Almaniya və Fransa Avropa İttifaqı iqtisadiyyatının bərpasına dair 500 milyard avro həcmində fond yaratmağı təklif ediblər
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel Fransa prezidenti Emmanuel Makronla apardığı danışıqlardan sonra keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, rəsmi Berlin və Paris Avropanın digər ölkələri ilə birlikdə işləmək istəyirlər.
“Biz bu mövzuda birik. Bu, Avropa Birliyinin tarixində ən ağır böhrandır. Belə bir böhran müvafiq cavab tələb edir. İqtisadiyyatı tez bir zamanda bərpa etmək vacibdir. Bununla əlaqədar olaraq, məhdud vaxt ərzində ən çox təsirlənən sektorlar və bölgələrə iqtisadi yardım üçün 500 milyard avro həcmində fond yaratmaq istəyirik.
Vəsait Aİ-nin çoxillik maliyyə planının bir hissəsi olaraq böhrandan təsirlənən ölkələrə kömək üçün ayrılacaq. Dövlətlərin ümumi Avropa büdcəsinə əlavə vəsait köçürmək məcburiyyətində qalması təcrübədə olub”-deyə, kansler bildirib.
Qeyd edək ki, cari ilin aprelin 9-da Avropa Qrupunun sədri Mariu Sentenu bəyan etmişdi ki, Avropa Qrupu (avrozonanın Maliyyə Nazirləri Şurası) videokonfransın gedişində pandemiyadan sonra Avropa İttifaqı iqtisadiyyatının bərpasına dair 500 milyard avro həcmində planın hazırlanması barədə razılığa gələ bilməyib.
Lakin, bu bəyanatdan bir gün sonra Fransanın İqtisadiyyat naziri Bryuno Le Mer bildirib ki, Avroqrup koronavirusla bağlı yaranmış iqtisadi vəziyyətə cavab olaraq 500 milyard avro dəyərində böhran əleyhinə paketi razılaşdırıblar.