayrılıq acısın yumaqçın. Nə edim,... deyirlər ölənçin ağlama. * Yazıram... Qəlbimin ağrısı-acısı, qoy hopsun bu cansız vərəqə . Çevrilib damcıya gözümdə, axmasın su kimi. Anamı narahat etməsin- Göz yaşım!!! 03.05.10.