Yeri göy üzündə olanlar

“Ömrü boyu sözdən azad olmağa can atan” şair Ramiz Rövşən inanır və inandırır ki, “göy üzü quşlarla şairlərindi”. İnamı, əqidəsi sözə xəyanət etməməsiylə düz mütənasib olan “şairin azadlığı çoxlarının rahatlığını pozur”. Urvatlı sözə tamarzı qaldığımız “bu dünyada - ən sonuncu şairin ürəyini daşladıqca daşladığımız” zamanda Kantın “fikirlərin bədii oyunu” saydığı poeziyanı urvata mindirənlərin kasadlığı bu günümüzdə çox aydın görünməkdədir. “Əsl şairin yazdığı şeirin çarmıxa çəkilmiş İsa” taleyi yaşadığı dövrdən beş - altı yüz il keçib deyənlərin, Nəsiminin dərisinin soyulmasına “meydan tamaşası” kimi baxıb haqq qazandıranların cəmiyyətində qəflət yuxusunda yatanların röyasına haram qatmaq üçün mütləq inqilabçı şairlər doğulmalıydı. Ramiz Rövşən də inqilabçı doğulub,  amma “qurub - yaradan şairdi, dağıdan yox”. O, möhtəşəm “ədəbiyyat evi” tikən “söz mühəndisi”dir. Ramiz müəllim düşünür ki, ədəbiyyat o deyil ki, bir evi söküb yerində ayrısını tikəsən. Ədəbiyyat odur ki, tikilən evlərin yanında başqa birini də tikməyi bacarasan. Bu gün  sözün heykəlini qoruyanlara daha çox möhtacıq. Çünki “adamlar bu gün şairə heykəl qoyub, sabah ondan üz çevirə bilirlər, amma bunun şairə dəxli yoxdu, bu yalnız həmin adamların hansı yuvanın quşu olduğunu xəbər verir” (A.Blok). O “yuvanın quşlarını” - işıqlı sözdən qorxan yarasaları diri ikən qoca və ədalətli tarix özünün toz basmış zibil yeşiyinə atır. “Sözün tozunu alanlar”, özünün və sözün missiyasını anlayanlar - Nizami, Füzuli, Nəsimi, Cavid, Sabir, Hadi, B.Vahabzadə, Üzeyir bəy və başqaları əbədiyyət qazanırlar. “Allahın bu dünyaya göndərdiyi şairləri insanlar arasında “Tanrı casusu” sayanlar”a haqq qazandıran Ramiz Rövşən özü də Hadi kimi o “casus”lardandır. Belələrini yerdəkilər anlamasa da,  “Tanrı çox gözəl başa düşür”. Onlar saf söz atmosferi yaradan ağac - insanlardır, xilaskarlardır. Sözün pərvanələrinin  bəşər yaranandan havaya, işığa aclığı var. Nə yaxşı ki, Tanri xalqımıza işıq mənbəyi olan “casus”larını (mən “elçi” deyərdim) Yerə göndərməkdə xəsislik etməyib. Tanrıya yaxın olan Nəsimi, Füzuli, Sabir, Cavid, Üzeyir bəy Hacıbəyli, Həsən bəy Zərdabi, Mirzə Cəlil, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Azad Mirzəcanzadə Yeri nizama salmaq üçün göndərilən xoşməramlı “elçi”lər idi. Yeri təmiz saxlamağı, haqqa, ədalətə, mənəviyyata nəzarəti Tanri onlara tapşırmışdı, işlərini də vicdanla yerinə yetirmişlər. Bu gün bizim aramızda belə şərəfli missiyanı daşıyan, Vətəni, milləti şərəfləndirən, onlarla bir Vətənin vətəndaşı olmaqdan qürur duyduğumuz Rafiq Əliyev, Ramiz Rövşən, Məmməd İsmayıl, Musa Yaqub da estafeti o dahilərdən qəbul etmiş “elçi”lərdir. Bu Ramiz Rövşənin qənaətidir: “İnsan ömrü ana bətnindən yerin bətninəcəndi”. İşığa