Tarixə qovuşan bayramlar  və ya zaman yaman şeydir...

Yaşlı və orta nəsil  bu günü -19 may tarixini yaxşı xatırlayar.Mayın 19-u keçmiş Sovetlər İttifaqında pionerlərin bayramı kimi   möhtəşəm  qeyd olunardı. Bayram  uşaqların  olsa da, Mərkəzi Komitənin Baş Katibi, respublikalarda birinci katiblər, bütün rəsmilər pionerlərin    bayramına  qatılar, onların  bayram sevincinə şərik olardılar. Belə bayramlar məktəblilərdə özünə inam, sabaha ümid, dərslərə həvəs yaradardı. Çünki ancaq yaxşı oxuyanların adları bayramda iştirak edənlərin  siyahısına düşərdi. 19 mayı mən də hər il həvəslə gözləyərdim.Kənd məktəbində oxuduğumdan şəhərə getmək, yüzlərlə yaşıdımı görmək, bayram ovqatını yaşamaq imkanı qazanardım o gün. Valideynlərin bizə verdiyi, özümüzün də qənaət etdiyimiz  puldan  dondurma, şirniyyatlar alıb uşaq dünyamızın  dadını  çıxarardıq. Bu gün təqvimdə 19 may tarixini görəndə həmin illərin işıqlı xatirələri  bir daha yaddaşımda  canlandı. Xəyalən də olsa qayıtdım o illərə, uşaqlıq dünyamın o əziz, unudulmaz günlərinə... Amma övladlarıma, nəvələrimə o günlərin şirinli xatirələrini çatdıra bilmədim. 19 mayın bayram ovqatının təsvirində  sözlər aciz oldu. Çünki, bu dövrün uşaqları  üçün o gün-19 may pionerlər bayramı mövcud deyil. Çünki onlar nə oktyabrat, nə də pioner sıralarına daxil olmağın həyəcan və sevincini yaşamayıblar, bizim nəsil kimi 19 may  bayram səhərini dirigözlü açmayıblar, sübh tezdən may güllərindən dəstə bağlamayıblar.  Ağ köynək, qırmızı qalstuk məhfumu onlar üçün yaddır. Həmin günlərlə bağlı danışdığım xatirələr də o dövrü canlı yaşamamış gəncliyə yaddır. Budur zamanın acı  həqiqəti- sözlərlə, xatirələrlə keçmişi  həmin keçmişlə bağlı olmayanlara, o həyatı yaşamayanlara  xatırlatmaq, yaşatmaq mükünsüzdür! ...Dünən-18 mayda  Laçını işğal tarixinin 28 ili tamam oldu. 8 may tarixində də Qarabağın paytaxtı Şuşanı itirməyimizin “qara bayram”ını  qeyd elədik. Xankəndi, Xocalı, Xocavənd, Kəlbəcər, Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan –erməni tapdağında olan bu rayonlarımızın işğal  tarixi hər il artır. Elə  o torpaqdan  qovulan  ailələrin, o ailələrdə doğulan uşaqların sayı da. Amma o uşaqlar üçün o torpaqlar valideynləri qədər əziz ola bilməz. Çünki o yerlərdə gəzib suyunu içməyiblər, havasını ciyərlərinə çəkməyiblər, dağ daşını qarış qarış dolanmayıblar, evcik-evcik, qaçdı-tutdu, bənövşə, bəndə düşə oynamayıblar. Bakıda hündürmərtəbəli binalardada dünyaya göz açan uşaqlar üçün o yerlərlə bağlı heç bir müqəddəs  yaşam, o yaşamın oyatdığı  xatirə yoxdur. İndi onlar dağ, rayon yox, paytaxt uşaqlarıdır.  Qarabağın işğal tarixi böyüdükcə ,insanların arzu dünyası da mahiyyətcə dəyişir.Hərdən mənə elə gəlir ki, köçkün  vətəndaşlarımızı qoyub gəldikləri torpaqlardan daha çox ,əlavə ev almaq, müavinət , imtiyazlar  düşündürür.Əlbətdə ki, bu hamısına aid deyil. Müəyyən ziyalı, vətənpərvər  insanlar var ki, onlar üçün doğma ocaqlarına dönmək ən böyük arzu olaraq qalmaqdadır. Bilirsiniz, niyə bunları xatırladım? Zaman  heç nəyə acımır. Qarağağ dərdini köhnəltmək onu unutmağa bərabərdir.Necə ki, müstəqillik dövrünün uşaqlarına 19 may bayram deyil, bu gün paytaxtda doğulanlar da artqı qarabağlı deyil, bakılı, şəkili, lənkəranlıdır.İnanmırsınız , doğum şəhadətnamələrinə baxın...Acı da olsa bu, belədir...