…Nə qədər qayadan, daşdan da yazsam Dincəlmək istədim yarı saralmış, Yarı nəfəsimdən yanıb qaralmış, Yarı ağ, səpəli varaqlar üstə. Məmməd Araz Arzularını, ümidlərini qələmə bağlayan hər bir kəsin yazı masası onun üçün kainatın ən gözəl məkanıdır. Yazan adam öz dünyasını yazı masasının üstündə qurur. Oxucuları ilə burda ünsiyyət yaradır, insanların dərdinə burda ağlayır. Məktəb illərimdə atam mənimçün yazı masası düzəltmişdi. Onu çox əzizləyirdim. Atamın əl işi olması ilə bərabər həm də yazılarımın doğulduğu yer olduğundan buranı evimizin ən rahat guşəsi sanırdım. Saatlarla oturub yazar, bəzən də başımı üstünə qoyub çimir də edərdim. O zamanlar gecə səhərədək kitab oxuyurdum. Vaxtımın bolluğu, qayğımın olmaması, yeniyetməlik enerjisinin aşıb-daşması sayəsində günlərim xoş keçirdi. Balaca, dördbucaq ağac dünyama İstədim fikrimi heşan eləyəm Bu ağac dünyama, bu tac dünyama Sinəmi söykəyib tufan eləyəm. Otağın pəncərəsinin yamyaşıl ağacların mühasirəyə aldığı bağa açılması romantik hisslərimi gücləndirirdi. Bağını ağaclarla çəpərləyən qonşu özü bilmədən mənə mənəvi baxımdan kömək etmişdi. (bağ sahibinin bunu bilsə insafsızcasına o ağacları məhv etməyə qadir olan ürəyi vardı) Buraya “Hindistan bağları” adı vermişdim. Kinoda bu bağa bənzəyən bir yer görmüşdüm ondan ağlımda qalmışdı. 2000-ci ilə qədər – Bakıya köçənədək bu otaqda, yazıb-yaratdım. Sonralar zarafatla evdəkilərə deyirdim ki, “Buranı mənim ev-muzeyim edərsiniz”. Qəlbimin dərinliyində buna istək vardı. Bakıya köçəndən sonra bir müddət şəraitsizlik üzündən ayrıca yazı otağım olmasa da yazmağım üçün sakitliyə riayət edirdilər. Aradan xeyli illər ötüb, ünvanım dəyişib. Amma ayrıca yazı masam yoxdur, otaqları uşaqların arasında bölmüşük. Hansı otaq olanda yazıram. Bəzən zalı “zəbt edirəm”. Masanın üstünə o qədər dəftər-kitab qoyuram ki, Aqşin Yeniseyin şeirini təhrif edərək “Bilirsən pinti olur yazarların otağı” deyə zarafatyana status da paylaşmışam. Bu gün də Gədəbəydəki ata evimdə hər şey əvvəlki qaydadadır, anam yazdığım otaqda heç nəyi dəyişməyib. Deyəsən, ev-muzeyi məsələsi ağlına batıb. Həmin otaqda əvvəlki ruhla yazmaq üçün hərdən elə qəribsəyirəm ki. Ovunmaq üçünsə Rəsul Rzanın “Yazı masam” şeirindən başqa sığınacağım bir nəsnə yoxdur. Səndə axtarıram, saatlarla vurnuxub, tapa bilmədiklərimi; gözləri yumulu səhrayi kimi. Mənim əziz masam, Heç kəsə demə! Təzə masa da bilməsin. Altındakı sınıq kasa da bilməsin. Mənim köhnə masam! Hər dəfə səndən ayrıla bilmirəm, Üz-gözünü əllərimlə sığallamasam! Şairlər ona görə böyük insanlar hesab edilir ki, onların qəlbində minlərlə adamın duyğusu yaşayır. Qələmin qüdrəti də ondadır ki, bu duyğuları naxışa çevirib ruhumuzu bəzəyir. Məhz buna görə şeir dililə danışmağı (yazmağı) sevirəm. Tofiq Bayramın hisslərinə şərik çıxdığım kimi: Dəyişmərəm masamı Yüz hakimlik taxtına… Mənim “ağac dünyam”, “köhnə masam!” Sənə nə böyüklükdə dünya sığınmış!
© 2020 - Created by İLK XEBER.