hamilə insanlar Yerin bətninə düşən toxumlardır. Yenidən qayıdıb sözüylə, əməliylə İnsanlıq meyarına çevrilib yaşayırlar. Füzulini “bu dünyanın yiyəsiz qəminə yiyə durmağa, öz xoşuna “qəmin hərifi” olmağa gələn, Müşfiqi isə “Tanrının qapısına bir gözəl üzlə gedən” kimi tanıyan və tanıdan Ramiz Rövşəni biz necə tanıyırıq? İnsanı ən yaxşı kim tanıyar? Qardaşı, dostu, doğması, ruh ortağı, yol yoldaşı, söz vurğunları. Ramiz müəllimi “palıd invariantlığı (heç kimdən asılı olmamaq, sınmamaq, qürurlu, əqidəli, dəyanətli olmaq), kosmik təfəkkürü, ilahi məntiqi, qəlbində sevgi, duyğular çələngi olan böyük insan, əziz dost” kimi dəyərləndirən, metafizik düşüncə daşıyıcısı olan böyük Hüseyn Caviddən sonra Azərbaycan ədəbiyyatında qırılmış metafizik poeziyanın bərpasında danılmaz xidmətini vuğulayan dünya şöhrətli professor, şairin əqidə və ruh qardaşı Rafiq Əliyevin səmimiliyinə tam inanıram. Ona görə inanıram ki, Rafiq müəllimin də, Ramiz müəllimin də həyatı, məsləki, düşüncəsi, Vətən və millət sevgisi invariantlığın bariz nümunəsidir. Tarix elmləri doktoru Nəsiman Yaqublu: “Ramiz Rövşənin şeirlərini oxuyanda  bu fikrin elə ona da aid olduğu qənaətinə gəlirəm. O, öz şeirləri ilə oxucunu yaşadığı həyatdan fərqlənən bir dünya ilə üz-üzə qoyur, maraqlandırır, həyata, sevgiyə, vərdiş etdiyi qaydalara baxışlarını dəyişdirir”. Şeir nədir? Hər kəsin öz zövqü ilə cavablandıracağı suala Ramiz Rövşənin yanaşması möhtəşəmdir: “Şeir görünməzliklərin görünən üzüdür”. Bunu görmək üçün  insanda bəsirət gözü olmalıdır. “Həqiqəti it şəklində, yalanı ceyran şəklində” (Əli Kərim) görənlər anlaya bilməzlər ki, həqiqəti deyənlər heç vaxt utanmırlar. Amma həqiqəti söyləyənlər, eləcə də həqiqətin özü mənəvi dəyərlərdən uzaq olanların nifrət mənbəyi olub. Həqiqəti söyləməyin bədəli həyatı itirmək olsa belə əqidə sahibləri bundan qorxmayıblar. Nəsiminin dərisini “Ənəl-həqq” soydu, Füzulinin salamını rüşvət deyildir deyə alan olmadı, yatmışları qəflət yuxusundan oyatmaq istəyən Sabiri ac saxlayıb vərəmlətdilər. “Yox millətimin xətti imzalar içində” nigaranlığı Hadini, “Oxu, tar, oxu, tar, səni kim unudar!” hayqırtısı  Müşfiqi məzarsız qoydu. Mirzə Cəlil balalarını soyuqdan xilas etmək üçün əlyazmalarını sobaya atmağa məcbur edildi. “Yetər, çıldırdınız, - hökumət,  - deyə, evləri yıxdınız ədalət! - deyə” qüruruyla “qarğa-quzğun kimi leşə qonanlara” meydan oxuyan Cavid əfəndini Sibirin quduz şaxtasında dondurdular. “Tərəflər kim idi, hər ikisi yad, yadlarmı edəcək bu xalqa imdad?” üsyanına görə Bəxtiyar Vahabzadənin, “Qaldıq oyun arasında, yaman çətin imiş hiylə döyüşü, sarayın badalaq oyunu kimi” söyləyən Musa Yaqubun, “güldən, bülbüldən yaza bilməyən” Məmməd İsmayılın, “milyonçular ölkəsi, dilənçilər Vətəni”nin halına dözməyən, “özünə yeni Vətən düzəltmək” istəyən Ramiz Rövşənin heç olmasa “gözünü öpən” oldumu?  Olmadı. Anlamadılar ki, yalan bataqlığın ortasında bitən al-əlvan rəngli tənha və zəhərli çiçəkdir, özünə cəlb edir, sonda ona yaxınlaşanı məhv edir, həqiqət isə büllur dağ çeşməsidir, ağzına daş bassalar da özünə yeni göz açıb çağlayacaqdır. Rəğbətim olmayan, 37-si, Sibiri, Kulak arxipelaqı, qurultay və plenumları ilə xatırlanan Sovet dönəmində ədəbiyyata, qələminin nüfuzunu qoruyanlara, sənətə daha çox önəm verilirdi, nəinki bu gün. Yəqin ki, şou-biznes adlı biabırçılıqlar, ekrana söyüş püskürənlər olmadığından. O vaxt poeziya gecələri, söz adamları ilə görüşlər keçirilərdi. Bir çox şairlər kimi, Ramiz Rövşən də özünəməxsus geyimdə və intonasiyada - sözün şəhdini tamaşaçıların qəlbinə içirə-içirə şeirlərini söyləyərdi (lap elə indiki kimi).  “Ay işığı”, “Köhnə məktublar”, “Qara paltarlı qadın”, “Başı kəsik gözəl kötük”,  “Astar üzünə” yaddaşımda o vaxtlardan qalıb. Xüsusilə “İlan balası”. “Döşünün altında sevən bir ürək, dişinin altında zəhər tuluğu” gəzdirən  ilan balası özündən, xislətindən ayrıla bilmir, necə deyərlər, bir üzü var, bəzi şüurlu varlıqlardan fərqli olaraq: Bəlkə də, ən acı həqiqət elə Sənsən yer üzündə, ilan balası. Sənsən haqqın yolu bu yer üzündə, Tanrı özü seçib bu yolu bəlkə. Yüz cür sifətiylə, yüz cür üzüylə Dünya səndən keçib durulur bəlkə... Ramiz Rövşənin yazdıqları söz inciləridir, mənim zövqümə görə ən qiymətlilərindən biri “Astar üzünə”dir. Düzdür, bu şeirdə şair dostlarını çağdaş terminlə desək, “test”dən keçirir. Əslində şair bilir ki, buna ehtiyac yoxdur. O, dostlarından tam arxayındır. Sözü zərgər dəqiqliyi ilə seçənlər dostlar seçimində də  yanıla bilməzlər. “Ömrünü - gecəsini gündüzünə, gündüzünü gecəsinə, şalvarını, pencəyini astar üzünə çevirib gülə-gülə dostlar içinə çıxan, ömründən savayı hər şeyi təzə şair Gözlərimi çevirdim astar üzünə, Ürəyimi gördüm, içimi gördüm misraları ilə “gözlər qəlbin aynasıdır” deyimini poetik dillə təsdiqləyir. Gecənin, gündüzün, sevincin, kədərin hər üzünü görən Ramiz müəllim sonda ən qiymətli tapıntıya sevinir: Dostları çevirdim astar üzünə, Nə yaxşı ki, düşmən çıxan olmadı... Ramiz Rövşənin gənclik çağında yazdığı şeirlərinin sonunda tarixi qeyd etməsi alqışlanmalıdır. 23 yaşında qələmə aldığı “Kentavr”dakı fikir yeniliyinə görə müəllifin zəkasına, təxəyyülünə heyran qalırsan. Şeirin yazılmasından 51 il keçsə də “adamlar içində - at, atlar içində - adam”lar azalmayıb, təəssüf ki, artıb. Şairin sözlərinin altqatında gizlənənləri tapıb anlamaq kentavrların - atbaşlıların beyninin işi deyil. Atbaşlıları - “yarı insan, yarı at şikəstliyi” xəstəliyinin daşıyıcılarını “nə at sevə bilər, nə də bir qız əzizləyər”: Elə siz də uzaqdan məni sevdiniz, xanım, Sevgimiz bəri başdan daşa toxunub, daşa. İkimiz - bir yataqda qoşa yata bilmərik, İkimiz - br çəməndə otlamarıq baş-başa. ... Bir qamçı tapın, xanım, atlarla insanların dünyasından çapıb gedim özümü... Ramiz Rövşən Aristotelin “Dialektika”sını yarıb keçərək göylərdən də o tərəflərin axtarışındadır. O, təbiətdən, göylərdən, Allahdan yuxarıda kim var sualına cavab tapmağa çalışır, hətta qəbirdən aşağıda da: Nə var Allahdan yuxarı? Nə var qəbirdən aşağı? Çəkdiyin ahdan yuxarı? Bildiyin sirdən aşağı. Demə biz ki, quş deyilik, Allaha tanış deyilik... Ruhum, dur yığış gedirik, Sən yuxarı, mən aşağı. Professor Rafiq Əliyev Ramiz Rövşənə “metafizik təfəkkürlü şair” “titul”u verir, həm də şairin poetik məntiqi qeyri-səlis məntiqlə ilahi məntiq arasındadır” qənaətinə gəlir, onun Sən demə, çaşmışam, yolu azmışam, Dünyaya gəlməyim yalanmış mənim. Sən demə, dünyada anasızmışam, Sən demə, bu ölüm anammış mənim - misralarını “qeyri-səlis məntiqə sığmayan, ondan yuxarıda dayanan fikirlər” kimi dəyərləndirir. Ramiz Rövşən sözün işığını yaradan, onu qoruyub bizə çatdıran Prometeylərdəndir. Şeirin, söz sənətinin mənəvi sərvət kimi yox, xammal kimi istifadə edildiyi, sözbazlıq sözdən baha satıldığı dövrdə sözün zəncirlənmiş Prometeyi olub Prometey işi görmək - həqiqi sözün alovunu, odunu, közünü, işığını qorumaq çətin işdir. Hər dövrdə bu müqəddəs missiya 3-5 bəşər övladının boyuna biçilir və həmin cəfakeşlər bu vəzifənin öhdəsindən qanı, canı bahasına da olsa gəlirlər. Ona görə də Ramiz müəllimin poeziyada fəlsəfi təfəkkür nəhənglərindən biri - Nazim Hikmət barədə dedikləri maraqlıdır. Şair müsahibələrinin birində çox sevdiyi Nazim Hikmətlə özünün fərqindən danışır. O fərq bundadır ki, solçu düşüncəli Nazim Hikmət qaranlıqları aydınlığa çıxartmağa can atır, xilası bunda görürsə, metafizik dünyagörüşlü Ramiz Rövşən qaranlıqdan aydınlığı görməyə can atır. Çünki, aydınlıq, əslində, qaranlığın görünməzliyinin görünən tərəfidir. Qaranlıq bitən yerdə işıq və aydınlıq başlayır. Bu fikirdə böyük, danılmaz məntiqlə yanaşı səmimilik var. Səmimilik və məntiq qarşısında boynumuz qıldan nazikdir. Ramiz Rövşənin təfəkkür süzgəcindən keçən fikirlərin daha dərin qatlarına varmaq, əlbəttə, hamıya nəsib olmur. Unutmayaq ki “yaş ötdükcə qoca dünya çəkir bizi aydınlığa”. Şair bizi “içinin qaranlığından çıxan sözün aydınlığında” durulmağa çağırır: Çatdı ömrümün gündüzü, Deyəsən gün vurdu sizi, Qaranlığın yordu sizi, İndi dözün aydınlığa!.. Şairin dörd misrasının fəlsəfəsini, fikir yükünü kitablarda tapmaq çətindir, çünki onun müəllimi həyatdır, “bir qara pul kimi bizi daxılına atan dünya”dır: Gözüm yuxu yata bilməz, Ana bilməz, ata bilməz. Qızıl olsa çata bilməz, Tapdığım itirdiyimə.... *** Bu ömrü bizə kim biçdi? Fələyin felinə düşdük, Bir dərzi əlinə düşdük, Qayçısı var, iynəsi yox. *** Bir dəfə də gəlmişəmmi? Gəlmişəmmi, görmüşəmmi? Yaşamışam, ölmüşəmmi – Dünya mənə tanış gəlir. “Dünyadan qalib gedəcəm”. Bu Ramiz Rövşənin inamıdır. Onun özünəhesabatını, “özündən narazılığını” (B.Vahabzadə) söhbətləri, müsahibələri sübut edir. Şairin qənaətinə görə, onun ən pis və ən yaxşı bir xasiyyəti var, tənbəllik. Tənbəlliyinin pisliyi odur ki, onu yaxşı işlərdən saxlayıb, yaxşılığı odur ki, onu pis işlərdən saxlayıb. Şairin poeziyası, təxəyyülü kimi tənbəlliyi də özünəməxsusdur. Tənbəlliyin yaxşı cəhətini heç fikirləşməmişdim. Maraqlı və düşündürücü yanaşmadır. O, sözlərində işıq yaşadan Söz adamıdır, onun söz planetinin işıq düşməyən tərəfi yoxdur. Şair, təvəzökardır, etiraf edir ki, son yetmiş ilin ən gözəl sevgi şeirləri Mikayıl Müşfiqin “Yenə o bağ olaydı”sıyla Əli Kərimin “Qayıt”ıdır”. Lakin onun öz sevgi şeirləri də gözəl və bənzərsizdir. Çox vaxt “nəğmə” adlandırdığı, hava kimi şəffaf və ələgəlməz olan bu şeirlərdə hətta şairin həsrəti də işıqlıdır: Mənim üzüm gülən deyil, Təki sənin üzün gülsün. Məni görsə “əmi” deyib Oğlun gülsün, qızın gülsün. Mən ki sənə yaraşmadım, Söz demədim, dalaşmadım, Ulduzumuz barışmadı, Qoy yenə ulduzun gülsün. Yüz il qocalma, qarıma, Bir səhər çıxıb yoluma Duz səpsən köhnə yarama, Yaram gülsün, duzun gülsün... Sosializm ideologiyası əksər söz adamlarını çərçivədə böyütmüşdü. Ömrünün yarım əsrdən çoxunu o rejimdə yaşayan Ramiz Rövşən kimilər əslində “kövnü məkana sığmaz”lardır, yasaqları tapdalayıb keçməyi bacarırdılar, yasaqlar onları daha da mətinləşdirirdi. Professor Rafiq Əliyevə istinad etsək, əslində yasaqlar belələri üçün katalizatordu. Yazarların beynində bir ehkam məskunlaşmışdı - eşşəkdən, qoyundan, qurddan yazsaq nüfuzumuza, poeziyanın gözəlliyinə xələl gələr. Şairin özünün bir müsahibəsində dediyi kimi, o vaxtlar əsasən qartaldan şeir yazmaq dəbdə idi. Ramiz Rövşən isə həmin dövrlərdə “gözü yaşlı yorğun eşşəyin”, qoyunun halını yaza-yaza oxucularına ismarışlar ötürürdü: Gözüyaşlı yorğun eşşək, Kirimişcə yükünü çək, Bu yol da gec-tez bitəcək, Yorulmaq sənə qalacaq. Sən belə fağır olanda, Yükün lap ağır olanda, Kürəyin yağır olanda, Ümid palana qalacaq. Bu palan zalımdı, zalım!.. Səni hər gün zora salıb, Axır bir gün yola salıb, Səndən balana qalacaq... Yaxud “qoyunundan qəssabı çox olan, kötüklər qaralan, bıçaqlar can alan, çobanlar qurd olan yerdə” İt olub hürmədik Aya, Yıxdı bizi abır-həya, Qoyun olmaya-olmaya Qoyun olmaq çətin şeymiş... “Mifik dünya ilə, real dünyanın sərhədlərini darmadağın edən, ədəbiyyatın əbədi mövzularına yeni yön aşılamağa müvəffəq olan” (Elnarə Akimova) Ramiz Rövşən “sözün başında fırlanır, birbaşa sözün içinə enir, şeiri göy üzünə yazır”, poeziyanın ənənəvi mövzusu sevgidən, sevdiyimiz, sevmədiyimiz qadınlardan, dilənçi qarıdan yazanda da yanaşma tərzi, fikir orijinallığı ilə seçilir. V.Q. Belinski yazırdı ki, şair olmaq üçün müasir həyatın məsələlərini dərindən duymaq, onlara güclü ürək yanğısı ilə yanaşmağı bacarmaq lazımdır. “Şairi heykəltək xoşlayan”ların zəmanəsində “başından var-dövlət yağan ölkənin bəxtəvər günündə dilənən  qarının yanında duranın” duyğusu, ürək yanğısı daşürəkləri də yumşalda bilər: Heç kəs sığal çəkməz dümağ saçına, Q gümüş telindən öpürəm sənin. Qorxma, pul qoymuram sənin ovcuna, Əyilib əlindən öpürəm sənin... Onun sevgisi əlçatmazdır, toxunulmazdır, safdır, ilahidir. Ramiz müəllimin qadına, anaya, bacıya, qıza münasibəti, qiyməti çox müdrikdir, hər biri aforizmdir: “Kişi qadını elə qorumalıdır ki, ona heç vaxt toz qonmasın. Qadınların yeri cəhənnəmdirsə, kişilər baş əyəcək o cəhənnəmə. Qadın kişinin baş tacıdır. Yevtuşenko bir şeirində deyirdi ki, biz qadını kişi ilə bərabər səviyyəyəcən alçaltmışıq və s. Hətta sevmədiyi qadınları  da şair ilahiləşdirir: Əllərimi tellərinə vurmadım, Həsrət çəkib ürəyimi yormadım. Boyun büküb yollarında durmadım Sevmədiyim qadınların. İyirmi yaşın astanasındakı romantik duyğular da təbiidir:   Mən sevdim qızları - küsdü ulduzlar... Ulduzlar qızların gözüdür, dedim. Mən dedim göylərdən ucadı qızlar!... Gözlər ürəklərə güzgüdür, dedim. Yaxud Dünya ümidimi qıranda belə, Məni əldən salıb yoranda belə, Lap cəllad boynumu vuranda belə Bir qızın dizinə qoyam başımı... Nizamidən, Füzulidən üzü bəri söz haqqında şeirlər toplansaydı cild-cild nəhənğ kitablar yaranardı. “ Neçə şair öldü-getdi o sözdən bu sözə kimi”. Söz, sahibinin başını uca da edə bilər, aşağı da. Ramiz Rövşən də “Şeirin, sözün axırına yetişib, axır tikəsindən yapışa bilən” başı uca bəxtəvərlərdəndir. Bu “axır tikə” dadlıdır, şirindir, lap həyatın özü kimi. Bu mənəvi “tikə”yə sözə hamilə həyatı xərcləməyə dəyər. Söz vaxtına çəkər. Gəlin, bir söz nəğməsi dinləyək:. Ürəkdən gəlməyən sözün Bir ucu ürəkdə qalır. Bir çöp kimi, tikan kimi Orda çürüməkdə qalır. Sən torpağa bürünəndə, Yaxşı-pisin ələnəndə, Min-min sözün ələnəndə Tək o söz ələkdə qalır... Ramiz Rövşən poeziyası çağdaş ədəbiyyatda yeni səhifədir. O, klassik gəraylı janrına yeni nəfəs verən, yeni məna, yeni məzmun gətirən, populyarlaşdıran, sevdirən şairdir. Tərlan Növrəsli “ədəbiyyatda Ramiz Rövşən üslubu var” deyəndə nə qədər haqlıdır? Bəlkə müxtəlif üslublar belə yaranır?  Elmin Nurinin fikri lap orijinaldır: “O, Azərbaycan şeirinin bu gün ən Ramiz Rövşənidir”. Deməli, Ramiz Rövşən bu günün poeziya etalonudur. Doğrudan da onun “Nəğmələr”i yeni üslubdur, lirik və qəmli  təranələrdir, zamanın, mühitin yaddaqalan poetik mənzərələridir: Bir səhər görsəm ölümü, Əlimdən salsam qələmi, Yarpaq kimi qoyun məni Varaqların arasına. *** Kor oldu qaldı yurdumuz, Qaldı quzumuz, qurdumuz, Dağılanda buludumuz Qurd gördük, quzu görmədik. *** Bir adayam, qərib ada, Doğmalarım döndü yada. Daha mənə bu dünyada Nə qaldı ölümdən əziz?! (M.Hadinin xatirəsinə) Şair kövrəkdir, həssasdır, “üzünü kəpənək qanadlarına qoyub ağlaya bilir, bir ucu qəlbinə dəyən kəpənək qanadlarının incə toxunuşunu hiss edir,  mərhəmətlidir, “qara-qara qarışqaların kəpənəyi qanad-qanad qoparmağına, daşıyıb aparmağına” dözə bilmir: Ayrıldı gün işığından, Sıyrıldı göy qurşağından, Qulağım batdı, tutuldu Güllərin qışqırığından, Kəpənəyi neylədiniz?! Müharibə mövzusunda qalaq-qalaq şeirlər, poemalar yazılıb, yazılacaq. Ramiz Rövşənin “Tənha qarılar”ı bir hərb salnaməsidir. “Yol gözləməkdən yorulan qadınların kirpikləri uzanır, günahkar yollar inadkar gözlərə dözə bilməyib asfalt altda gizlənirlər”, oğullar gəlmir ki, gəlmir: ... Sönür komaların işığı tək-tək, Kimsə yatanları oyatmayacaq. Analar ölürsə - oğullar demək Daha qayıtmadı, qayıtmayacaq. Ölür kəndimizdə tənha qarılar... Dava illərinin qadınlarının hiss və həyəcanlarını təsvir edən silsilə şeirlərindəki səhnələr oxucunu o illərə aparır. “Səhnə” sözünü təsadüfən yazmadım. “Yorğunluq” şeirinin motivləri əsasında bu günümüzlə uzlaşan yaddaqalan pontomim tamaşa hazırlana bilər. Professor  Rafiq Əliyev ruh qardaşını zirvədə görür: “Ramiz Rövşən zirvəsi çox sıldırımlıdır, Allaha yaxın olduğu üçün, Mövlanə kimi, insana yaxın olduğu üçün, Dostoyevski kimi...” “Əbədi qalan təzə sözün tozunu alanlar”, “uzaqları işıqlandırıb dibini görə bilməyən şam”a bənzərlər”, “lap yaranışdan yıxılanlar”ın içində büdrəməyənlər, “üzü dönük qardaşlarını mələklərlə evləndirənlər”, “Tanrının əlindən” düşsələr də heç vaxt sınmayanlar, “özü boyda göz yaşına dönən Ziba və Bənövşə nənələrin” “oğul!” harayına tələsib, Vətənə və oğul gözləyə-gözləyə yolları göz yaşları ilə suvaran nənələrə oğul olanlar, “dünya  şairə, sözə yiyə durmasa” da, sözünə yiyə duranlar, “bağrının içi tapdaq-tapdaq olub, içində salamat yer” qalmayanlar, dəli Əlişin, bağban Həsənin, Fatmanın oğlu İsmayılın dərdini sözlə ovunduranlar, Səttar Bəhlulzadənin “külqabıda tüstülənən barmaqları”nın sehrindən heyrətlənənlər, “gəzməyə qərib ölkə, ölməyə Vətən yaxşı qarğışına, ölməyə yox, yaşamağa Vətən ver!” qiyamı qaldırıb, taleyin alnımıza yazdığına asi çıxanlar, “ağızdan düşən diş kimi yeri görünən” atalara oğul, “ancaq yuxuda saçına bir məhrəm əl dəyən, dostu, arxası, darıxanı, ölümdən əzizi qalmayan” nakam Hadiyə nəvə ağısı deyənlər Allahın oğludur, onlara “atılan daşlardan Tanrı saray tikər”,  Tanrı seçilmişlərinin başına əlini çəkib o saraya aparar, Azadlıq sarayına... Ramiz Rövşənin yeri doğrudan da çox ucadadır. “Göy üzü quşlarla şairlərindi”... Bunu  ilahi poeziya öyrətdi mənə... aprel 2020